Əsgər ölümünə görə müxtəlif ölkələrdə nə qədər təzminat ödənilir?

Peşə və ya sənətindən asılı olmayaraq hər bir insanın həyatı  qiymətsiz, əvəzolunmazdır: dəyəri pulla ölçülməz  və maddi ekvivalenti ola bilməz.

Dünya yenə qana susayıb. Rusiyanın Ukraynaya qarşı apardığı ədalətsiz və qəddar müharibənin bir ili tamam olmaqdadır. Hər iki tərəf böyük itliklər verir. Hər gün yüzlərlə, bəzən minlərlə insan öldürülür,  hərbçilər vətənləri uğrunda həyatlarını fəda edirlər.

Doğrudur, hər iki dövlətin qanunvericiliyinə görə  vətən uğrunda həyatın qurban verilməsi  vətəndaşlıq vəzifəsi, hərbi mükəlləfiyyət  borcudur. Bizdə də elədir.

Bununla belə, hər bir fədakarlığın bir qarşılığı, vətənin, dövlətin də buna verdiyi qədir-qiymət olmalıdır…

Bəs bu və digər ölkələrdə əsgər (hərbçi) ölümünə görə onların ailələrinə nə qədər kompensasiya ödənilir?

Qeyd edək ki, həm Rusiyada, həm də Ukraynada müharibədə həyatını itirmiş hərbçilərin  ailələrinə kifayət qədər böyük məbləğdə pul ödənilir. Ukraynada bu  məbləğ inanılmaz dərəcədə yüksəkdir.

Ukrayna Nazirlər Kabinetinin ötən ilin fevralında verdiyi qərara əsasən hərbi vəziyyət dövründə həlak olmuş hərbi qulluqçuların ailələrinə 15 milyon qrivna   birdəfəlik  maddi  kompensasiya ödənilir.

Bu, hazırki kursla 410 min ABŞ dolları və ya 696 min AZN deməkdir. Xatırladaq ki, Ukrayna qrivnası  son zamanlar məzənnə itkisinə məruz qalıb. Qərar verilərkən bu məbləğ 452 min dollara bərabər idi.

Həyatını itirmiş hərbçinin bütün ailə üzvləri bu məbləğin aralarında bərabər miqdarda bölünmə hüququna malikdirlər.

Ukrayna hökuməti müharibədə yaralanmış, həmçinin döyüş şəraitində əsir düşmüş şəxslərə 100 min qrivna ödəyir.

Ukraynada xidmətdə olan əsgərə nə qədər mükafat  verilir?

Ukrayna ordusunda qulluq edən əsgərlərə aylıq 30 min qrivna mükafat verilir. Bilavasitə döyüş zonasında qulluq edən hərbçilərə isə ayda 100 min qrivna ödənilir. Bu, 2500 ABŞ dolları və ya 4250 AZN deməkdir.

Özü də əgər əsgər ayın 15 gününü sakit Polşa sərhədində, 15 gününü Rusiya ilə müharibə bölgəsində qulluq edibsə, aylı mükafat ikinci kateqoriya üzrə bütöv ödənilir, yarı-yarı götürülmür.

Rusiyada əsgər həyatını qiyməti nə qədərdir?

Kremlin hələ də “xüsusi hərbi əməliyyat”  adlandırdığı bu dəhşətli müharibəyə qədər  Rusiyada hərbçilərin həyatının dəyəri 7,5 milyon rubl idi. Bu, (hazırkı məzənnə ilə) təxminən 109 min ABŞ dolları, yaxud 185 min AZN deməkdir.

Lakin müharibə başlayandan  bir neçə ay sonra – ötən ilin iyununda RF Prezidenti V.Putin əlavə ödəniş haqqında sərəncam imzalayıb.  Bu sərəncamla Rusiya hərbçilərinin ailələrinə 7,5 milyon rubldan əlavə daha  5 milyon rubl, ümumilikdə 12,5 milyon rubl185 min ABŞ dolları (315 min AZN) birdəfəlik ödəniş nəzərdə tutulub.

Rusiyada da müharibədə həlak olmuş əsgərlərin ailə üzvlərinə ödənilməsi nəzərdə tutulan birdəfəlik  məbləğ ailə fərdləri  arasında bərabər bölüşdürülməlidir.

Rusiya Federasiyasında birdəfəlik  kompensasiyadan əlavə  həlak olmuş şəxsin ailə üzvlərinin sayından asılı olaraq aylıq ödəniş də nəzərdə tutulub.

Əgər ailə üzvləri:

  •  3 nəfərdirsə: hər birinə 5,2 min rubl; (75 USD; 127AZN)
  • 2 nəfərdirsə: hər biri 6,9 min rubl; (100 USD; 170 AZN)
  • 1 nəfərdirsə: 10,4 min rubl (151 USD; 256 AZN) aylıq təqaüd  alır.

Yəqin ki, Ukrayna və Rusiyaya aid bu məlumatlar fonunda dünyanın digər ölkələrində, məsələn, Qərb dövlətlərində əsgər həyatına verilən dəyər də maraq doğuracaq. Məsələn,

Həlak olan əsgərin ailəsinə ABŞ-da  nə qədər kompensasiya verilir?

ABŞ-da, ümumiyyətlə, Qərb dövlətlərinin əksəriyyətində bu sistem bir qədər fərqlidir. Həlak olan və ya yaralanan hərbçilərin ailələrinə, yaxud özlərinə ödənilən məbləğ hərbi qulluq dövrü üçün seçilən sığorta növündən asılı olaraq dəyişir. Bu, az da ola bilər, çox da.

Buna rəğmən, ABŞ əsgərinin həyatı  dəyərlidir və həlak olacağı təqdirdə sığorta şirkətləri ailələrinə 400 min ABŞ dollarınadək təzminat ödəyir. Müdafiə Nazirliyi isə ailəyə 100 min dollar birdəfəlik yardım göstərir.

Həlak olmuş hərbçinin həyat yoldaşına və həddi-buluğa çatmamış övladlarına aylıq müavinət və  bir sıra sosial güzəştlər verilir. Beləcə, bir ABŞ əsgərinin həyatını itirməsi  dövlətə minimum 500 000 dollara, maksimum (uşaqlarını yaşından aşlı olaraq) 1,5-2 milyon dollara başa gəlir.

Böyük Britaniyada hərbçi həyatının dəyəri  daha  “təvazökar” rəqəmlərlə ifadə olunur və hərbi rütbədən, həmçinin qulluq müddətindən asılı olaraq dəyişir.  Bununla belə, birdəfəlik ödənişin məbləği 50 min dollardan çox olmur. Lakin hərbçilərin ailələrinə aylıq təqaüd ödənilir.

Qardaş Türkiyədə

şəhid ailələrinə Müdafiə Nazirliyinin ödədiyi birdəfəlik təzminat məbləği ötən il 317 min TL – türk lirəsi olub.

Kənar şəxslərin yardımı olmadan  həyatını sürdürə bilməyəcək durumda olan qazilərə  isə Türkiyədə daha çox məbləğdə birdəfəlik təzminat verilir: 634 min TL.

Şəhid ailələrinə aylıq 900-3900 TL arasında  aylıq təqaüd ödənilir və bu məbləğ  hər altı aydan bir inflyasiya faizinə (eləcə də maaş dərəcələrinin artırılmasına) uyğun olaraq yüksəldilir.


Xatırladaq ki, Azərbaycanda şəhid ailələrinə birdəfəlik 11 min manat təzminat verilir.  

Həmçinin şəhid ailəsinə (aylıq)  Azərbaycan Respublikası Prezidentinin təqaüdü (500 manat) ödənilir.

Şəhidin pensiya hüququ olmadıqda ailə başçısını itirməyə görə hər bir ailə üzvü (aylıq) 100 manat məbləğində müavinət alır.

Şəhid ailələrinə digər yardım və sosial güzəştlər də nəzərdə tutulub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir