“Qabusnamə”də əslində neçə muğamın adı çəkilib?

Abbasqulu NƏCƏFZADƏ

sənətşünaslıq elmləri doktoru, professor
a.najafzade@yahoo.com

Qoca Şərqin qədim ədəbi nümunələrindən biri olan, XI əsrdə farsca qələmə alınmış “Qabusnamə”də ifaçılıq sənəti və bir sıra muğamlarla bağlı bilgilər verilib 1. “Qabusnamə”də adıçəkilən muğam terminləri” adlı məqalə hazırlamaqda məqsədimiz bəzi alimlərin “Qabusnamə”də yalnız 8 muğamdan bəhs edilməsi kimi yanlış fikirlərinə aydınlıq gətirməkdir. Bu əsəri araşdırdıqda əslində  daha çox muğam adı çəkildiyinin şahidi oluruq.

“Qabusnamə”nin müəllifi Ziyarilər xanədanının son hökmdarı Ünsürülməali Keykavus ibn İsgəndər ibn Qavus ibn Vəşmgir ibn Ziyar Mövla Əmirəlmöminindir  (təx. 1021–1084). O, əsərinin “Musiqişunaslıq qaydaları haqqında” adlı 36-cı fəslində dövrünün muğamlarının şərhini verir. Burada 13 məqamın – “Badə”, “Bəstə”, “Busəlik”, “Xəfif”, “Xosrovanı”, “İraq”, “İsfahani”, “Nəva”, “Rah” (“Xəfif”in əksidir), “Rast”, “Üşşaq”, “Zirəfkənd”in adını pərdə şəklində çəkir. Əsərdə “pərdə” sözü muğam mənasını bildirir. Beləliklə, hələ XI əsrdə adıçəkilən muğamların əsasında eyniadlı məqamların mövcudluğu aydınlaşır. Bu muğamların hər birinə, eləcə də bəzi musiqi terminlərinə ayrıca olaraq diqqət yetirək.

BADƏ – adı “Qabusnamə”də  “pərdə” şəklində çəkilir 2. Burada “pərdə” sözü muğam mənasında işlədilir. Yəni “Badə” pərdəsi ifadəsi “Badə” muğamı kimi anlaşılır.

“Badə” sözü farsca çaxır, şərab, mey və ya şərab piyaləsi deməkdir 3.

Muğam adında isə bu söz məcazi mənada işlədilmişdir. Yəni “Badə” muğamı o qədər valehedici, zövqverici, təsiredici qüvvəyə malikdir ki, dinləyicini sanki bir anlığa məcazi mənada “məst” və bihuş edir, uydurur. Burada “Badə” dedikdə həqiqi mənada insanı bihuş edən içki nəzərdə tutulmur. Bu “Badə” – Allahla ruhlar arasında, “Bəzmi ələst”lə əhdü-peyman zamanı içilən vəhdət-birlik şərabının badəsidir. Muğamşünaslıqda “Badə” dedikdə məhz bu fikirlər nəzərdə tutulur. Dahi Nizami Gəncəvi (1141–1209) “Çalğıçı Barbədin tərifi” başlıqlı şeirində “Badə”ni “Nuşin badə” şəklində təqdim edir:

“Nuşin badə” silsə könüldən qubar,
Keçərdi gecədən qalmış o xumar 4.

“Nuşin badə” ifadəsindəki birinci komponent “nuşin” farscadan tərcümədə “dadlı, ləzzətli” deməkdir 5.

Dərin və qüdrətli muğam bilicisi, tanınmış tarçalan, Əməkdar artist Valeh Rəhimovun söylədiyinə görə, orta əsrlərdə hər hansı şöbəni tamamlayarkən sonuncu muğam cümləsinə “Badə” və yaxud Nizami Gəncəvinin təbiri ilə desək, “Nuşin badə” demişlər. Bir növ, bu söz bugünkü dəstgahların tamamlanmasında ifa olunan “Əyağ” guşəsinə adekvat, sinonim olmuşdur. “Əyağ” sözü badə, qədəh anlamında işlədilən qədim və arxaik türk sözüdür. Görünür, bu ifadə şahların şərab içilən məclislərində yaranmış, muğamın tamamlanmasından sonra “əyağ”lar bir-birinə döyəclənmiş, sağlıqlar söylənilmişdir. Necə ki, dövlət rəhbəri, sərkərdə və şair Şah İsmayıl Xətai (1486–1524) yazır:

Məclis əhli çaxır içəndə dutar əldə əyağ,
Sanasan bir şəm’dir kim, üstə yanır bir çırağ 6.

Ulu Məhəmməd Füzuli (1494–1556) isə “Divan”ının bir beytində belə deyir:

Məhrəm olmaz rindlər bəzminə mey nuş etməyən,
Ey Füzuli, çək ayaq ol bəzmdən, ya çək əyağ 7.

Göründüyü kimi, Füzuli burada “ayaq”la “əyağ”ı bir-birindən fərqləndirir. Muğamların tədris proqramlarında da dəstgahların tamamlanmasında sonuncu şöbəni yanlış olaraq “Ayaq” adlandırırlar… Təbii ki, o dövrdə muğamlar dəstgah formasında olmayıb. Amma muğam ifaçılığında “sonluq” mənasında işlədilən deyim həm də “Badə” adlandırılıb. Muğam ifaçılığında qədim sənətkarlar musiqi mətləbini, cümləsini bitirmək, yəni hər hansı fikri tamamlamaq, tonikaya qayıtmaq prosesinə “əyağ etmə” demişlər.

