İlqar Dağlının incəsənətimizə verdiyi töhfələr

 

Abbasqulu NƏCƏFZADƏ

sənətşünaslıq elmləri doktoru, professor
a.najafzade@yahoo.com

 

İlqar Dağlı (İlqar Südeyf oğlu Əliyev, Dağlı –  təxəllüsüdür, 16.03.1940, Bakı –  01.01.2007, Sumqayıt) – həvəskar tarçalan, miniatür çalğı alətləri ustası, şair-qəzəlxan, Müşfiq xatirə mükafatı laureatı (1999).

Atası – hərbçi, polkovnik, təyyarəçi Südeyf Bəşir oğlu (1910-1975) Xızının Qalaşıxı kəndində doğulub.

İlqar Dağlı şair təbli sənətkar, 100-dən çox şeir və qəzəlin, həm­çinin 1000-dən artıq qədim çalğı alətlərimizin miniatür formasının müəllifidir.

İlqar Dağlı gözəl dost, gözəl ailə başçısı idi. Onun haqqında danışmaq həm asan, həm də çətindir. Asandır ona görə ki, İlqar müəllimlə uzun illər dost­luq etmişik, onunla keçirdiyimiz xoş günlərin xatirələri qalıb ürəyimdə. Çətindir ona görə ki, İlqar Dağlı bu gün aramızda yoxdur. O, əbədiyyətə qovuşub, dünyasını dəyişib.

İlqar Dağlı əslən xızılı olsa da, Bakıda böyüyüb, boya-başa çatmış, 199 və 31 №li məktəblərdə orta təhsil almışdır. Onun nəğmə müəllimi böyük bəstəkar, Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Cahangir Cahangirov (1921-1990) olub. O vaxtdan İlqar musiqinin vurğunu ol­muş, həvəskar tarçı kimi fəaliyyət göstərmiş, 12 №-li uşaq musiqi məktəbində oxumuş, tarçalan Sədi Mustafayevdən dərs almışdır.

Yaşadığı mühitin də onun gələcəkdə sənətkar kimi formalaşmasında böyük rolu olub. Belə ki, tanınmış incəsənət xadimləri Məmmədxan (1890-1957), Əhmədxan (1892-1973) və Tofiq Bakıxanovlar, məşhur tarçalan Mirzə Fərəcin (1847-1927) oğlu İsmayıl Rzayev və onun qızı kamança ifaçısı Ruqiyyə Rzayeva (1916-?), ilk qadın bəstəkarlarımızdan biri Ağabacı Rzayeva (1912-1975), nəfəs alətləri ifaçısı Bəhruz Zeynalov (1926-1998), zərb alətləri ustası Çingiz Mehdiyev (1932-1992), qarmonçalan Səfərəli Vəzirovla (1929-1982) bir məhəllədə yaşayıb.

İ.Dağlı Azərbaycan Politexnik İnstitutunun (indiki Dövlət Texniki Universiteti) Avtomobil nəqliyyatı fakültəsini bitirib (1957-1962) və avtonəqliyyat üzrə mühəndis-me­xanik peşəsinə yiyələnmişdir. O, Respublika Avtomobil Nəqliyyatı Nazirliyində mühəndis, müfəttişlik şöbəsinin apa­rıcı müfəttişi vəzifələrində işləyib. 1967-ci ildən Sumqayıt şəhərinə köçmüş və dünyasını dəyişənə kimi bu şəhərdə yaşamışdır. İ.Dağlı Sumqayıt şəhər yükdaşıma avtobazasında baş mühəndis, sərnişindaşıma avtobazasında baş avtodispetçer və istismar şöbə rəisi, 1 №-li avtomobil dəstəsinin rəisi vəzifələrində işləyib. Yüksək peşə bacarığı nəzərə alınaraq bir sıra döş və əmək veteranı nişanları ilə, fəxri fərmanlar, orden və medallarla təltif olunmuşdur.

