“İrəvanda xan qalmadı”: videofilmə münasibət

 

Abbasqulu NƏCƏFZADƏ

sənətşünaslıq elmləri doktoru, professor
a.najafzade@yahoo.com

 

TikTok.com-da paylaşılan “Tarixin arxa qapısı: Gizlədilən həqiqət və “İrəvanda xan qalmadı” adlı videofilmdə bu mahnının dini mötivlərlə, mərsiyə tərzində yarandığı söylənilir.  Xatırladım ki, (1) bir neçə il əvvəl  YouTube-da, “Varlıq” kanalında “Tarixin arxa qapısı: Gizlədilən həqiqət və “İrəvanda xan qalmadı” adlı videofilm yayımlanmışdı və eyni fikirlər orada da səsləndirilmişdi…

Amma nədənsə həmin link (2) hazırda aktiv deyil.

Filmdə tarixi faktlar səhih olsa da, musiqişünaslıq baxımından təhriflər və yanlışlıqlar az deyil. Hər bir söylənilmiş ciddi fikrin arxasında elmi sübut, fakt və dəlillər olmalıdır. Bunlar yoxdursa, söylənilənlər fərziyyə kimi qalacaqdır. Elm isə fərziyyəni, ehtimalları qəbul etmir.

İradımız teleişçilərdən daha çox videofilmin ideya müəllifləri və məsləhətçiləri –  tarix üzrə fəlsəfə doktoru, BDU-nun dosenti Kərəm Məmmədova (1965-2023) və araşdırmaçı-jurnalist İdris Heydərliyədir.

Haşiyə: Bu TikTok.com-da paylaşılan linki mənə Türkiyənin Eskişehir Universitetində uzun illər musiqiçi, instrumentalçı kimi çalışmış, hazırda təqaüdçü olan Rafiq Əsgərov göndərmişdir.

Onu deyilənlərin musiqişünaslıq baxımından həqiqətdən uzaq, dəyərsiz fikirlər olduğu barədə məlumatlandırdım . Rafiq müəllim məndən bununla bağlı bir məqalə hazırlamağımı xahiş etdi. Mən də dostumun xahişini yerinə yetirdim.

Məqalə tam hazır olduqda bildim ki, Kərəm Məmmədov dünyasını dəyişmişdir. Allah rəhmət eləsin, ruhu şad olsun. Filmin digər məsləhətçisi İdris Heydərliyə, eyni zamanda çəkiliş qrupunun bütün üzvlərinə cansağlığı arzulayırıq.

Filmdə “İrəvanda xal qalmadı” mahnısının yaranma tarixinin 200 ildən artıq olmadığı bildirilir. Əvvəla, araşdırmalardan aydın olur ki, bu mahnı ən azı, XVI əsrdə, bəlkə də bir neçə əsr əvvəl ozan və aşıqlar tərəfindən oxunmuşdur. Daha dəqiqi, qədim “Qarabağ kədəri” aşıq havasında ifa edilən 7 bəndlik mətnin 3-cü bəndinə əsasən bu qənaətə gəlirik:

İrəvanda ayaqquşu
Gedər yazı, gələr qışı.
Yaxşı olar yar görüşü.

Dögmə (3) :

Ay qız, o xal nə xaldır,
Sən ora düzdürmüsən?
Ay naz, o xal nə xaldır,
Sən üzə düzdürmüsən?

Folklorşünas Hümmət Əlizadə (1907-1941) tərtibçisi olduğu kitabında bu mahnının 7 bəndlik poetik mətnini aşıqların dilindən ilk dəfə 1932-ci ildə, daha sonra 1938-ci ildə “O xal nə xaldır” adı ilə təqdim etmişdir. (4)

“İrəvanda ayaqquşu, Gedər yazı, gələr qışı” misralarından bəlli olur ki, bu mahnı daha qədim əsrlərdə yaranmışdır. Belə ki, İrəvan ərazisində hələ XVI əsrə qədər “ayaqquşu” adlı köçəri bir quş olub, yalnız qış aylarında şimaldan İrəvana gəlirmiş və şeirdə deyildiyi kimi, yazda da geri dönürmüş. Bu quş o qədər nəhəng və yırtıcı olub ki, hətta öküzü ayaqları ilə tutub aparırmış. Qüvvətli ayaqlarına görə, həmçinin yerdə də sürətlə hərəkət etdiyindən onu ayaqquşu adlandırmışlar.

Sonralar görünür, ayaqquşunun da kələzlər və dinozavrlar kimi kökü kəsilmişdir. Deməli, “ayaqquşu” ifadəsindən mahnının təxminən XVI əsrdə, bəlkə də bir neçə əsr əvvəl yarandığı bəlli olur. Çünki XVI əsrdə İrəvanda artıq ayaqquşunun kökü kəsilmişdi. Bu misraların daha əvvəlki əsrlərdə yarandığını düşünürük.

Mühacir ədəbiyyatında da bu mahnının tarixinin daha qədim, Dədə Qorqud dövründə olduğu (5) öz əksini tapır. Şərqdə ilk demokratik respublikanın qurucusu Məhəmməd Əmin Rəsulzadə (1884-1955) 1928-ci ildə İstanbulda çap etdirdiyi “Kafkasya türkleri” adlı tarixi-siyasi tədqiqatında (“Tarixə bir baxış” adlı ilk bölümdə) həmin mahnının bəndlərindən biri təqdim olunur:

İrəvanda mən işlərəm,
Xəncərimi gümüşlərəm,
Bir öpəm, üç dişlərəm.

M.Rəsulzadə buradakı sonuncu misranı “Kitabi-Dədə Qorqud” dastanının “Qambörənin oğlu Bamsı Beyrək boyu”nda (6) yazılan “Beyrək üç öpdü, bir dişlədi” məqamı ilə müqayisə edir, bunların eyni kökdən qaynaqlandığını bildirir.

Həqiqətən, mahnının son misrası dastandakı sözlərlə bir-birinə çox bənzəyir, bir sözlə, deyilən fikirlər üst-üstə düşür. Sadəcə, mahnıda da bu misra “bir öpəm, üç dişlərəm” deyil, “üç öpüb, bir dişlərəm” sözləri ilə oxunsaydı, həmin fikri özündə daha dolğun şəkildə ehtiva etmiş olardı.

M.Ə.Rəsulzadənin təqdim etdiyi bənddə, eləcə də mahnnın digər ən qədim bəndlərində İrəvan şəhərinin adı çəkilir. Bu da mahnının birmənalı şəkildə Azərbaycanın qədim şəhərlərindən biri olan İrəvanda və Dədə Qorqud dövründə yarandığını təsdiqləyir.

Əslən Güney Azərbaycandan (İran) olan tanınmış ustad sənətkar, musiqişünaslıq üzrə elmlər doktoru Aşıq Çingiz Mehdioğlunun söylədiyinə görə, “İrəvanda xal qalmadı”nın melodiyası ən qədim aşıq havalarından biri olan “Gəraylı gülü”nə çox bənzəyir. Görünür, bu hava üstündə “İrəvanda xal qalmadı”nın sözlərini oxumuşlar.

2021-ci ildə Güney Azərbaycanda dünyasını dəyişən Aşıq Çingiz Biriya (1960-2021) ustadlarından eşitdiyinə görə, “Gəraylı gülü” havası Aşıq Dədə Qurbaninin (1477-1548) bəstəsidir. Xatırladaq ki, Aşıq Dədə Qurbanini elmi ədəbiyyatda Dirili Qurbani də adlandırırlar.

Deməli, ustad aşıqların da fikrincə, “İrəvanda xal qalmadı”nın yaranma tarixi XV–XVI əsrlərə gedib çıxır. “İrəvanda xal qalmadı” mahnısının yaranma tarixini yaxın keçmişə aid edildiyini bildirənlərə filologiya elmləri doktoru, Bakı Qızlar Universitetinin professoru Almaz Həsənqızı da haqlı olaraq öz iradını yazır:

… Bu da çox qədim bir mahnının tarixini xeyli cavanlaşdırmaqla yanaşı, İrəvanda hələ Dədə Qorqud
zamanından türk etnoslarının varlığını ortaya qoya biləcək bir faktın da üzərinə kölgə salmış olur” (7) .

Filmdə “İrəvanda xal qalmadı” mahnısı mərsiyəyə bənzədilir, özündə tarixin bir faciəsini əks etdirən bir ağı olduğu bildirilir. Burada deyilir ki, 1827-ci il oktyavrın 6-da rus generalı İvan Paskeviçin (1782-1856) qoşunları İrəvan qalasını işğal edir. Həsən xan Qacar və onun oğlu həbs edilir. Qalanın açarlarını təslim etmədiyinə, çoxlu sayda rus əsgərini məhv etdiyinə və sonadək müqavimət göstərdiklərinə görə onlar Paskeviçin əmri ilə rus əsgərləri tərəfindən tikə-tikə doğranılır. Paskeviç onları dəfn etmək üçün İrəvanın şeyxülislamını çağırır. Qoşa meyiti görən şeyxi dəhşət bürüyür. Guya dastanlaşmış hadisə nəticəsində yaranmış mərsiyənin mətni İrəvan şeyxi ilə Paskeviçin dialoqundan yaranmışdır.

Mahnınn bugünkü duet şəklində olan mətnində oğlanın sözləri kiçicik dəyişməklə (xal əvəzinə xan) Şeyxin dilindən, qızın mətni isə Paşkeviçin dilindən (yar əvəzinə çar) təqdim olunur. Çox gülünc və komik bir “ağı” alınır.

Bu filmdə həmçinin: “Ötən əsrin 70-80-ci illərinə kimi demək olar ki, heç kim insanların toylarda bu mahnını oynadıqlarının şahidi olmayıb”, – deyilir. Çox qəribə yanaşmadır, elə deyilmi? Unudulmuş bir çox havalar folklorşünaslar tərəfindən bu gün bərpa edilir. Musiqi rəhbəri olduğum “Dastan” folklor ansamblının müşayiəti ilə kollektivin bədii rəhbəri Xalq artisti Baba Mahmudoğlu (1940-2006) bir çox unudulmuş xalq mahnılarına yeni həyat vermişdir. Bu havaların arasında kifayət qədər oynaq musiqilər var. Kim sübut edə bilər ki, həmin melodiyalar bir vaxtlar oynanılıb, yoxsa oynanılmayıb. Əgər bərpa edilən havanın melodiyası oynaqdırsa, deməli, bu, oynamaq üçün yaradılıb da.

Filmdə bu mahnını ilk dəfə yaxın keçmişdə Xan Şuşinskinin ifa etdiyi deyilir. Bəlli olur ki, filmi ərsəyə gətirənlər 1909-cu ildə Məşədi Hilal Zeynalovun qrammofon valı üçün oxuduğu həmin mahnıdan xəbərsizdirlər (8). Mahnı 6/8 ölçüdədir, yəni el dili ilə desək, oynaq “üç badam, bir bir qoz” ritmində ifa olunur. Bu ritmdə və oynaq tempdə mərsiyə ola bilərmi?

Daha bir maraqlı məqam da mahnının fərqli bəndinə diqqət yetirilməsidir:

İrəvanda xan qalmadı,
Gəncədə sultan qalmadı,
Daha məndə can qalmadı.

Filmdə bu bəndin əslən İrəvan bölgəsindən olan yaşlı insanların dilindən alındığı bildirilir. Məsləhətçilər mütaliə etsəydilər, həmin bəndə yuxarıda adıçəkilən Hümmət Əlizadənin tərtib etdiyi kitabda rast gələrdilər (9). Bu istinad daha da elmi şəkil alardı, nəinki eşitdiklərini söyləmişlər.

Haqqında danışdığımız kuplet Hümmət Əlizadənin aşıqların dilindən yazdığı 7-ci bənddir. Fikrimizcə, 2-ci misrada Gəncədə deyil, “Şəkidə sultan qalmadı” kimi oxunsa, məntiqli alınar. Çünki Azərbaycanda Gəncədə deyil, Şəkidə sultanlıq olmuşdur. Tanınmış xanəndə Məşədi Hilal Zeynalov da 1909-cu ildə bu mahnını oxuyarkən ikinci bənddə məhz Şəki sözünü işlətmişdir.

Burada işlədilən “xan” və “sultan” sözləri mahnının xanlıqlar dövründə də oxunğunu təsdiqləyir. Sonralar sovet ideologiyasına uyğun gəlmədiyindən xan və sultan sözləri mətndən çıxarılmışdır. Həmin misralar “İrəvanda xal qalmadı, Daha məndə hal qalmadı” ilə əvəzlənmişdir.

Əməkdar jurnalist, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu yazır: “Mahnıdakı xan sözü İrəvan xanlığının dəhşətli şəkildə köçünə və xanlığın süqutuna bir işarədir” (10). Başqa ehtimala görə, İrəvanda üzündə qoşa xal olan gözəl bir qız yaşayırmış, guya onun üstündə xanlar bir-birini qırırmış.

Xalq artisti Qədir Rüstəmov (1935-2011) bu mahnını ifa edərkən öncə “İrəvanda xal qalmadı” kimi oxumuş, sonra tanınmış rejissor və şair Hafiz Baxış (1932-1989) onunla görüşdükdə bu misrada “xal” deyil, “xan” olduğunu söyləmiş və məzmunu izah etmişdir. Ondan sonra Qədir bu mahnını ikinci dəfə lentə aldırır və “xal” əvəzinə “xan” oxuyur.

Nəticə olaraq, bildiririk ki, mahnının mətni aşıq şeiri üslubunda yazıldığından və yuxarıda sadalanan qaynaqlara istinadən ozan-aşıq yaradıcılığının məhsulu hesab edilir. Onun mərsiyə ilə heç bir əlaqəsi yoxdur. Təqdim edilən filmdəki musiqişünaslıqla bağlı fikirlər inandırıcı deyil və bu, filmi hazılayanların təxəyyüllərinin məhsulu, bədii əlavələridir. Lakin bir daha qeyd edirik ki, digər tarixi məsələlər gözəl və peşəkarlıqla işlənilmişdir. Xüsusən də İrəvan xanlığının varislərinin tanınmaması çox aktual səslənir.

Bu yolda hər birimiz mübarizə aparmalıyıq. İrəvanda gəlinin atasının xanəndədən qızını tərif etməsi məsələsinin də uydurma olduğunu gözəl açıqlamısınız. Əslində bu problemlə bağlı mətbuatda illər öncə fikrimizi bildirmişik. Yaxşı olardı ki, belə filmlər hazırladıqda məsləhətçilərdən biri də musiqişünas olaydı…

 


 

1 https://www.tiktok.com/@etibaraliyev53/video/7261011121308585224?_r=1&_t=8eOsbpWYR
W6
2 www.youtube.com/watch?v=3QqSkaYPHdk&feature=youtu.be&app=desktop

3 Qədimdə ozan-aşıqlar nəqərata dögmə (doymə, sözün döyülməsi, təkrarlanması) deyərmişlər.

4 Əlizadə H. “Aşıqlar”. İki cilddə, II c. B.: “Azərnəşr”, 1938, s. 357-358

5 Resulzade Mehmet Emin “Kafkasya Türkleri”. İstanbul: Türk Dünyası Araştırmaları Vakfı, 1993, s. 9

6 “Kitabi-Dədə Qorqud”; Tərtibçi, çapa hazırlayan, ön söz və lüğətin müəllifi Samət Əlizadə. B.: “Yeni Nəşrlər Evi”, 1999, s. 68, 271

7 Həsənqızı A. “Azərbaycan mühacirət folklorşünaslığı”. B.: “Elm və təhsil”, 2016, s. 121

8 Xalq mahnısı “O xal nə xaldır”, ifa Məşədi Hilal Zeynalov; 1909, Dövlət Səs Yazıları Arxivi №7788, istehsal: Tiflis, “Pate qardaşları” “Ekstrafon” firması; Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, diskografiya.musigi-dunya.az/eng/extrafon.asp

9 Əlizadə H. “Aşıqlar”, iki cilddə, II c. B.: “Azərnəşr”, 1938, s. 357-358

10 Babaoğlu H. “Bir mahnının izi ilə, yaxud qıpçaq qızı Sarı Gəlin” “Yeni Azərbaycan” qəzeti,
2011, s. 8 yanvar, s. 6-7

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir