Abbasqulu Nəcəfzadə – bu ad-soyadı professional musiqiçilərə və sənətşünaslara təqdim etməyə ehtiyac yoxdur – əminliklə demək olar: onu peşəkar incəsənət ictimaiyyəti yaxşı tanıyır. Eyni zamanda ona böyük ehtiram və etibarla yanaşır. Onun şəxsinə, yaradıcılığına, o cümlədən elmi-akademik araşdırmalarına maraq böyükdür.
Allah ondan heç nəyi əsirgəməyib: fərqli musiqi alətlərində eyni yüksək peşəkarlıqla ifa qabiliyyətinə malikdir. O, həm də sənətşünas alimdir: müxtəlif mövzularda elmi məqalələri, araşdırmaları sənət tariximizi zənginləşdirib. O, Milli Konservatoriyanın professorudur: bilik və bacarığını peşəkar musiqiçilərin yetişdirilməsində əsirgəmir. O, həm də ictimai fəal Azərbaycan vətəndaşıdır. Hər vəchlə maarifçiliyə və ictimai şüurun yüksəldilməsinə çalışır, milli-mənəvi dəyərlərin qorunmasına, gənclərə aşılanmasına xüsusi önəm verir.
Abbasqulu Nəcəfzadə şablon və stereotiplərdən uzaqdır. Məhz bu xüsusiyyəti fəaliyyətində və yaradıcılığında İLKLƏRin ərsəyə gəlməsində rol oynayıb. İLKLƏR isə yetərincə çoxdur. Hər biri ətrafında söz açmaq, mahiyyət və dəyərindən geniş bəhs etmək də olar.
Məhz Abbasqulu Nəcəfzadə İLK DƏFƏ:
- Üzeyir Hacıbəylinin soyadının milli sonluqla bərpa olunması məsələsini qaldırıb və buna nail olub;
- 1983-cü ildə təhsil nazirinə tələbələrin adından müraciət edərək növbəti tədris ilində Azərbaycan Dövlət Konservatoriyasında muğamların tədrisinə nail olub;
- Əbdülqadir Marağalının həyatı haqqındakı (əvvəllər fars, türk, rus dillərində filoloji tərcümələr olunmuş) 80 beytlik şeirini Rəfail Oğuztürkün poetik tərcüməsində mətbuata təqdim edib;
- Günümüzədək zərb muğam kimi təqdim olunan “Arazbarı”nın zərbli muğam deyil, əslində klassik təsnif olduğunu elmi əsaslarla sübuta yetirib;
- “Bayatı-kürd” və “Şahnaz” dəstgahlarının müasir tamamlanmalarının Üzeyir Hacıbəylinin məqam konsepsiyasına zidd olduğunu diqqətə çatdırıb və problemin həlli yollarını göstərib;
- İlk folklor ansamblı “Dastan”ın musiqi rəhbəri (bədii rəhbər Xalq artisti Baba Mahmudoğlu), eləcə də ilk “Meyxana” folklor ansamblının yaradıcısı olub;
- Meyxana janrının ilk dəfə AzTV-də efirə verilməsinin təşəbbüskarı, Nizami Rəmzi başda olmaqla “Meyxana” folklor ansamblının ilk dəfə Respublika Sarayında və Azərbaycan Dövlət Filarmoniyasında anşlaqla konsertlərinin keçirilməsinə nail olub;
- Burmalı boru (gavdum) alətinin və Əbdülqadir Marağalının əlvah alətini ilkin formasında, eləcə də unudulmuş bir neçə çalğı alətini (çaqanaq, ərğənun, qolça qopuz, yaylı qopuz, kos, şahrud və s.) bərpa edib;
- Nizami Gəncəvinin əsərlərində adını çəkdiyi 63 musiqi alətini tədqiq və onların bir neçəsini bərpa edib;
- Süleyman Ələsgərovun “Tarantella” əsərini ilk dəfə AzTV-də ifa edib;
- Gülnaz Abdullazadənin “Hicazkar İlahi – Sultan Nənəm” əsərini tanınmış kontratenor, Əməkdar artist İlham Nəzərovla birgə tamaşaçılara təqdim edib;
- Bəstələdiyi “İssık-kul” mahnısı (sözləri Leyla Əliyeva, ifaçı Qırğızıstanın Əməkdar artisti Qulzinat Surançiyeva) Qırğızıstan Dövlət Teleradiosunun Qızıl fonduna daxil olunub;
- Mahnı janrında (bəstələdiyi “Azərbaycanım mənim” mahnısında, Əməkdar artist Kəmalə Rəhimlinin ifasında) ilk dəfə “müsəlman” sözünü işlədib;
- Sovet dönəmində, mahnıların mətnində “Təbriz” sözünün qadağan edildiyi bir zamanda Moskvada Tələbə və Gənclərin XII ümumdünya beynəlxalq festivalında “Təbrizim” adlı kompozisiyasını ifa etməklə həmin qadağalara son qoyub və festivalın diplomuna layiq görülüb;
- Azərbaycanın bütün milli janrlarında – (təcrübi və nəzəri) musiqi alətşünaslığı, aşıqşünaslıq, muğamşünaslıq, rəqs sənəti və meyxana sənəti üzrə tədqiqat əsərləri yazıb;
- “Kəsmə şikəstə”nin tarixi adının “Bakı şikəstəsi” olduğunu elmi faktlarla sübut edib;
- Cəfər Cabbarlının gizli imzalarla yazdığı bir neçə məqaləsini geniş ictimaiyyətə çatdırıb;
- “Lalələr” mahnısının Türkiyə mətbuatına istinadən əslində 1918-ci ildə Nuru Paşanın ordusuna həsr edildiyini ictimailəşdirib;
- Fikrət Əmirovun Gəncədə deyil, İstanbulda doğulduğu haqqında məlumatı mətbuata “sızdırıb”;
- Cəfər Cabbarlının bəstələdiyi və Nuru Paşaya ithaf etdiyi “Marş irəli, əsgərim” mahnısını ilk dəfə Beynəlxalq Muğam Mərkəzində dahi dramaturqa həsr olunmuş tədbirdə rəhbərlik etdiyi ansamblın ifasında səsləndirib.
Əslində, bu siyahını davam etdirmək, uzatmaq üçün yetərincə fakt var. Hətta onun musiqidən, incəsənətdən kənar tarixi araşdırmalarında da kifayət qədər İLK dəfə varılan nəticələrlə yanaşı, İLK dəfə tətbiq olunan metodik yanaşmalar da var.
Ümumiyyətlə, Abbasqulu Nəcəfzadənin fenomenal qabiliyyətlərini, alimlik fəaliyyətini, həmçinin insani fəzilətlərini ayrı-ayrılıqda fakt və dəlillərlə ifadə etmək, əhəmiyyətini anlatmaq üçün cild-cild kitab yazmaq mümkündür. Şübhəsiz, onun şəxsinə və sənət irsinə dəyər verən hər kəs məmnuniyyətlə bunu edər. O, canlı məktəbdir, örnəkdir, nümunədir.
İnsanlara, xüsusilə Azərbaycan mədəniyyəti xəzinəsinə töhfə verən, həyatını buna sərf edən şəxslərə sağlığında diqqət göstərilməli, layiq olduqları yüksək dəyər verilməlidir. Tarix bunu mütləq edəcək: onları ölümsüzləşdirəcək və gələcək nəsillər belə şəxsiyyətləri ehtiramla xatırlayacaq, irslərindən minnətdarlıqla bəhrələnəcəklər. Bu xüsusda onlara diqqət və qayğı göstərmək müasirləri üçün Allahın bir lütfü, fürsəti olmalıdır.
Bu gün Abbasqulu Nəcəfzadənin doğum günü – 65 illik yubileyidir
“7-gun.com” heyəti adından yubilyarı təbrik edir, fundamental əsərlər ərsəyə gətirməsi, yaradıcılıq planlarını reallaşdırması, gözəl ifası ilə musiqisevərləri sevindirməsi üçün ilk növbədə cansağlığı arzulayırıq. Ümid edirik ki, hökumətin müvafiq qurumları, o cümlədən Mədəniyyət Nazirliyi Abbasqulu Nəcəfzadə kimi sənət, mədəniyyət fədailərinə daha həssas, daha qayğıkeş münasibət bəsləyəcək, adını incəsənət tarixinə yazmağı bacarmış şəxsiyyətlərə sağlığında dəyər verəcək. Bu, həm də hər vətəndaşın mənəvi borcudur.
Qeyd: Abbasqulu Nəcəfzadə ⇐ tag səhifəsinə keçidlə onun 7-gun.com-da dərc olunmuş məqalələri ilə tanış ola bilərsiniz.