İ.Dağlı ədəbi fəaliyyətini də davam etdirmiş, “Gülüstan” ədəbiyyatçılar birliyinin üzvü olmuş, jurnalist-publisist kimi dövrü mətbuatda bir sıra məqalələri və şeir-qəzəlləri dərc edilmişdir. O, bir müddət “Türk dünyası” qəzetinin şöbə müdiri vəzifəsində çalışmışdır.

İ.Dağlının bir peşəsi də vardı, o, boş vaxtlarında şirin və məzəli danışığı ilə toy məclislərimizə ağsaqqallıq, tamadalıq edirdi.

İlqar Dağlı 1975-ci ildən etibarən incə zövqlə miniatür çalğı alətləri hazırlayırdı. Onun sənət əsərlərinə diqqətlə baxdıqda, sanki sənətkarın qəlbinin hərarətini duyursan. İlqar müəllimin hər bir əl işində incəsənətin bir çox sahələrini görmək olur. Burada zərgərlik işləri daha çox diqqəti cəlb edir. Musiqi alətlərinin orijinal formasını miniatürə nisbətən daha asanlıqla hazırlamaq olur.

İ.Dağlı miniatür alətləri hazırlayarkən görkəm xatirinə deyil, hər alətin orijinalının (böyük, əsl formasının) hazırlanma texnologiyasını mənimsəyir. Hər hansı aləti hazırlayarkən əvvəlcə ona lazım olan materialları toplayır. Yəni tarı tut, kamançanı qoz, balabanı ərik ağaclarından hazırlayırdı ki, orijinaldan fərqlənməsin.

İlqar müəllim alətlərə bəzək, naxış vurarkən sədəfdən, qaban və fil dişlərindən istifadə edirdi. Miniatür musiqi alətlərini hazırlamaq üçün İlqar Dağlı milli ornamentlərimizi, yəni naxışlarımızın, bəzəklərimizin texnologiyasını dərindən mənimsəyib. Onun əl işlərinə nəzər yetirdikdə çilik, cidaburnu, zəncirvari, dama, paxlava, buta, aypara, daraq, dırnaq, pitik, günəş, səmai-şəms, heyratı, şax, xə­tayi, kəpənək, tikəş, ispirəy, çobanyastığı və s. kimi milli naxışları böyük sənətkarlıqla işlədiyinin şahidi oluruq. Bu da onu göstərir ki, İ.Dağlı ornamentlərimizi dərindən mənimsəmiş və bu sahədə zəngin bilgilər əldə edib. O, miniatür musiqi alətləri kompozisiyasını adətən heyva ağacının kötüyü üzərində yerləşdirirdi.

Mən İlqar müəllimdən soruşanda ki, “bu alətləri başqa ağacların – qoz, ərik, tut və s. kötüyü üzərində qurmaq olmaz?” Cavabında bildirmişdi: “Bunun da öz rəmzi mənası var. Ulularımızın, nənə-babalarımızın inancına görə, heyva ağacı insanları bədnəzərdən qoruyur”. Bu səbədən İlqar Dağlı əsərlərini heyva ağacı üzərində qururdu ki, hədiyyə verdiyi insanları Allah-taala bədnəzərdən, şər qüvvələrdən hifz eləsin, qorusun. İlqar Dağlının necə xeyirxah insan olduğu buradan açıq-aydın görünür. O, bu üsulla həyatda çox sevdiyi, istədiyi insanları öz əməlləri ilə qorumaq istəyirdi.

İlqar Dağlı həm də çox gözəl şair idi. Bəzən isə o, əl işlərindən kiməsə ərməğan edərdisə, həmin adama bir neçə bəndlik şeir payı da yazıb göndərərdi. İlqar Dağlı çoxşaxəli sənətkar idi. O, çalğı alətləri hazırladıqda öz işindən böyük zövq alardı, ürəyinin hərarətini sənət əsərinə hopdurardı. Yəni bu sənət onun hobbisi idi. Zərgər incəliyi ilə ərsəyə gələn əl işlərini hazırlayarkən qətiyyən yorulmazdı.

İlqar Dağlının 1000-dən artıq əl işləri tanınmış şəxsiyyətlərə hədiyyə edilmiş, müxtəlif yollarla bir sıra xarici ölkələrə – ABŞ, İsrail, Almaniya, İran, Türkiyə, Ərəbistan, Norveç, Yaponiyaya aparılmış, sərgilərdə nümayiş etdirilmişdir. Xaricdəki Azərbaycan kültür dərnəklərində, Sumqayıt Tarix Muzeyində, o cümlədən müxtəlif muzeylərdə və şəxsi kolleksiyalarda qorunmaqdadır.

İllüstrasiya

Biz Yaponiyada uzunmüddətli (6 ay), 1999-2000-ci illərdə qastrol səfərində olarkən, konsert başlamamışdan əvvəl foyedə İlqar Dağlının əl işləri nümayiş etdirilirdi. Yerli əhalidən başqa dünyanın hər yerindən gələn turistlər onun sənət əsərləri olan əl işləri ilə tanış olurdu. Bu zaman nəinki İlqar Dağlı sənəti ilə, həmçinin Azərbaycanın mədəniyyəti, çalğı alətləri haqqında izləyicilərdə gözəl təəssürat yaranırdı. Bir sıra unudulmuş, itib-batmış çalğı alətlərimiz olub ki, indi onların heç orijinal forması da əldə deyil. Buna baxmayaraq, İlqar Dağlı belə alətlərin eskizlərini, miniatür rəsmlərini axtarıb-arayır və miniatür formalarını hazırlayırdı. Belə işlərindən böyük qürur hissi keçirib deyərdi: “Mən bu alətin miniatür formasını üzə çıxartdım, qoy digər sənətkarlarımız da onun orijinal formasını hazırlasınlar. Təki bu qəbildən olan alətlərimiz itib-batmasın”.

İlqar Dağlı vətənpərvər, millətini, xalqını dəlicəsinə sevən sənətkar idi. Onun haqqında çox danışmaq olar. İlqar müəllim həm də gözəl publisist-yazıçı idi. Dövrü mətbuatda, o cümlədən sevilən qəzetlərimizdən olan “Türk dünyası”n­da mədəniyyətimizlə, incəsənətimizlə bağlı dəyərli məqalələrlə çıxış edirdi. İl­qar Dağlının 20-dən artıq kitabda şeirləri çap olunub, yaradıcılığı geniş işıqlandırılıb. Bunlardan tərtibçi-müəllif Əmirhüseyn Elşən “Varlıq – ensiklopedik toplu” (Bakı: “Zaman”, 1998, s. 71), Rəfiqə Şəms “İlqar Dağlı” (Bakı: “Sumqayıt”, 2000, 32 s.), bu sətirlərin müəllifi tərəfindən hazırlanmış “Azərbaycan çalğı alətlərinin izahlı lüğəti” (Bakı: “Min bir mahnı” MMC, 2004, s. 60), Əmirhüseyn Elşən “Sənətdə son zirvə yoxdur” (Bakı: “Araz”, 2002, s. 81-88) və s. kitabları nümunə göstərmək olar.

İ.Dağlı əl işlərini professorlar – Süleyman Ələsgərova (1924-2000), Hacı Xanməmmədova (1918-2005), Xalq artistləri – Avtandil İsrafilova (1941-2023), Şəfiqə Eyvazovaya, Nisə Qasımovaya, Alim Qasımova, Sadıq Zərbəliyevə, Əməkdar artistlər Ədalət Vəzirova (1951-2002), Zakir Mirzəyevə, Mətanət İsgəndərliyə, Əməkdar müəllim Ofelya Babayevaya, eks-daxili işlər naziri İsgəndər Həmidova (1948-2020), ustad meyxanaçı, qəzəlxan-şair Nizami Rəmziyə (1947-1997) və başqalarına hədiyyə etmişdir.

İlqar Dağlı çox mənalı bir ömür yaşadı, o, cismən bizdən ayrıldı, ruhən isə bizimlədir. Nə qədər ki, Azərbaycan xalqı yaşayır, İlqar Dağlının da əl işləri yaşayacaq, özü də sənətsevərlərin qəlbində daim yaşayacaq.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir