Duaya qənim kəsilənlər…

Elvüsal MƏMMƏDOV

Fəlsəfə üzrə fəlsəfə doktoru

Qardaş Türkiyədə baş verənlərin fonunda bizdə bəzi din, inanc və islam düşmənləri (diqqət edək: “ateist, qeyri-müsəlman, yaxud inancsız”, – demirəm, – “din, inanc, islam düşmənləri, müqəddəs sayılan hər şeyə nifrət edib qənim kəsilənlər”, – deyirəm), həm də hansı dünyagörüşünə, məqsədə qulluq etdiyi bilinməyən şəxslər müsəlmanların, inanclı insanların dağıntılar altında qalan şəxslər üçün dua etməsini lağa qoyur, hansı isə yapon mütəxəssisinin “kəşf”ini – “Biz də sizin kimi dua edirik, amma sizdən fərqli olaraq biz axtarış işlərini gördükdən sonra dua edirik” sözünü tirajlayaraq nifrətlərini əllaməliklə ört-basdır etdiklərini düşünürlər.

Bilmirəm, hansı isə yapon mütəxəssisi bu sözləri deyibmi, yoxsa bu, sosial şəbəkələrə xas “mənbəyi bilinməyən fakt” və “kimliyi naməlum şəxsiyyət” tipli, populist təfəkkür üçün hesablanan informasiyadırmı?

Əvvəla, bu sayaq əllaməliyə, qabaqdangəlmişliyə ehtiyac yoxdur, çünki islamın peyğəmbəri bizim “yapon”dan 14 əsr əvvəl bizə Allah-insan, əməl-dua münasibətlərinə dair düstur təqdim etmişdir. Belə ki, bir şəxs Peyğəmbərin yanına gələrək soruşur ki, dəvəsini (səhralığa) açıb buraxa, daha sonra Allaha təvəkkül edə (həm də: Ona dəvəsinin qoruması üçün dua edə) bilərmi? Peyğəmbər deyir: “Dəvəni bağla, daha sonra (onu qoruması üçün) Allaha təvəkkül et!”

İslamın təməl kitabı “Quran”ın  onlarla  (50-dən çox) ayətində duadan bəhs olunur. İslama tapınmış insanların dinlərinin təlim kitabının tələb və tövsiyələrinə uyğun əxlaqda olmaları nəinki normal, həm də təqdirəlayiq haldır.

Bununla belə, bu hay-küyçü, korafəhm şəxslərin diqqətinə:

İnsafınız, həyanız olsun! Türkiyədə əl-qolunu sallayıb evində oturan, dua edib zəlzələ qurbanları üçün tükünü  tərpətməyən müsəlmanmı görmüşsünüz ki, özünüzə əl qatıb Türkiyə adına “kraldan çox kralçılıq” edirsiniz!? Həya, qanacaq, mərifət yaxşı şeydir! Türkiyədə bəyənmədiyiniz bütün dini vəqflər (fondlar), dini yardım təşkilatları, camaatlar səfərbər olaraq zəlzələnin nəticələrini aradan qaldırmaq üçün fədakarlıqla  çalışırlar”.

Əminəm ki, bu kimi iftiraları yayanlar isti evində oturub “klaviatura” fədakarlığı edənlər və bəlli xarici (həmçinin daxili) düşmən qüvvələrin himayəsində (əmrində) fəaliyyət göstərən mütəşəkkil ideoloji diversiya qruplarının üzvləridir…

Əvvəla, nəzərə almaq lazımdır ki, yaponlar buddistdirlər. Buddizm – monoteist, yəni təktanrıçı  din deyil.  Onlara istinadən İslam dini mənsublarına  “tərbiyə” verməyə cəhdin özü ən azı tərbiyəsizlik, müsəlmanlara hörmətsizlikdir.

Bununla belə, hətta buddistlərin, o cümlədən yaponların da dini-fəlsəfi cərəyanlarından asılı olmayaraq dua mədəniyyətləri var. Onlar da hər hansı səbəbdən  əvvəl  və ya sonra  dua edirlər.  Onlar da gündəlik  dua  ayinləri (1-2 saat) icra edir  və bu, ”xural” adlanır.

Buddistlərin, eləcə də xristianların  2011-i ildə Yaponiyada baş vermiş, böyük dağıntılar törətmiş, yaşayış məntəqələrini yer üzündən silmiş, minlərlə insanın həyatına son qoymuş  zəlzələ zamanı  dua etdiklərini  görmüşük.

Həmçinin yaxın keçmişdə – pandemiya dövründə yaponların buzlu suya girib dünyanın xilası  diləyi ilə  dua etdiklərini də xatırlayırıq…

O ki qaldı dua məsələsinə, bəli, dua lazımdır, həm işdən qabaq, həm iş zamanı, həm də işdən sonra. Dua mənəvi gücdür, ümiddir, nicatdır, xilasdır. Dağıntılar altında elə sağqalma hallarına rast gəlinib ki, təcrübəyə, elmə, bioloji və fiziki qanunlara görə sağqalma mümkün deyildi. Məhz duanın nəticəsidir ki, olmalı şey olmur, həyat ölümə qalib gəlir.

İnanc insanlara çətin günlərdə ümid, mənəvi güc verən əvəzedilməz “silah”dır. İnsanların əlindən ümid silahını almaq xəstə və bədbin təfəkkür sahiblərinin vərdişidir…

Bir sözlə, duası ilə, əməyi ilə zəlzələ qurbanlarının yanında olan inanclı şəxsləri həzm edə bilməyən faşist təfəkkürün, kinli və paxıl zehniyyətin şahidi oluruq bu günlərdə..

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir