Bir daha “Qarabağ şikəstəsi” haqqında: niyə “Yaddan çıxmaz Qarabağ”?

Abbasqulu NƏCƏFZADƏ

sənətşünaslıq elmləri doktoru, professor
a.najafzade@yahoo.com

Məqaləni ailəmizin sonbeşiyi Məhərrəm Nəcəfzadənin unudulmaz xatirəsinə həsr edirəm. Məhərrəmin bir şakəri vardı: toy məclislərində sazı ilə meydana çıxanda toy sahibinin hansı bölgədən olduğunu nəzərə alırdı. Məsələn, şirvanlıların məclisidirsə, mütləq “Şirvan şikəstəsi”, qarabağlı məslisində “Qarabağ şikəstəsi”, Abşeron toylarında isə mütləq “Bakı şikəstəsi”ni ifa edərdi…

Qeyd: sovet dövründə bu şikəstənin tarixi adını dəyişib “Kəsmə şikəstə” ediblər… 

 

Məhərrəm Nəcəfzadə

“Qarabağ şikəstəsi” ilə digər şikəstələrin fərqi

Azərbaycanda üç böyük muğam məclisi fəaliyyət göstərmişdir: Bakı (Abşeron), Şuşa (Qarabağ) və Şamaxı (Şirvan). Bu məclislərin hər birinin özünəməxsus şikəstələri vardır və həmin şikəstələr bir-birindən bəzi spesifik xüsusiyyətlərinə görə fərqlənir. “Bakı şikəstəsi” orta registrdə ifa olunur, Abşeron əhli şeirə, poetik mətnə böyük dəyər verdiyindən burada zil registrdən istifadə olunmur.  Bu səbəbdən xanəndə yanıqlı  tələffüz edilən sözləri  dinləyiciyə aydın  çatdıra bilir. “Qarabağ şikəstəsi”ndə isə bunun tam əksini görürük. Xanəndə bu zərbli muğamı çox zildə ifa etdiyindən sözlərin tələffüzü çətinləşir. Ona görə bu şikəstənin öhdəsindən hər xanəndə gələ bilmir.

“Şirvan şikəstəsi”nin musiqi materialı “Bakı şikəstəsi” və “Qarabağ şikəstəsi” arasında sanki bir körpü salır. Yəni xanəndə “Şirvan şikəstəsi”ni öncə orta registrdə, daha sonra isə zildə “Manəndi-Müxalif” şöbəsini oxuyaraq öz səs imkanlarını nümayiş etdirir. Göründüyü kimi, “Bakı şikəstəsi”ndə zil səslər yoxdur, “Şirvan şikəstəsi”ndə orta zil səslərdən istifadə olunur, “Qarabağ şikəstəsi”ndə isə bəm və orta səslər ümumiyyətlə yoxdur, bu muğamın öhdəsindən yalnız zil tessituralı xanəndələr gələ bilir.

Bu məqalədə yalnız “Qarabağ şikəstəsi”ndən bəhs edəcəyik.

Yaranma tarixi

Aşıq Məhərrəm Hüseyninin bildirdiyinə görə, “Qarabağ şikəstəsi” havası Aşıq Valehə (1722–1822) məxsusdur  – (1) Görünür, havanın poetik mətni müəyyən dövrlərdə aşıq və xanəndələrin dilində dəyişmiş, müəyyən bəndlərdə artırmalar edilmiş və yaxud redaktə olunmuşdur.

 Etimologiyası

Adından bəlli olduğu kimi, “Qarabağ şikəstəsi” ifadəsi iki komponentdən ibarətdir: Qarabağ və şikəstə.

Qarabağ – Azərbaycanda tarixi bir mahalın adıdır. Bəzən yanlış olaraq Qarabağ sözünün izahının “qara rəngli bağ” olduğunu bildirirlər. Qarabağ sözünün birinci komponenti “Qara” dilimizdə rəngdən başqa bir çox mənalarda da işlədilir: böyük, geniş, hay-küylü (qonaq-qaralı), qışqırıqlı (qaraqışqırıq), qorxulu, həyəcanlı (qarabasma) və s. Nəticədə Qarabağ sözünün mənası böyük, geniş bağları olan, daha dəqiqi: əzəmətli, ucu-bucağı görünməyən yaşıllıq, ərazi deməkdir. Əslində, Qarabağ qədim türk tayfasının adıdır, eyniadlı şəhər də olub.

“Şikəstə” sözü ilə bağlı isə Azərbaycan SSR-in ilk hərbi komissarı, ictimai-siyasi xadim, folklorşünas Əlihüseyn Dağlının (1898–1981) maraqlı fikirləri vardır. Çoxu “şikəstə”nin fars kəlməsi (sınmış, qəlbi qırılmış mənasında) olduğunu iddia edir. Ə.Dağlı isə bu kəlmənin xalis Azərbaycan türkünün arxaik sözü olan “sığışda”dan yarandığını bildirir. O yazır ki, qədimdə davada yaralanana türklər “sığışda” demişlər (2) . Türk əsgərləri yaralı düşmənə hörmətlə yanaşmış, onları müalicə etdirmişlər. Beləcə, sağ qalan fars əsirləri üçün “sığışda” sözü yaddaqalan olmuşdur.

Sonralar “sığışda” farslaşıb, “şikəstə”yə çevrilmişdir. Yəni fars dilində bu söz fonetik dəyişikliyə uğramış və “şikəstə” şəklində tələffüz olunmuşdur.

Ümumiyyətlə, yüzlərlə Oğuz sözü fars dilinə keçdikdən sonra bəzi hallarda təhrif olunmuş şəkildə özümüzə qayıtmışdır, məsələn, bozorg – böyük; kereşmə – kirişmə, o cümlədən şikəstə – sığışda və s.

Nəticə olaraq: “Qarabağ şikəstəsi” – “qarabağlılara məxsus şikəstə” deməkdir.

Morfologiyası

“Qarabağ şikəstəsi” – Azərbaycanın qədim muğamlarından biri olan “Segah”ın ahəngi, kökü əsasında qurulub. “Segah” muğamının əsasında qurulduğundan onun emosional xarakterini yaradır, dinləyicidə qəm-qüssə, kədər ovqatı oyadır.

“Segah”ın adına dahi musiqişünas-alimi Əbdülqadir Marağalının (1353–1435) risalələrində şöbə şəklində rast gəlirik. Orta əsrlərdə ifa olunan “Segah”ın adı klassik ədəbiyyatda da çəkilir. İmadəddin Nəsimi qəzəlinin bir beytində yazır:

“Zəngulə”sifət nalə qılam zar “Segah”a,

Çün əzmi – “Hicaz” eyləyə məhbubi-xoşavaz (3) 

Azərbaycanın başqa şairləri də şeirlərində “Segah” muğamını tərənnüm etmişlər.

Segah məqamının səssırası ½-1-1 (yarımton, ton, ton) formulu üzrə üç tetraxordun qovuşuq üsulla (x1 intervalı məsafəsində) birləşməsindən əmələ gəlir, (½-1-1-½-1-1-½-1-1) və xalis kvarta quruluşludur. Bu məqamın səssırası 10 pilləlidir, IV pillə mayə (tonika) pilləsidir, II pillə isə əsas ton əhəmiyyəti daşıyır. Məqamın səssırasının II, IV, VI, VII, VIII, IX pillələri istinad-dayaq pilləsi kimi “Segah” muğamının şöbələrinin əsasını təşkil edir. Bu məqamda qurulan musiqi nümunələri (xalq mahnıları, rəqs melodiyaları, aşıq havaları və s.), o cümlədən “Qarabağ şikəstəsi” həmin pillələrə əsaslanır.

Allegro moderato tempində ifa edilən “Qarabağ şikəstəsi”nin ölçüsü 2/4-dir, vokal muğam partiyalarından sonra növbələşmə əsasında melodik cəhətdən müxtəlif olan araçalğılar (interlüdiya), yəni instrumental epizodlar çalınır. Hər beytdən, yəni qoşa misradan sonra refren adlandırılan eyni melodiyaya malik araçalğı ifa olunur.

Xatırladaq ki, “Qarabağ şikəstəsi”nin ilkin forması ağır tempdə ifa olunmuşdur, sonralar müəyyən səbəblərdən tempi artırılmışdır. Nəticədə müasir ifaçılıqda həmin zərbli muğam marşvarı ifa edildiyindən öz şikəstə xarakterini itirmişdir.

Tempin sürətləndirilməsinin bir neçə səbəbi olub. XX əsrin əvvəllərində xanəndələrin səsi qrammafon valına yazılarkən ifanın xronometrajı üç dəqiqədən artıq olmamalıydı. Buna görə ifaçılar tempi artırırdılar ki, melodik baxımdan daha çox frazalar ifa etsinlər. İkincisi, bu işdə bəzi xanəndələrin də “rolu” olmuşdur. “Qarabağ şikəstəsi” zərbli muğamı çox zildə ifa olunduğundan sözlərin tələffüzündə naqislik olanlara iti tempdə oxumaq sərf edir…

Dahi Üzeyir Hacıbəylinin şur məqamında bəstələdiyi “II Fantaziya” əsərində biz əsl “Qarabağ şikəstəsi”nin ritmini və naləli ifasını fraqment şəklində eşidirik. Xalq artisti, professor Vamiq Məmmədəliyev qrammafon valları arxivində qoruduğu “II Fantaziya” əsərini  “YouTube” kanalında yerləşdirmişdir (4).

1:37-ci dəqiqədə “Qarabağ şikəstəsi”ndən bir fraza ifa olunur və burada “Qarabağ şikəstəsi”nin əsl tempi nümayiş etdirilir:




Poetik mətn

Yuxarıda “Qarabağ şikəstəsi”nin yaradıcısının Aşıq Valeh olduğunu bildirmişik. Bu faktın səhihliyi Milli QHT Forumunun prezidenti Rauf Zeyninin araşdırmasında da öz təsdiqini tapır. Əvvəla, qeyd edək ki, Rauf Zeyni ciddi siyasətlə məşğul olsa da, gənclik illərində peşəkar tar ifaçısı idi. Onunla eyni musiqi texnikumunda təhsil almışıq. İndiyəcən də dostluq əlaqələrimizi davam etdiririk. O, bu yaxınlarda dünyasını dəyişmiş qardaşım Məhərrəm Nəcəfzadənin 40 mərasimində “Qarabağ şikəstəsi”nin poetik mətni ilə bağlı maraqlı söhbət etdi.

Rauf Zeyni

Həqiqətən, bu, musiqişünaslıq elmi üçün çox böyük tapıntıdır. O, öncə “Qarabağ şikəstəsi”ndə oxunan bir bayatını təqdim edir:

“Əzizinəm Qarabağ,

Şəki, Şirvan, Qarabağ.

Aləm cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ” (5) .

Rauf Zeyni bayatı ilə bağlı onu düşündürən bir sıra suallara cavab axtarır: “Şəkinin, Şirvanın bura nə dəxli var? Həmçinin bayatının son misrası olan “Yaddan çıxmaz Qarabağ”  nə deməkdir, kimdir  Qarabağı unudan və  xanəndə niyə belə oxuyur?(6) .

O, bu bayatıda siyasi kodların, milli etirazın olduğunu düşünür.  Qarabağ və Şuşa xanı İbrahim xanın Rusiya imperiyasının güclü təzyiqləri altında Qarabağ Xanlığının işğalına imza atmasına, bununla da  Qarabağın rus imperiyasının tərkibinə  daxil edilməsinə, bunun acı nəticələrinin  olacağına eyham vurulur. Xalqın münasibəti, etirazı ifadə olunur  (7) .

Rauf Zeyninin həmin məqaləsində iqtibasa diqqət yetirək: “Sovet dövründə belə bir fikir formalaşdırmağa çalışırdılar ki, Qarabağ bayatısı guya Xan qızının Tehrana ərə getməsi ilə bağlıdır. Guya Xanqızı Qarabağdan Tehrana köçərkən xiffətdən və ya həsrətdən “Tehran cənnətə dönsə, Yaddan çıxmaz Qarabağ”, – deyib.

Məncə, bu heç bir məntiqə uyğun gəlmir. Əvvəla, Xanqızı özü bayatı desəydi, Şəki, Şirvan, Qarabağ yox, məsələn: Ağdam, Şuşa, Qarabağ deyərdi, yəni ən yaxın və doğma əhatəni dilə gətirərdi. Beləliklə, bu versiya daha çox uydurmaya oxşayır, sadəcə xan qızının adından el-obada çağırılan bayatı təsiri bağışlayır (8).

Rauf Zeyni axtardığını və istədiyini tapmışdır, o yazır: “Bu bayatını araşdırmağa başladığım ilk andan bayatının son misrası diqqətimi cəlb etdi. “Yaddan çıxmaz Qarabağ” – nə üçün bayatı məhz bu fikirlə bitir? Anladım ki, Qarabağın varlığını, tarixini, mahiyyətini yaddaşlardan silmək niyyəti var imiş məlum düşmənlərimizin. Bu təhlükəni duyaraq, o dövrün tanınmış ziyalıları, (Mirmövsüm Nəvvab və s.) bu bayatını məqsədyönlü yaratmış və bu bayatıda gerçək tariximizin Qarabağ səhifəsini yaddaşlara həkk etmək istəmişdilər” (9) .

Zənnimizcə, buradakı fikir ümumi ziyalıların adından deyilsə də, bayatının müəllifi  bəllidir: o, Aşıq Valeh Kərbəlayi Səfi Məhəmməd oğludur. Baxın, Rauf Zeyninin növbəti fikirləri tarixi baxımdan çox maraqlıdır, burada təqdim edilən işğal illərini nəzərdə tuturam. Bayatının mətni məhz Aşıq Valehin ahıl dövrünə, Dədəlik etdiyi illərlə üst-üstə düşür.

Ulu dədələrimizin niyyəti ilk baxışda adi və sadə görünən bir neçə misralıq bayatıda 1805-ci il faciəsini əks etdirmək olub. Bəs onda Şəki, Şirvanın bu bayatıya nə aidiyyatı var? Elə bu tarixi bayatının sirri də məhz bu misrada gizlənirmiş.

“Şəki, Şirvan, Qarabağ” – məntiqi və tarixi ardıcıllığa diqqət yetirin: Şirvan, Şəki, Qarabağ da deyə bilərdilər. Bəs niyə bu ardıcıllıqla deyilib? Çünki bu sıralama xanlıqların işğal tarixlərinə – işğal ardıcıllığına  uyğun qurulub. Bu məntiqlə  deyə bilərik ki, bu təsadüfən emosional vəziyyətdə çağırılan bayatı deyil, daha doğrusu, hisslərin yox, düşüncənin məhsuludur.

İlkin araşdırılmalardan belə məlum oldu ki, 1801-ci ildə Şəki, 1804-cü ildə Şirvan və yuxarıda qeyd etdiyimiz kimi, 1805-ci ildə də Qarabağ xanlıqları zorən Rusiya imperiyasının tərkibinə qatılmışlar. Araşdırmaların nəticəsi belə düşünməyə əsas verir ki, bu möhtəşəm bayatı duyğusal nənələrimizin dərddən çağırdığı bayatı deyil, əslində bu bayatı faciənin içində qovrulan, tarixi gerçəyin sarsıntısını içdən keçirən ulu dədələrimizin düşünülmüş əsəridir. Şəki, Şirvan, Qarabağ xanlıqlarının Rusiya imperiyası tərəfindən işğalının şahidi olmuş dədələrimiz bu faciənin xalqın yaddaşında daim yaşaması üçün, millət  faciəni heç zaman unutmasın deyə,  bu bayatını yazmış və bununla kifayətlənməyərək, “Qarabağ şikəstəsi”ni də faciələrimizin ruhunda bəstələmişdilər” (10) .

Asim Pirimov – Qurban Pirimovun nəticəsi

Sonda Rauf Zeyniyə sənətşünaslar adından bu araşdırmasına görə bir daha minnətdarlığımızı bildiririk. Onu da əlavə etmək istəyirik ki, ustad Aşıq Dədə Valehin sənət yolunu ondan sonra da nəvəsi, dövrünün tanınmış balaban ifaçısı Baxşəli Gülablı, nəticəsi Xalq artisti Qurban Pirimov (1880–1965) ləyaqətlə davam etdirmişlər. Qurban Pirimovun nəticəsi, AMK-nın tələbəsi Asim Pirimov da peşəkar tar ifaçısı kimi dədə-babalarının yolunu davam etdirməkdədir.

Onu da xatırladaq ki,  Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti, professor  Sevda Mirzə qızı İbrahimova (28 noyabr 1939  – 17 iyul 2022) da Qurban Pirimovun nəvəsidir.

 


1 – Aşıq Məhərrəm Hüseyni. Aşıq havaları. “Reportyor” qəzeti , 19-25 dekabr, 2010.

2 – Dağlı Ə. (Həmidov Ə.H.). Ozan Qaravəli (I kitab). Bakı: “MBM”, 2006, s. 162-163

3 – Nəsimi İ. Seçilmiş əsərləri. İki cilddə, I c. Bakı: “Lider”, 2004, s. 73

4 – Hacıbəyli Ü.Ə. II fantaziya, ifa edir Azərbaycan Dövlət xalq çalğı alətləri orkestri.

5 – Zeyni R.X. Yaddan çıxmaz Qarabağ – adi bayatı, yoxsa gerçək tarix? / “Olaylar” qəzeti, 2012,

14-16 yanvar, s. 11

6 – Zeyni R.X. Yaddan çıxmaz Qarabağ – adi bayatı, yoxsa gerçək tarix? / “Olaylar” qəzeti, 2012,

14-16 yanvar, s. 11

7 – Zeyni R.X. Yaddan çıxmaz Qarabağ – adi bayatı, yoxsa gerçək tarix? / “Olaylar” qəzeti, 2012,

14-16 yanvar, s. 11

8 – Zeyni R.X. Yaddan çıxmaz Qarabağ – adi bayatı, yoxsa gerçək tarix? / “Olaylar” qəzeti, 2012,

14-16 yanvar, s. 11

9 – Zeyni R.X. Yaddan çıxmaz Qarabağ – adi bayatı, yoxsa gerçək tarix? / “Olaylar” qəzeti, 2012,

14-16 yanvar, s. 11

10 – Zeyni R.X. Yaddan çıxmaz Qarabağ – adi bayatı, yoxsa gerçək tarix? / “Olaylar” qəzeti, 2012,

14-16 yanvar, s. 11

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir