sənətşünaslıq elmləri doktoru, professor
a.najafzade@yahoo.com
“Şöhrət” ordenli, ustad xanəndə, Azərbaycan Milli Konservatoriyasının fəxri professoru, prezident təqaüdçüsü, Xalq artisti Əlibaba Məmmədov (1930–2022) haqqında söz söyləmək, xatirə bölüşmək hər kəs, o cümlədən bizim üçün çox şərəfli və qürurvericidir.
Onun çox geniş ürəyi vardı, həmişə gənclərə yardım əlini uzadırdı.
Əlibaba müəllimlə mənim ilk tanışlığım onun fanatı və tələbəsi – rəhmətlik xanəndə Nadir Ağayevin (1952–2015) vasitəsilə olmuşdu. 1974-cü ildə Sumqayıt Musiqi Texnikumnda oxuyarkən Nadir mənə: “Filan gün kiçik bir məclis var, kamança və o biri alətlərinlə saat 16:00-da bizdə olarsan, qohumumuzun evinə gedəcəyik” , – dedi. Nadirdən digər musiqiçilərin kimlər olduğunu soruşduqda: “Gedərsən, görərsən”, – söylədi. Baməzə xasiyyəti olan Nadirin adamı intizarda saxlayan belə cavablarına öyrəşmişdim, bilirdim ki, az sonra qeyri-adi sürprizlə üzləşəcəyik…
Nadirlə deyilən vaxtda görüşüb şadlıq olan ünvana getdik. Həyətdəki bağçanın barlı-meyvəli bir guşəsində, açıq havada məclis qurulmuşdu, qonaqlar yeyib-içirdilər. Biz musiqiçilər üçün ayrılmış yerdə əyləşdik. Bir müddət sonra Əlibaba Məmmədov tarçalan Tofiq Məmmədovla məclisə daxil oldular. Salamlaşıb onlar da yerlərini tutdular.
Bəlli oldu ki, ailənin tək övladını əsgərliyə – hərbi xidmətə yola salırlar və məclis də onun şərəfinə qurulub. Nadirin Əlibaba müəllimlə ustad-şagird münasibətindən başqa həm də dost olduqlarını bütün qohum-əqrəbaları bilirdi. Ondan xahiş etmişdilər ki, imkan olsa, Əlibaba müəllimi də bu məclisə dəvət etsin…
Alətlərimizi kökləyib ifaya başladıq: heç bir səsgücləndirici avadanlıqdan istifadə etmədən. Hər şey təbii idi. Musiqi ifa olunarkən açıq səma altında əyləşmiş qonaqların cınqırı da çıxmırdı…
Hərdən o unudulmaz günləri yada salır, Əlibaba müəllimin məclisi necə gözəl idarə etdiyini xatırlayıram.
Məclisin şirin məqamında Nadirin böyük qardaşı, Əlibaba müəllimin yaxın dostu Hacağa kişi dedi: “Əmi, sən çayını iç, bir az dincəl. Abbasqulu bayaqdan kamança çalır, icazə verirsənsə, zurna, balaban, tütək alətlərində də çalsın, qonaqlarımızı feyziyab etsin”. (A.N: qeyd edim ki, yaşından asılı olmayaraq hər kəs, o cümlədən yaşca böyüklər də ona “əmi” deyirdi)
Əlibaba müəllim: “Abbasqulunun belə işləri də var? Nə gözəl, buyursun”, – dedi.
Mən Nadirin qavalda müşayiəti ilə alətləri dəyişərək popurri kompozisiya ifa etdim. Arada gözucu əmiyə baxırdım, çay içə-içə “bəh-bəh” deyirdi. Məclisdən çıxanda Nadirə: “İfam deyəsən əminin çox xoşuna gəldi, tez-tez “bəh-bəh” deyirdi”, – söylədim. Nadir də yarızarafat, yarıgerçək: “Alə, əminin səndən yox e, çaydan xoşu gəlmişdi. Ona görə içə-içə “bəh-bəh” deyirdi”, – deyə cavab verdi…
Bu söhbətdən beş il sonra, yəni 1979-cu ildə artıq Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının 2-ci kurs tələbəsi idim. Xalq artisti Baba Mahmudoğlu (1940-2006) Azərbaycan Dövlət Televiziya və Radio Komitəsinin nəzdində “Dastan” folklor ansamblı təşkil edəndə kollektivin musiqi rəhbərliyini mənə həvalə etdi. Elə həmin ilin son gecəsində – Yeni il şənliyində ansamblın televiziyada ilk çıxışı oldu.
Bu tədbirdə Əlibaba müəllim də rəhbərlik etdiyi “Hümayun” xalq çalğı alətləri ansamblının müşayiəti ilə özünün bəstələdiyi mahnılardan birini oxudu. “Dastan”ın ifasından sonra əmi yaxınlaşıb bir sıra unikal musiqi alətlərinə (dütar, tənbur, karanay, cəng, Qoşqar rübabı) baxıb dedi:
“Baba, təbrik edirəm, çox gözəl folklor ansamblı yaratmısan. Burada istifadə edilən alətlər sənin ifa tərzinə çox yaraşır və ruhuna çox yaxındır. Əsası da odur ki, bu işi Abbasquluya tapşırmısan. O, savadlı gənclərimizdəndir, konservatoriyanın nümunəvi tələbələrindən biridir. Ansamblın üzvü olan onun kiçik qardaşları Mehdi, İlham və Məhərrəm də istedadlı musiqiçilərdir. Ansambllar çoxdur, amma “Dastan”ın özünəməxsus, milli səs tembri var. Sizə uğurlar arzulayıram”.
Mümkün deyil ki, Əlibaba müəllimdən söz açasan, nəfəs alətlərinin virtuoz ifaçısı Ələkbər Əsgərov (1933–1995) yada düşməyə. “Zər qədrini zərgər bilər”, – deyib atalar. Ələkbər müəllimin sənətinə Əlibaba Məmmədov və keçmiş SSRİ-nin Xalq artisti, dünya şöhrətli müğənni, əvəzolunmaz sənətkar Rəşid Behbudov (1915–1989) yüksək dəyər vermişdilər. Təəssüf ki, həmin dövrdə mədəniyyətimizə rəhbərlik edənlər bu böyük sənətkara laqeyd yanaşır, ona sıradan, adi bir musiqiçi kimi baxırdılar. Səbəb də “sadə” idi: o “başbilənlər” özləri sıradan, musiqidən-sənətdən xəbərsiz idilər…
1995-ci ildə Ələkbər müəllim ağır xəstələnəndə AzTV-nin çəkiliş qrupunu filologiya elmləri doktoru, professor Vüqar Əhmədlə birlikdə Sumqayıta aparıb sənətkarın son çıxışını lentə yazdırdıq. Bu, musiqisevərlərin müsbət mənada böyük səs-küyünə səbəb oldu. Veriliş efirə gedən kimi əmi mənə zəng edib kövrək və titrək səslə öz təşəkkürünü bildirdi və dedi: “Bayaqdan televizorda Ələkbərə baxıram, ürəyim parça-parça oldu. Bu nəhənglikdə sənətkarı gözümüz görə-görə itiririk. Niyə vaxtında onun müalicəsi ilə məşğul olmayıblar? Nə yaxşı ki, siz onu yad etmisiniz…”
İllər ötdü, bir gün Xırdalanda öz dəstəmlə mağar toyunu idarə edirdik. Ansamblımızın oxuyanı populyar müğənni rəhmətlik Səyyad Əlizadə (1958–2021) idi. Əlibaba müəllim də milli üçlüyü ilə birlikdə bizim masa ilə üzbəüz oturmuşdu. Onu tarda İdris Səmədov, kamançada isə Bilal Məmmədov müşayiət edirdilər. Mən toyda əsasən klarnetdə ifa edirdim, arada kamança, skripka, zurna, tütək və neydə də çalırdım.
Əlibaba müəllim ifalarımı böyük maraqla qarşılayırdı. Onun ən sevimli aləti qaval olsa da, digər musiqi alətlərinin də həm spesifik xüsusiyyətlərini gözəl bilir, həm də onların bəzilərində ifa etməyi də bacarırdı. Əlibaba müəllim xanəndəlikdən əvvəl nağara çalırmış, bir ara klarnetdə də ifa etməyi öyrənmişdi. O, klarnetdə ifamı dinlədikdən sonra: “Abbasqulu, maşallah, alətlərin sayını gündən-günə artırırsan. Mənə elə gəlir ki, bu alətlərin hər birini ilk alətin olan kamança yolu ilə, yəni leqatolu çalırsan. Ona görə digər ifalardan fərqlənir. Əhsən!” söylədi…
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Əhsən Rəhmanlının “Abbasqulu Nəcəfzadənin çoxşaxəli yaradıcılıq yolu” adlı kitabında dərc olunacaq ustadlar ustadı Əlibaba Məmmədovun “Əslində musiqiçilər bəstəkarlıqla məşğul olmalıdırlar” məqaləsindən də bir fraqment təqdim edirəm:
Bir dəfə televiziyada Abbasqulunun bir təsnifini dinlədim və çox xoşuma gəldi. Ona xəbər göndərdim ki, mənimlə əlaqə saxlasın, bu təsnifi Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin muğam sinfində dərs dediyim tələbələrə öyrədim. Abbasqulu bizim dərsə gəldi, təsnifi hazırladıq. Dedim ki, bir əlavəm var, icazə versən hər bəndi zildə başlayıb bəmdə təkrar edək. Bu, əsl mükəmməl “Segah” təsnifidir. Burada “Mayə”, “Muyə”, “Manəndi-Hisar”, “Manəndi-Müxalif” var, çatışmayan “Bərdaşt”dır, “Mayə” motivləri bir oktava zildə oxunsa, olacaq “Bərdaşt”. Abbasqulu bu fikirləri çox bəyəndi.
Onu da deyim ki, əsl bəstəkar yalnız mahnı bəstələməli deyil, bütün janrlarda əsərlər yazmalıdır. Ona görə də 100-dən artıq mahnım olsa da, mən özümü bəstəkar saymıram, şeirlərim də az deyil, lakin şair də deyiləm. Şeirlərimin birində demişəm:
Mən şair deyiləm, şair xislətliyəm.
Bəstəkar deyiləm, bəstəçiyəm.
Bilmirəm nəkarəyəm, nəçiyəm,
Onu bilirəm ki, gözəl ifaçıyam”.
Ustadın dilindən bu xoş sözləri eşitmək hər kəsə nəsib olmur. Ona görə də Əlibaba müəllimlə tanışlığımdan böyük qürur duyuram.
Allah Əlibaba müəllimin ruhunu şad, yerini cənnət-məkan eyləsin, AMİN!