…Peyğəmbər ilk günlərdə xalqıma: “Zina etməyin! Çaxır içməyin!” – demədi;
desəydi, onlar zina da edəcəkdilər, çaxır da içəçəkdilər; əksinə, onlara Allahın təkliyi haqqında danışdı…”
Fəlsəfə üzrə fəlsəfə doktoru
Hər il 31 dekabr yaxınlaşdıqda, xüsusən sosial şəbəkələrdə 31 Dekabrı hədəf alan çağırışlar çoxalır. Bu çağırışların ümumi məzmunu budur ki, bizə yad mədəniyyətlərin günlərini bayram etmək olmaz, bu cür günlər haramdır. Əlbəttə ki, bu çağırışları doğuran mənəvi həssaslığı, səmimi niyyət və iman təəssübkeşliyini yüksək qiymətləndirmək lazımdır, amma burada bütün bunlarla yanaşı,
- a) din baxımından nəyin dəyişkən, nəyin sabit olduğu;
- b) mədəni-texniki inteqrasiya anlayışı;
- c) qadağalarla dəyərlərin yayılmağının qeyri-mümkün olduğu;
- ç) insan təbiətinin əylənməyə olan ehtiyacını nəzərə almayan ciddi bəsirətsizlik, vasitə və üslub natamamlığı gözə dəyir.
1) Nəzərə almaq lazımdır ki, həyat enişli-yoxuşludur, çətin və ağır anları heç də az deyildir, odur ki insan əylənmək, rahatlanmaq, dincəlmək istəyir. İmam İbn əl-Qəyyimin dediyi kimi, bədən yorulduğu kimi ruh da yorulur. Bu baxımdan bəşəriyyət tarix boyu əylənmək, rahatlanmaq üçün müxtəlif vasitələrə müraciət etmiş, o cümlədən gündəlik, həftəlik, aylıq, illik anları simvollaşdırmaqla qeyd etmək təcrübəsi formalaşdırmışdır. İnsan oğlunu əylənmək məsələsində mücərrədlik qane etmir, odur ki konkret əyləncə vasitələri və günləri fikirləşib tapmaq zərurəti meydana çıxmışdır. Saniyə, dəqiqə, saat, gün, ay, il, əsr kimi zaman kəsimlərini ifadə edən vahidlər əbəs yerə yaranmayıb. Keçmişi, həm də mücərrəd zamanı təqvim əsasında ayrı-ayrı günlərdə konkretləşdirmək və simvollaşdırmaq bir zərurətdir, ondan imtina etmək mümkün deyildir. Onu da deyək ki, insan oğlunun ayrı-ayrı günlərdə ifadə olunan məfhum və hadisələri rəmzi formada qeyd etməsi təkcə tarixi zərurət olmamış, həm də əyləncə vasitəsi kimi seçilmişdir. İlahi təlimlərdə də bu gerçəklik nəzərə alınmışdır. Bircə faktı diqqətə çatdıraq ki, Həzrət Peyğəmbər də bu zərurəti nəzərə almış, həm həyat yoldaşı Aişənin otağında, həm də öz məscidində belə günlərin qeyd edilməsinə icazə vermişdir. Ətraflı məlumat üçün Buxari və Müslimin hədis məcmuələrindəki 949, 952, 892 saylı hədislərə müraciət oluna bilər → BAX
Elə isə insanlara ayrı-ayrı günlərdə əylənməyi qadağan etmək əvəzinə, onlara ilin hər günündə düzgün, halal qaydada əylənmək, dincəlmək haqqında danışmaq lazımdır. Əyləncə anında insanlara əyləncələrinin doğru olmadığını demək heç bir təsir yaratmır; əksinə, bizi çətin vəziyyətə salır: bizim nümunəmizdə cəmiyyətdə əylənməyə, bayramlara düşmən kəsilən qaşqabaqlı, sosial həyatdan qopuq marjinal tip stereotipi formalaşır! Bir sözlə, insanlara islam adına əylənməyi qadağan etmək doğru deyildir; il boyu elə maarifləndirmə işi aparmalıyıq ki, cəmiyyətdə halal çərçivədə, doğru-düzgün əylənmək mədəniyyəti formalaşsın! Həmçinin alternativ təqdim etmədən, insanların əlindən nəyisə almaq çox vaxt qarşıdurmaya gətirib çıxarır!
♦ Təqvim ilinin dəyişilməsini bayram etmək ənənəsinə qarşı çıxmaq nə dərəcədə doğrudur? Unutmayaq ki, təqvim ictihad məsələsidir, yəni insan beyninin məhsuludur; təqvimin dini, yaxud qeyri-dini olanı olmaz; bu, prinsipial məsələ olsaydı, Allah Şəriətə bu məsələni daxil edər, ona “tövqifi” (nəqli, Allahın, Peyğəmbərin müəyyənləşdirdiyi) status verərdi, ictihada açıq etməzdi. İnsanların ilin tamam olmasını, yeni ilin başlanmasını əylənməklə qeyd etməkləri prinsip etibarilə anormal hal deyildir. Belə bir hala din adına qarşı çıxmaq müdriklik sayılmır. Axı biz insan fitrətinə, onun əylənmə və şənlənmə istəyinə qarşı çıxa bilmərik; bu məsələ ilə əlaqədar olaraq il boyu edəcəyimiz yeganə şey insanlara haramdan uzaq formada, Allahı razı salacaq, insan kimliyini, isməti və şərəfini alçaltmayacaq şəkildə əylənməyi öyrətmək olmalıdır!
Deməli, təqvim dinin sabit prinsiplərindən olmadığı üçün onun uğrunda “səlib yürüşünə çıxmağa”, yaxud bu məsələni “əqidə-iman” məsələsi halına gətirməyin mənası yoxdur; əks halda, gülməli vəziyyətə düşərik, sözümüzün kəsəri azalar…
Günlərə deyil, əyləncə və şənlənməyə baxışa köklənək…
♦ Qadağa qoymaqla, “Yox!” şüarını çoxaltmaqla cəmiyyəti islah etmək qeyri-mümkündür. Həzrət Aişə deyirdi:
Peyğəmbər ilk günlərdə xalqıma (məkkəliləri – qüreyşliləri nəzərdə tutur): “Zina etməyin! Çaxır içməyin!” – demədi; desəydi, onlar zina da edəcəkdilər, çaxır da içəçəkdilər; əksinə, onlara Allahın təkliyi haqqında danışdı”.
Yəni, Həzrət Aişə demək istəyir ki, Peyğəmbər qadağalar qoymadı, əksinə, həmin qadağaları qoyan Allahı əvvəlcə insanlara tanıtdı və sevdirdi. Təkcə qadağalar qoymaqla dəvət işi aparanlar müvəffəqiyyətsizliyə, marjinallaşaraq kiçilməyə məhkumdurlar. Qadağa o vaxt qoyulur ki, insanlar qadağa qoyan tərəflə həm hesablaşırlar, həm də onu qəbul edirlər. Nüfuz yoxdursa, göstərişlərin kəsəri olmayacaqdır!
♦ Mədəni inteqrasiya inkişaf məsələlərindən biridir; təəssüf ki, bizdə bu problemi düzgün başa düşən, konturlarını açıq şəkildə izah edən, müasir müsəlman cəmiyyətlərində mədəni inteqrasiyanın normasını prinsiplərlə göstərən mütəxəssislər olduqca azdır. Hələ də bizdə “müsəlman olmayan tərəfdən nəyi götürmək olar, nəyi də olmaz” probleminə həll yolu göstərən sanballı yazı və kitablar qələmə alınmayıb.
Unutmaq olmaz ki, Allah xalqları bir-biri ilə ünsiyyətdə olub bir-birinə inteqrasiya etsinlər deyə yaradıb. Quranda bu anlayış “təarüf” sözü ilə göstərilib. Tarixən ayrı-ayrı xalqlar, cəmiyyətlər mədəni müstəvidə bir-birinə inteqrasiya etmişlər, bundan qaçmaq mümkün deyildir. Əlbəttə ki, “ərimədən inteqrasiya” mühümdür; belə olduqda kimliyimizi, özümüzü, dəyərlərimizi, inancımızı, dinimizi qoruyub saxlayırıq. İnteqrasiyada islam nötqeyi-nəzərini belə ifadə etmək olar: Allah, insan, əxlaq haqqında təsəvvürləri təhrif etmədikcə istənilən özgə təcrübədən istifadə mümkündür!
Biz bu gün sualı belə qoymalıyıq: idxal etdiyimiz kənar təcrübəyə keçmişimizdə, Peyğəmbər dövründə olmadığı üçünmü “yox” deməliyik, yoxsa özündə milli-dini kimliyimizə, dəyərlərimizə, əxlaq anlayışımıza, Allah təsəvvürümüzə, inancımıza zidd “ideoloji-aksioloji məzmun” daşıdığına görə?
“Keçmişimizdə olmayıb; başqa xalqların məhsuludur” iddiası qədər absurd iddia yoxdur; ona qalası olsa, biz müsəlmanlar Qərbdən o qədər “vərdiş” əxz etmişik ki!
Elə isə başqa mədəniyyətlərin təcrübəsini əxz edərkən əsas diqqətimizi “bu, Peyğəmbərin və səhabələrin dövründə olmayıb” kimi primitiv yanaşmaya deyil, həmin təcrübənin “ideoloji-mədəni məzmunu və məna yükü”nə verməliyik…
♦ Nəhayət, əxlaq və mənəvi aşınmanın heç bir təzahüründən il boyu söz etməyən, 31 Dekabr yaxınlaşdıqda aktivləşən təfəkkür kifayət qədər sərfəli təfəkkürdür. Belə təfəkkür islamı sosial həyatdan uzaqlaşdırır, insan fitrəti və istəklərini “kəsib-doğrayan küt qılınc” halına gətirir; təəssüf ki, belə təfəkkür əksər hallarda şəxsi xarakter və həyatdakı uğursuzluqlarını dinə daşıyan, dünyəvi elmlər və gündəlik həyat imtahanından heç “3” qiyməti ala bilməyən kimsələrlə təmsil olunur…