Dünən – dekabrın 25-də Xankəndidə – müvəqqəti yerləşdirildiyinə ümid və inam bəslədyimiz Rusiya “sülhməramlı”larının nəzarəti altındakı Azərbaycan şəhərində ermənilər növbəti dəfə mitinq keçiriblər.
Erməni mənbələrinin iddiasına görə, guya bu mitinqdə 40-50 min şəxs iştirak edib.
Bəs, əslində real olaraq bu mitinqə nə qədər adam gəlib (və ya gətirilib), tərkibi kimlərdən ibarət olub və onlar hansı əhval-ruhiyyədə nə ifadə ediblər, nə istəyiblər, nəhayət, bunun ictimai rezonansı nə qədər olub?
Bu suallara cavab tapmaq üçün maksimum obyektiv olmağa, konkret dəlillərə istinad etməyə çalışacağıq. Beləliklə,
Xankəndi mitinqində nə qədər adam olub?
Bunu müəyyən etmək üçün hesabı ermənilərin də istifadə etdiyi Herbert Jacobs formulu ilə aparacağıq.
Əvvəlcə mitinqin keçirildiyi (insanların toplaşdığı) meydanın (ərazinin) konturlarını – ölçülərini, buna müvafiq də sahəsini müəyyənləşdirməliyik.
Mitinqin video görüntüləri əsasında bunu etmək asandır: bütün tərəflərdən aksiyanın “sərhədlərini” dəqiqləşdirmək mümkündür. Bunu etdikdən sonra eyni “sərhədləri” “Google-maps” üzərində çəkib birləşdirməklə ümumi sahəni dəqiqliklə tapacağıq.
Qısmağa (azaltmağa) çalışmadan, əksinə, “əliaçıqlıqla” konturları çəkib alınan sahənin 7 min 875 (kv.m.) kvadrat metr olduğunu müəyyənləşdiririk. Yaddaşda saxlayaq: 7 min 875 kv.m.
Növbəti mərhələdə mitinqə toplanmış insanların sıxlığını təyin etməliyik.
Herbert Jacobs-un formuluna görə say 1 kvadrat metrdə
- Sərbəst sıxlıqda – 1;
- Orta sıxlıqda – 2,4;
- Yüksək sıxlıqda – 4,3
əmsalı ilə hesablanmalıdır.
- Əgər toplananlar qollarını rahatlıqla irəli aça biləcək qədər sərbəstdirlərsə – bu, sərbəst sıxlıq sayılır.
- Əgər toplanan şəxslər arasından keçib getmək mümkündürsə, bu, orta sıxlıqdır.
- Əgər toplananların arasından keçmək çətindirsə, bu, yüksək sıxlıqdır.
Diqqət etmisinizsə, ermənilər bu sayaq aksiyalarda (iştirakçılar arasındakı ara məsafə və boşluqlar görünməsin deyə) düz təpədən dronla çəkiliş aparmır, bunu göstərmirlər.
Bununla belə, aksiya yerində çəkilmiş videoları diqqətlə izlədikcə mitinqin (ən yaxşı halda) orta sıxlıqda olduğu aydın görünür. Yüksək sıxlıq tribuna önünə yaxın kiçik sahəni əhatə edir. Kənarlara getdikcə sıxlıq azalır, bir çox yerlərdə var-gəl edənlər, böyük boşluqlar görünür.
Videokameraların baxış bucağı vizual illüziya yaradır – sanki insanlar bütün sahə boyu sıx yığılıblar. Halbuki, əslində belə deyil. Videonu diqqətlə izlədikdə mərkəzdən kənarlara doğru sıxlığın xeyli seyrəldiyini sezmək olur. Küçə (meydan) bütünlüklə dolu və sıx görünsə də, iştirakçılar arasında müəyyən məsafə var. Bəzi yerlərdə bu, kifayət qədər genişdir və kənarlara getdikcə boşluqlar böyüyür. Kameranın baxış, çəkiliş bucağı isə vizual olaraq bunu sıx göstərir.
Beləliklə, bu mitinqdə hər 3 sıxlıq dərəcəsi təxminən eyni nisbətdə mövcud olduğundan biz hesab aparmaq üçün orta sıxlıq əmsalını götürəcəyik.
Bizim geninə-boluna qeydə aldığımız koordinatlarla “Google-maps” mitinq sahəsinin 7 min 875 kv.m. olduğunu göstərir. Buradan meydanın mərkəzində uzun və tribunanın sol tərəfində isə nisbətən kiçik, əllə tutulan əski parçalarının sahələrini ümumi rəqəmdən çıxdıqda 7586 kv.m. alınır.
Xatırladaq ki, Herbert Jacobs-un orta sıxlıq əmsalı 2,4-dür. O zaman
7586 x 2,4 = 18 min 206
Göründüyü kimi, erməni mənbələri növbəti dəfə yalan məlumat yayıb və real rəqəmi ən azı 2-3 dəfə artırıblar.
Qeyd edək ki, bundan əvvəlki mitinq nisbətən daha geniş sahəni əhatə edib və daha sıx olub. Bu, bir daha sübut edir ki, əvvəlki mitinqə kənardan – Ermənistandan minlərlə “müqəvva” gətirilibmiş.
Əminliklə söyləmək olar ki, istər “yerli”, istərsə də “gətirilmə” müqəvva-aksiyaçılar bunu şəxsi iradələri ilə etməyiblər.
Xankəndi mitinqində kimlər iştirak edib?
Erməni separat rejimi hər cəhdlə Qarabağda çox sayda erməni yaşadığını və guya onların iradəsini təmsil etdiklərini qabartmaq üçün bu mitinqlərdə kəmiyyətlə təsirli vizual görüntü yaratmağa çalışıblar. Belə saxtakarlıqların mahir ustaları olsalar da, istəklərinə çatmayıblar.
Bütün saxtakarlıq potensiallarını sərf edib meydana cəmi 18 min nəfər yığa biliblər.
Videomateriallardan aydın görünür ki, aksiya iştirakçılarının böyük əksəriyyəti qadınlar, yeniyetmələr və uşaqlardır.
Bəllidir ki, ermənilər və onların havadarları müharibəni sonlandıran üçtərəfli bəyanatın tələblərini tam yerinə yetirməyiblər: Qarabağ ərazisində hələ də Ermənistan ordusunun tör-töküntüsü qalmaqdadır. Böyük ehtimalla onlar da mülki paltarda bu və digər mitinqə gətirilib.
Bu mitinqlərdə xarici görünüşü ilə kənd sakinlərinə qətiyyən oxşamayan şəxslərlə yanaşı, slavyan görkəmli insanlar da iştirak edib. Bəzi kadrlarda rus əsgərləri də gözə dəyir.
Bir diqqətçəkən nüans: mitinqi çağıran Kremlin vassalı Vardanyan olub. Maraqlıdır ki, onun mitinqə çağırış videomüraciətinə 127 nəfər baxıb və cəmi 3 nəfər bəyənib…
Onun rəsmi YouTube kanalı üzərindən yayımlanan əvvəlki videomüraciətlərinin də baxış və bəyənilmə sayı çox aşağıdır.
Mitinq iştirakçıları hansı əhvalda olublar?
Yəqin ki razılaşarsınız, insanlar öz iradələri ilə mitinqə, özü də etiraz, tələb aksiyasına toplaşanda mövqelərini hər formada ortaya qoyur, çılğınlaşır, emosional olur, kükrəyirlər. İradələrini ifadə edən söz, fikir eşidəndə də buna coşqu ilə reaksiya verirlər.
Əgər onlar bunu etmirlərsə, deməli, bu tədbirdə iştirakları formal, könülsüzdür. Xankəndi mitinqindəki insanların hərəkətlərini, mimikalarını, rəftarlarını izlədikcə əminliklə söyləmək olar ki, onlar bu mitinqə öz iradələri ilə gəlməyiblər və orada deyilənlərə biganədirlər.
Heç çıxış edən Vardanyan özünü toplayıb görünüşü, əhvalı, tonu, hərəkətləri ilə nə isə ifadə etməyə cəhd belə göstərməyib. Əlinə verilmiş kağızdan tezisləri oxuyaraq candərdi, asıq sifətlə çıxış edib. Yanındakı şəxslərin belə ona etimad göstərmədiyi, bu avantüraya istəksiz qoşulduqları hər hallarından görünüb.
Maraqlıdır ki, separat rejimin digər ünsürləri mitinqdə gözə dəyməyib.
Ən gurultulu şüarlar belə kütlə tərəfindən süst, laqeyd qarşılanıb, alqışlayan da çox az olub.
Bir daha bu mitinqə zorla çıxarılan ermənilərin sayına əsasən qətiyyətlə demək olar ki, Qarabağda ən çoxu 35-40 min erməni qalıb (əslində, müharibədən sonra qaytarılıb) və onlar əsiri olduqları separat rejimdən, Rusiyanın son missioneri Vardanyandan və onlara vəd olunan “perspektiv”dən məmnun deyillər.
Xankəndi mitinqi rezonans doğura bilibmi?
Vardanyanın pul-para vədi və hədələri ilə Xankəndiyə topladığı ermənilərə Ermənistanda dəstək mitinqi keçirilib.
Və… Bu mitinqə “bir ovuc” – cəmi bir neçə yüz (!) erməni qoşulub.
Ermənistan sakinləri Qarabağ mövzusuna laqeydlikləri, bu xüsusda çağırılan kütləvi tədbirlərə biganəlikləri ilə əslində bu məsələnin artıq bitdiyini və müharibənin nəticəsi ilə barışdıqlarını ifadə edirlər.
Dünya ictimaiyyəti də artıq ermənilərin “ver – yeyim, ört – yatım, gözlə – canım çıxmasın” tələblərindən, çığır-bağırından bezib.
Təəssüf ki, İran, Rusiya, Fransa və bəzi digər dövlətlər “erməni kartı”ndan əl çəkmək istəmir, Azərbaycanın ayrılmaz hissəsi Qarabağ üzərindən türk coğrafiyasına qarşı çirkin oyunlarını hələ də davam etdirməkdədirlər.