“Əyağ” – çalınan və oxunan şöbənin, bütövlükdə isə muğam dəstgahının özünəməxsus sonluğunu bildirir. Bu, bir növ, beynəlxalq terminlə desək, koda və ya kadensiya anlamını ifadə edir.

BƏSTƏ – XI əsrdə yazılmış Şərq ədəbi nümunələrindən olan “Qabusnamə”də adı “pərdə” şəklində çəkilir 8.

Yəni “Bəstə” pərdəsi dedikdə burada “pərdə” sözü muğam mənasında işlədilir. “Bəstə” eyni zamanda muğamın sonu, son pərdə mənalarını da bildirir 9.

Ümumiyyətlə, fars sözü “bəstə” dilimizə müxtəlif mənalarda da tərcümə olunur: bağlı, bağlanmış, tamamlamaq, bəstələmək, bəstəboy.

BUSƏLİK – Yaxın və Orta Şərq xalqlarının klassik musiqisinin əsasını təşkil edən 12 muğamdan biridir. “Busəlik”in də adı “Qabusnamə”də “pərdə” şəklində çəkilir 10. Burada “Busəlik” “pərdə” kimi, yəni muğam anlamında işlədilir. Orta əsrlərin klassik ədəbiyyatında da “Busəlik”in adına rast gəlirik. Azərbaycanın klassik şairi Həbibi 11 (1470–1520), Seyid Əbülqasim Nəbati 12 (1812–1873) şeirlərində “Busəlik” muğamını tərənnüm etmişlər.

Orta Asiyalı musiqişünas, müğənni və cəngçalan Dərviş Əli Cənginin (XVI əsrin II yarısı, XVII əsrin əvvəli) yazdığına görə, “Busəlik” (rusca – “Buslik” yazılıb) muğamı Baba Ömərdən (rusca yazılmış orijinalda – Baba-i Omar, müəllif onun IV xəlifə Ömər olduğunu zənn edir) qalmışdır 13. Baba Ömər dəvəsi yorulduqda ona güc vermək məqsədilə “Busəlik” muğamı üzərində oxuyurmuş.

Müasir muğam ifaçılığında Azərbaycan musiqisində “Şur” dəstgahında “Şur-Şahnaz”dan “Bayatı-türk”ə keçid üçün ifa olunan kiçik epizodik guşə “Busəlik” adlanıır. “Busəlik” ifa olunarkən tarın ağ və sarı telləri növbələşir. Belə olduqda tellər sanki bir-biri ilə “öpüşür”. Muğamın adı da bu xüsusiyyətinə görə “Busəlik” adlandırılıb. Bilindiyi kimi, “busə” dilimizdə öpüş mənasını ifadə edir. Başqa ehtimala görə, bu muğam IX əsrdə yaşamış İran şairi Əbu Salikin şəninə oxunmuş və yaxud bu muğamı musiqişünas Əbu Salik düzüb-qoşmuşdur 14.

XƏFİF – yüngül səpkidə yazılmış şeirlərdən ibarət musiqi üsulu və eyniadlı unudulmuş muğamdır. Bu musiqinin (muğamın) adı XI əsrdə qələmə alınmış “Qabusnamə”də çəkilir. Burada “Rah”ın ağsaqqallar üçün düzülüb qoşulduğu
bildirildikdən sonra deyilir: “Lakin insanların yalnız qocalardan və ağırtəbiətli adamlardan ibarət olmadığını gördükdə demişlər: “Yaxşı, bunları qocalar üçün yazdıq, indi də gəlin cavanlar üçün bir şey düzəldək”.

Sonra axtarmağa başladılar, yüngül səpkidə yazılmış şeirlərə havalar (muğam – A.N.) düzəltdilər və onları “Xəfif” adlandırdılar ki, hər ağır “Rah”dan sonra bir yüngül “Xəfif” çalınsın. Dedilər: “Qoy hər çalğı məclisində həm qocalara, həm də cavanlara bir şey nəsib olsun15. “Xəfif” həm də klassik ədəbiyyatda işlədilən əruz vəzninin bəhrlərindən birinin adıdır. Əssar Təbrizi (1325–1390) bir beytində böyük peşəkarlıqla 9 bəhrin, o cümlədən “Xəfif”in adını çəkir 16.

Əsli ərəb sözü olan “xəfif” yüngül, zərif, şeirdə bir vəznin adı, məcazi mənada isə yelbeyin, dəmdəməki, diribaş, zirək deməkdir 17.

“Xəfif”in musiqisi, bir növ, “Rah”ın əksidir və xaraktercə də ondan fərqlənir. Z.Səfərova bildirir ki, orta əsrlərdə 32/4 və ya 32/2 ölçüsü olan “Xəfif” üsulunda bir çox əsərlər də bəstələnmişdir. Bu üsul bəzən “Ağır” da adlandırılıb.

XOSROVANİ – XI əsrdə qələmə alınmış “Qabusnamə”də adıçəkilən muğamlardan biridir. Burada deyilir: “Eyni cür hava çalmaq yaxşı deyil, çünki adamların təbiəti eyni olmaz. Məclislər də müxtəlifdir“. Ona görə musiqidə usta və hal əhli olanlar bu sənətdə müəyyən qayda düzəltmişlər: əvvəlcə “Xosrovani” dəstgahını (muğamını – A.N.) çalarlar – bu, şah məclisləri üçündür” 18. V–VI əsrlərdə Sasanilərin hökmdarı olan Xosrov Pərvizin saray musiqiçisi olmuş müğənni, ifaçı-bəstəkar Barbəd Mərvilinin (588–638) şahın şəninə bəstələdiyi nəğmələr məcmuəsi də “Xosrovani” adlanmışdır.

“Xosrovani” – hökmdara, padşaha, daha dəqiqi, Xosrov şaha ithaf olunan musiqi deməkdir.

“Xosrovani” həm də XIX əsrdə və müasir “Bayatı-Şiraz” dəstgahının “Bayatı-İsfahan” şöbəsində ifa olunan və adı unudulmaqda olan guşələrdən biridir. “Qabusnamə”də həmçinin “Qeyd və şərhlər” bölümündə yazılır: “Xosrovani –
musiqidə hava adı, muğami-hümayun” 19. Burada “muğami-hümayun” ifadəsi diqqətimizi özünə çəkdi. Düşünürük ki, “Xosrovani” həm də “Hümayun” muğamının prototipidir. Yəni müasir muğamşünaslıqda bildirildiyi kimi, “Hümayun”un yaranma tarixi heç də XIV əsrdə deyil, ən azı, XI əsrdə mövcud olmuşdur.

İRAQ (ƏRAQ, IRAK) – Yaxın və Orta Şərq xalqlarının musiqisinin əsasını təşkil edən 12 klassik muğamdan biridir.
“İraq”ın adı XI əsrdə qələmə alınmış “Qabusnamə”də “pərdə” şəklində çəkilir 20. Yəni “İraq” pərdəsi burada muğam mənasında işlədilir.

Dərviş Əli Cənginin yazdığına görə, “Əraq” muğamı ədalətin qoruyucusu, təxminən e.ə. 2180–1945-ci illərdə yaşamış Əyyub Peyğəmbərdən (orijinalda Peyğəmbər deyil, “праведного Иов” yazılıb) miras qalmışdır. Belə nəql edirlər: “Əyyub xəstə ikən 18 il üfunət içində uzanaraq qurdlar tərəfindən yeyilə-yeyilə sağalır, sonra onun bədənindən bir qurd yerə düşür. Əyyub onu götürüb yenidən həmin yerə qoyur. Bu qurd onu elə ağrılı (bərk) sancır ki, Əyyub qeyri-ixtiyari qışqırır və onun bu ağrılı qışqırığı “İraq”ın motivləri üzərində idi” 21.

Xatırladaq ki, adı Bibliyada İov kimi çəkilən Peyğəmbər mömin, saleh kimi təqdim olunur. Bizdən öncəki araşdırmaçılar onun Yusif əleyhissəlam və yaxud Yəhya ibn Zəkariyya olduğunu yazmışlar. İlk dəfə tərəfimizdən söhbətin Əyyub Peyğəmbərdən getdiyi bildirilir.

Azərbaycanın dahi klassik şairləri Nizami Gəncəvinin 22, Qazi Bürhanəddin Sivasinin 23 (1344–1398), İmadəddin Nəsiminin 24 (1369–1417), Həbibinin 25 şeirlərində “Əraq”ın (“İraq”) adına rast gəlirik. “Əraq” (“İraq”) muğamı həmçinin XIII əsrdə təmiz Oğuz türkcəsində qələmə alınmış “Dastani-Əhməd Hərami” eposunda da tərənnüm olunur 26. “Əraq” bəzi müasir dəstgahların (“Rast”, “Mahur-Hindi”, “Rəhab”) əsas şöbələrindən biridir. “Əraq”dan başlayaraq, bir növ, müvafiq dəstgahın kulminasiyaya doğru hərəkətinin startı verilir. “Əraq” öz bədii təsir qüvvəsinə görə, olduqca gümrah və əzəmətli səslənir.

Bəzən “Əraq” şöbəsini “İraq” da adlandırırlar. Tanınmış musiqişünas, bəstəkar və dirijor Əfrasiyab Bədəlbəyli (1907–1976) bu şöbənin adını etimoloji baxımdan araşdırarkən, onun “İraq” deyil, “Əraq” olduğunu iddia edərək yazır: “İş burasındadır ki, muğamın şöbə və guşələrindən bir çoxunun adı, bilindiyi kimi, coğrafi adlarla əlaqədardır, həm də belə hallarda muğam adları çox vaxt ölkə, məmləkət adı ilə yox, məhz şəhər adları ilə adlanır. Belə olan surətdə, hamıya məlum olan “İraq” ölkəsi olduğu kimi, həm də Şiraz, İsfahan, Zabol, Nişapur, Nəhavənd şəhərlərinin “qonşuluğunda” Əraq adlı şəhərin də olduğunu nəzərə alsaq, muğamın ifaçılar və musiqi ictimaiyyətimiz tərəfindən “İraq” deyil, “Əraq” adlandırılması tamamilə düzgün sayıla bilər” 27.

Ərəbcə “ərəq” tər deməkdir 28. Muğam ifaçılığında “Əraq” çalınıb-oxunduqda hərəkətli ifa tələb edilir. Şübhəsiz, belə gərgin anlarda ifaçılar çox vaxt tərləyirlər. Ehtimal ki, həmin şöbə bu səbəbdən “Əraq” adlandırılıb.

“Əraq”, yaxud “iraq” türk dilində uzaq mənasını bildirir. Bəzi mütəxəssislər əraq-iraq sözlərinə məhz bu mövqedən yanaşırlar. Dilimizdə “gözdən iraq”, “bizdən iraq”, “iraq olsun” kimi deyimlər bu gün də “uzaq” mənasında işlədilməkdədir. Burada “Əraq”ı (yaxud “İraq”ı) “Mayə”dən məcazi mənada xeyli “uzaq”da (bir oktava zildə) ifa olunmasına görə belə adlandırmışlar.

İSFAHANİ (İSFAHAN, SEFAHAN) – Yaxın və Orta Şərq xalqları klassik musiqisinin əsasını təşkil edən 12 muğamdan biridir. “İsfahani” “Qabusnamə”də (XI əsr) adıçəkilən muğamlardan biridir 29. Orta əsrlərdə “İsfahan” muğamının adı klassik ədəbiyyatda da çəkilir: N.Gəncəvi 30, İ.Nəsimi (“Sifahan” adı ilə) 31, Həbibi (həmçinin “Sifahan” adı ilə) 32. “İsfahan”ın adına həmçinin “Dastani-Əhməd Hərami”də də rast gəlirik 33.

Bir vaxtlar müstəqil dəstgah olan “İsfahan” zaman keçdikcə müxtəlif dəyişikliklərə uğrayaraq kiçilmiş, hazırda “Bayatı-Şiraz” dəstgahının tərkibində “Bayatı-İsfahan” adı ilə əsas şöbələrdən biri kimi ifa edilir.

Xatırladaq ki, adında “bayatı” sözü olan bütün muğamların yaradıcısı aborigen bayat tayfalarıdır. “Bayatı” kəlməsi etnonim, toponim, həm də qövm isimləri ilə birləşərək fərqli muğam adlarını əmələ gətirir. Böyük ürəkli xalqımız yaratdığı muğamlara səxavətlə müxtəlif regionların adlarını verməklə, beynəlmiləlçi olduqlarını min illərlə öncələr nümayiş etdirmişdir. Onlar “Bayatı-İsfahan” muğamını İsfahan şəhərinin şəninə bəstələmişlər. Əsli İsfahan olan şəhərə farslar Sipahan (farsca hərbi düşərgə, ordugah) demiş, sonralar bu söz ərəbləşdirilib Sefahana çevrilmiş, daha sonra yenidən türkləşərək öz əvvəlki İsfahan adını almışdır. Səfəvi dövlətinin başçısı I Şah Abbas (1571–1628) tərəfindən paytaxt Təbrizdən İsfahana köçürülmüşdür.

MAVƏRAÜNNƏHR DÜBEYTİ – “Qabusnamə”də adıçəkilən terminlərdən biridir. Terminin adındakı dübeyti sözü ozan-aşıq sənətinə ədəbiyyatdan gəlmişdir. Dübeyt – rübaiyə bənzəyən və rübai kimi qafiyələnən, iki beytdən, yəni dörd misradan ibarət şeir növüdür.

“Qabusnamə”də musiqiçilərə öyüd-nəsihət verilərkən deyilir:

Ordu başçıları, cəngavərlər olsa, müharibə etməyi, qan tökməyi və cəngavərliyi tərifləyən “Mavəraünnəhr dübeyti”lərini oxu. Həmişə “Xosrovani” havaları çalıb camaatın ürəyini çəkmə” 34.

Görünür, bir vaxtlar ozanlar indi unudulmuş “Mavəraünnəhr dübeyti”ləri ifa edirmişlər. Bu havalar “Qabusnamə”də deyildiyi kimi, döyüş ruhlu havalar olub.

Sirr deyil ki, muğam sənətində ifa edilən bəzi melodiyalar, xüsusən də zərbli muğamlar aşıq yaradıcılığının məhsuludur. Azərbaycanın müasir muğam ifaçılığında da, “Bayatı-Qacar” və “Dügah” dəstgahlarında “Mavəraünnəhr” adlı guşədən istifadə edilir. Olsun ki, bu muğam nə vaxtsa, ozanların dilində ritmli bir hava kimi ifa olunmuş və “Mavəraünnəhr” adlanmışdır. Çox güman ki, bu havanın yaradıcıları da indiki Orta Asiya baxşılarının əcdadı olmuş ozanlar düzüb-qoşmuşlar.

Haşiyə. Yeri gəlmişkən bildirməliyik ki, Azərbaycanda Xızı rayonu ərazisində Baxşılı adlı qədim bir kənd var.
Bir vaxtlar Orta Asiyaya, daha dəqiqi, Özbəkistana ərəblər Mavəraünnəhr demişlər. Ərəbcə “mavəra” bir şeyin arxasında, o tayında, yaxud xaricində, “nəhr” isə axar su, çay mənalarını bildirir. Əslində, Mavəraünnəhr Ceyhun çayının (yəni indiki Amudərya çayı) əks sahili, şimal-şərqə doğru ərazisində olan vilayət deməkdir. Moğollar imperiyası dövründə Çingiz xan Mavəraünnəhri işğal etdikdən sonra, oranı oğlu Cığataya bağışlamışdır. Cığatayın törəməsi olan Əmir Teymur isə Azərbaycanı işğal etmiş və oğlu Miranşahı buranın hökmdarı təyin etmişdir.

Professor Fərahim Sadıqovun yazdığına görə, Azərbaycan xanəndələri Əmir Teymurun və oğlu Miranşahın sarayında keçirilən məclislərdə onların şəninə “Mavəraünnəhr” adlı guşə oxumuşlar.

Təəssüf ki, Azərbaycanda son illərdə nəşr olunmuş əsərlərdə bu muğamın adı təhrif olunaraq “Mavərənnəhr” kimi təqdim edilir.

NƏVA – Yaxın və Orta Şərq xalqlarının musiqisinin əsasını təşkil edən 12 klassik muğamdan biridir.
“Qabusnamə”də (XI əsr) “Nəva”nın adı “pərdə” şəklində çəkilir 35. Yəni “Nəva” pərdəsi dedikdə burada “pərdə” sözü muğam mənasında işlədilir. “Qabusnamə”də Nəva sözü eləcə də, avaz, səs və hava mənalarını bildirir 36.

Dərviş Əli Cənginin bildirdiyinə görə, “Nəva” muğamının yaranmasına səbəb Davud Peyğəmbər (e.ə. təx. 1085–963) olmuşdur. O yazır: “Nəva” məqamı öz mənşəyinə görə, Davud Peyğəmbərə borcludur. Peyğəmbər oxuyanda hər musiqi səsi sanki boğazından çıxan yetmiş səsə çevrilirdi. Vəhşi heyvanlar bu nəğməni dinləməyə axışıb gəlirdilər, müxtəlif quşlar bundan həzz alırdı. Onlar bu nəğmədən ovsunlanırdılar, huşsuz halda yerə yıxılırdılar. Məzmurçunun bu ifası “Nəva” məqamında idi” 37.

Azərbaycanın dahi klassik şairləri Xaqani Şirvaninin 38 (1120–1199), N.Gəncəvinin 39, Q.Bürhanəddinin 40, İ.Nəsiminin 41, Həbibinin 42, Məhəmməd Füzulinin 43, Məhəmməd Əmaninin 44 (təx. 1536–1610), Rüknəddin Məsud Məsihi 45 (1580–1630), Qasım bəy Zakirin 46 (1784–1857) şeirlərində “Nəva”nın adına rast gəlirik.

“Nəva” dəstgahının müasir tərkibi belədir: Bərdaşt (Əmirilə), Nəva, Nişapur, Əbu-əta, Dilkeş, Hicaz, Nişapura (Nəvaya) qayıdış.

“Nəva” xoş avaz, şirin səs və xoş ahəngli nəğmə deməkdir.

XI–XII əsrlərdə Ceyhun çayı ətrafından başlayaraq İran, Ərəbistan, Anadolu və Azərbaycan ərazisində nəvakiyə adlı oğuz tayfaları hərbi-siyasi fəaliyyətləri ilə bir sıra tarixçilərin diqqətini cəlb etmişdilər. Göstərilən ərazilərdə Nəva, Nəvayi toponimləri vardır ki, bunların nəvakiyə oğuzları ilə bağlılığı danılmazdır.

Fikrimizcə, bir sıra tədqiqatçılar (F.Ağasıoğlu, F.Sadıqov, R.Oğuztürk) haqlı olaraq “Nəva”, “Nəva-Nişapur”, “Nəvasir”, “Nəvaşiran”, “Nəvayi” kimi muğam adlarının yaranmasını nəvakiyə oğuzlarına aid toponimlərlə əlaqələndirirlər. F.Sadıqov yazır ki, özbəklər “Şeşmakom” sistemini yaradana qədər muğama makom deyil, nəva demişlər.

PƏRDƏ – qədim dövrlərdə muğam sözünün sinonimi kimi işlənmişdir. Elə “Qabusnamə”də (XI əsr) də bütün muğamlar “pərdə” adı ilə təqdim olunur 47. Yaxın və Orta Şərq xalqlarının musiqisinin əsasını təşkil edən 12 klassik muğamı əcəmlər, yəni ərəb olmayanlar “pərdə” kimi ifadə etmişlər. N.Gəncəvi də məsnəvilərində muğamları “pərdə” adı ilə nəzmə çəkmişdir.

Xatırladaq ki, səsdüzümünün ayrılıqda hər bir səsi, məqamın pilləsi də pərdə adlanır. Bəzi telli çalğı alətlərinin qoluna bağlanan dolağa da pərdə deyirlər. Belə pərdələri keçmişdə qoyun bağırsağını nazik kəndir kimi eşib hazırlayırdılar. Müasir dövrdə sənətkarlar belə bağırsaqları daha möhkəm və davamlı olan sintetik ipliklə əvəz etmişlər. Keçmişdə ifaçılar şərti olaraq bir sıra pərdələrə muğam adları vermişlər: “Zabul” pərdəsi, “Müxalif” pərdəsi və s.

RAH – “Qabusnamə”də “pərdə” kimi, adıçəkilən muğamlardan biridir. Bu əsərdə “Rah”la bağlı deyilir: “Ondan (“Xosrovani”dən – A.N.) sonra ağır havalar (yəni muğam – A.N.) gəlir. Bu havalarda avazla oxumaq olar, onlara “Rah” adı vermişlər. Bu “rah”lar qocaların və ağırtəbiətli adamların ruhuna yaxın olar. Deməli, bu ağır havaları onlar üçün yaratmışlar” 48.

“Qabusnamə”də deyilənlərdən belə nəticəyə gəlirik ki, həm eyniadlı müstəqil muğama, həm də ümumi muğam və təranələrə “Rah” deyilmişdir 49. Bəlli olur ki, “Rah” xarakter baxımından “Xəfif”in əksidir və qocafəndi, müdrik insanların ruhuna uyğun yaradılmış vokal-instrumental musiqidir. M.M.Nəvvabın adını çəkdiyi 48 guşədən biri də “Rah” adanır 50. “Qabusnamə”nin “Qeyd və şərhlər” bölümündə “Rah”ın sanballı və ağır bir hava, muğam olduğu yazılır 51.

Farsca “rah” sözü yol; məslək; üsul; musiqi və muğam mənalarını bildirir.

RAST – Yaxın və Orta Şərq xalqlarının klassik musiqisinin əsasını təşkil edən 12 əsas muğamdan biridir. Bu muğamın adı XI əsrdə qələmə alınmış “Qabusnamə”də “pərdə” şəklində işlədilir: “Mütriblik şərti o deyil ki, hökmən
əvvəlcə “Rast” pərdəsində bir şey çalasan, sonra qayda üzrə bütün pərdələrdə (“Badə”, “İraq”, “Üşşaq”, “Zirəfkənd”, “Busəlik”, “İsfahani”, “Nəva” və “Bəstə” pərdələrində) çalıb mütriblik şərtlərini yerinə yetirənə qədər camaat məst olub dağılışar” 52. Yəni o dövrdə “Rast” pərdəsi dedikdə “Rast” muğamı nəzərdə tutulurdu.

Orta əsrlərdə ifa edilən “Rast”ın adı klassik ədəbiyyatda da çəkilir. N.Gəncəvi 53, Q.Bürhanəddin 54, İ.Nəsimi 55, Həbibi 56, Q.Zakir 57 şeirlərində “Rast” muğamını tərənnüm etmişlər.

Üzeyir Hacıbəylinin məqam konsepsiyasına görə, “Rast” Azərbaycan musiqisinin 7 əsas məqamından biridir, həmçinin eyniadlı muğam dəstgahı da mövcuddur. “Rast” dəstgahı “sol” (fortepianoda “fa” diyez) mayəli rast məqamında ifa olunur. Azərbaycanda müasir “Rast” dəstgahının tərkibi belədir: Bərdaşt (Novruzi-rəvəndə ilə başlamaq), Mayə, Üşşaq, Hüseyni, Vilayəti, Dilkeş, Kürdü, Şikəsteyi-fars (Xocəstə), Mübərriqə, Əraq, Pəncgah, Rak, Qərai, Rasta qayıdış. “Rast” ailəsinə aid edilən muğamlar: “Mahur-Hindi”, “Orta Mahur”, “Bayatı-Qacar”, “Dügah”, “Qatar” və “Heyratı” zərbli muğamı.

“Rast” muğamını bir çox Şərq xalqları bu gün də ifa edirlər. A.A.Semyonov Orta Asiya alimi Dərviş Əli Cəngiyə istinadən yazır ki, Xoca Səfiəddin Əbdülmömin, Sultan Üveys Cəlair (dövlət rəhbəri) və Xoca Əbdülqadir Marağalının fikrinə görə, dünyanın başlanğıcında yeddi Peyğəmbərin adı ilə bağlı yeddi məqam olmuşdur. Bu yeddi məqamın ilki olan “Rast” muğamı Adəm Peyğəmbərdən qalmışdır. O, ilk insanın cənnəti və xamuşluğunu itirdiyi üçün fəryad çəkib ağlamasını “Rast” muğamı üzərində ifadə etmişdir” 58.

“Rast” doğru, düzgün mənalarını bildirir.

M.M.Nəvvaba görə isə səslərin əksəriyyəti əsas pərdədə rastlaşdığı üçün bu muğama “Rast” adı verilmişdir. Şərq alimləri tərəfindən, ərəbcə – “ümmül-ədvar” (“muğamların anası”) adlanan “Rast” dinləyicidə mərdlik, gümrahlıq, mübarizlik hissləri oyatmaqla yanaşı, təmkinli, səbrli olmağı da təlqin edir. Onu dinlədikdə sanki müdrik el ağsaqqalı cavanlara öyüd-nəsihət verir.

TƏRANƏ – nəğmə, mahnı, hava, bir sözlə, bütün melodiyalara deyilir. Muğam sənətində ifa edilən təsniflər, xalq musiqiləri, folklor nümunələri də təranə adlanır. “Qabusnamə”də “Xəfif” ifa olunduqdan sonra təranələrdən söz açılır, onların rolu və funksiyalarından bəhs edilir: “Sonra uşaqlar, qadınlar və zərifqəlbli kişilər də razı qalsın deyə, təranələr yaratmağa başladılar ki, onlar da zövq alıb ləzzət çəksinlər. Təranə vəznindən daha incə və ruhoxşayan ahəng yoxdur. Deməli, həmişə eyni növlü hava çalma və oxuma. Mən deyən kimi et ki, hamı səndən razı qalsın” 59.

ÜŞŞAQ (UŞŞAK) – Yaxın və Orta Şərq xalqlarının klassik musiqisinin əsasını təşkil edən 12 muğamdan biridir.
XI əsrdə qələmə alınmış “Qabusnamə”də “Üşşaq”ın adı “pərdə” şəklində çəkilir 60. Yəni “Üşşaq” pərdəsi dedikdə burada “pərdə” sözü muğam mənasında işlədilir. Dərviş Əli Cənginin yazdığına görə, “Üşşaq” muğamı insanlığın “ikinci atası” Nuh Peyğəmbərdən (e.ə. V–IV minilliklər) qalmışdır. Bununla bağlı A.A.Semyonov Dərviş Əliyə istinadən belə yazır: “Nuh Peyğəmbər möhkəm ağlayırmış, onun adı da ağlamaqla bağlı yaranıb. Bu ağlamağa səbəb aşağıdakı hadisə olub.

Bir gün Nuh yolda çox bəd bir itlə qarşılaşır və deyir: “Nə bəd, pis itdir?” Həmin anda it insan səsi ilə ona cavab verir: “Nuh, sən Uca Yaradanın sirlərinə qarışmağa cəsarət edirsən? O, məni belə yaradıb, səni də başqa cür”. Bunu eşidən Nuh hönkürtü ilə ağlamağa başlayır və onun bu fəryadı “Üşşaq”ın melodiyasında idi” 61. Orta əsrlərdə ifa olunan “Üşşaq”ın adı klassik ədəbiyyatda da çəkilir. N.Gəncəvi 62, Q.Bürhanəddin 63, İ.Nəsimi 64, Həbibi 65, M.Əmani 66, R.M.Məsihi 67, M.Füzuli 68, Fədai Təbrizi 69 (XVI əsr) və başqa şairlər öz şeirlərində “Üşşaq” muğamını tərənnüm etmişlər.

Maraqlıdır, Q.Bürhanəddin “Üşşaq”a məxsusi qəzəl yazmış, İ.Nəsimi bu muğamı həm də “Üşşaqi-Nigar”, F.Təbrizi isə “Dili-Üşşaq” adı ilə nəzmə çəkmişdir.

Müasir “Rast”, “Mahur-Hindi”, “Orta Mahur” dəstgahlarında “Üşşaq” əsas şöbələrdən biridir. Lüğətlərdə “üşşaq” sözünün ərəbcə aşiqlər, aşiq-məşuq fikrini bildirildiyi yazılır. Lakin ABŞ-da yaşayan sumeroloq-alim Tariyel Azərtürk 6 minillik tarixi olan gil yazılarında “Uşak” (sonralar ərəbləşdirilərək “Üşşaq”a çevrilib) muğamının adına rast gəldiyini bildirir. Bu sözün mənası da türkün uşaq sözü olduğu və muğamların ilkini, körpəsi və uşağı kimi açılır 70.

ZİRƏFKƏND – Yaxın və Orta Şərq xalqlarının klassik musiqisinin əsasını təşkil edən 12 muğamdan biridir. Bu muğamın adı qədim ədəbi nümunələrdən olan XI əsrdə qələmə alınmış “Qabusnamə”də “pərdə” şəklində çəkilir 71. Yəni “Zirəfkənd” pərdəsi “Zirəfkənd” muğamı deməkdir.

N.Gəncəvi “Zirəfkənd”i tərənnüm etmişdir:

Nəкisa od saldı şahın кönlünə,
Barbədin setarı su töкdü ona.

Elə ustalıqla bir hava çaldı,
Nəкisanın çəngi mat olub qaldı.

Sildi şah canından bütün xiləli,
“Zirəfкənd” üstündə olan qəzəli:

“Mən кi, hər günaha yüz üzr istərəm,
Belə günahları əfv et, ey sənəm!” 72

V.Rəhimov bildirir ki, ustadı B.Mənsurov “Rast” dəstgahının “Mayə”sindəki epizodik guşələrdən birini “Zirəfkənd” adlandırırdı. Tar ifaçılığında eyniadlı mizrabişlətmə, səsçıxartma üsulu da mövcuddur. Bu “zirəfkənd mizrab” üsulunu yalnız B.Mənsurov və onun tələbələrinin solo ifası zamanı eşitmək olur.

“Zirəfkənd” ifadəsi iki fars sözündən yaranıb: zir – aşağı, alt, “əfkən” (fikən) isə yıxılmış, yerə atılmış, biçarə, yazıq mənalarını bildirir. “Zirəfkənd” məcazi mənada ən məzlumun, biçarənin bəmdə xoşladığı və ya ifa etdiyi musiqi deməkdir.

Maraqlıdır ki, ərəblər zir dedikdə alətin ən zil səsi olan teli nəzərdə tuturlar.

Yekun olaraq bildiririk ki, “Qabusnamə” əsəri ifaçılıq sənəti və muğamşünaslıq üçün çox dəyərli yazılı mənbə sayılır. Şifahi xalq yaradıcılığında, musiqi folklorumuzda, yaşı bilinməyən qədim bayatılarda, eləcə də bir çox qədim dastanlarımızda da “Qabusnamə”də deyilən öyüd və nəsihətlərə rast gəlirik. Bu nəsihətlər bizə “Qabusnamə”də Keykavusun verdiyi məsləhətləri xatırladır.

Beləliklə, “Qabusnamə”də adıçəkilən muğam və terminlər” adlı məqalədə muğam terminlərinə həmin dövrün gözü ilə baxılır, onların sözaçımı, yaranma tarixi, istifadə yerləri araşdırılır. Bəzi hallarda ədəbi nümunələrə diqqət yetirilir.
Ümumiyyətlə, nəinki muğamların, bütövlükdə musiqi mədəniyyətimizin (musiqi alətləri, aşıq havacatı, rəqs sənəti və s.) tədqiqində klassik şairlərin şeirləri əvəzolunmaz materiallar sayılır.

Bu əsərlərin sayəsində adıçəkilən sahələrin “kimliyi”nin məhz Azərbaycan xalqına məxsusluğu sübuta yetirilir. Məsələn, özləri də ədəbi nümunələr yaradan və fərqli musiqi alətlərində ifa etməklə döyüşqabağı hərbçiləri ruhlandıran qəhrəmanlarımız olub. Necə ki bu işi müxtəlif dövrlərdə Dədə Qorqud qolça qopuzla, Babək tənburla, Şah İsmayıl Xətai və Koroğlu isə sazla icra etmişlər. Bu qaynaqlar vasitəsilə musiqi mədəniyyətimizin qədim “poetik arxiv”i yaradılmış və həmin nümunələr, bir növ, adıçəkilən sahələrin “pasportu”na çevrilmişdir.


1 Qabusnamə. Farscadan tərcümə, qeyd və şərhlər R.Sultanovundur. Bakı: “Azərbaycan”, 2004,
s. 171-174
2 Qabusnamə. Farscadan tərcümə, qeyd və şərhlər R.Sultanovundur. Bakı: “Azərbaycan”, 2004,
s. 173, 236
3 Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti. Tərtibçilər: Abdullayev
B.M., Əsgərli M.Ə., Zərinəzadə H.H. İki cilddə, I c. Bakı: “Şərq-Qərb”, 2005, s. 27
4 Nizami Gəncəvi. Xosrov və Şirin. Bakı: “Lider”, 2004. s. 3775 Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti. Tərtibçilər: Abdullayev
B.M., Əsgərli M.Ə., Zərinəzadə H.H. İki cilddə, II c. Bakı: “Şərq-Qərb”, 2005, s. 202
6 Şah İsmayıl Xətai. Əsərləri. Bakı: “Şərq-Qərb”, 2005, s. 113
7 Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə, I c. Bakı: “Şərq-Qərb”, 2005, 400 s. 176
8 Qabusnamə. Farscadan tərcümə, qeyd və şərhlər R.Sultanovundur. Bakı: “Azərbaycan”, 2004,
s. 173, 236
9 Qabusnamə. Farscadan tərcümə, qeyd və şərhlər R.Sultanovundur. Bakı: “Azərbaycan”, 2004,
s. 236
10 Qabusnamə. Farscadan tərcümə, qeyd və şərhlər R.Sultanovundur. Bakı: “Azərbaycan”, 2004,
s. 173, 236

11 Həbibi. Şeirlər. Bakı: “Şərq-Qərb”, 2006, s. 64
12 Nəbati S.Ə. Seçilmiş əsərləri. B.: Şərq-Qərb, 2004, s. 168
13 Семёнов А.А. Среднеазиатский трактат по музыке Дервиша Али (XVII век).
Сокрaщенное изложение персидского (таджикского) текста с введением, примечаниями и
указателем. Ташкент: тип. №1, 1946, c. 9
14 Qabusnamə. Farscadan tərcümə, qeyd və şərhlər R.Sultanovundur. Bakı: “Azərbaycan”, 2004,
s. 236
15 Qabusnamə. Farscadan tərcümə, qeyd və şərhlər R.Sultanovundur. Bakı: “Azərbaycan”, 2004,
s. 172
16 Əssar Təbrizi. Mehr və Müştəri. Bakı: “Şərq-Qərb”, 2006, s. 155
17 Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti. Tərtibçilər: Abdullayev
B.M., Əsgərli M.Ə., Zərinəzadə H.H. İki cilddə, I c. Bakı: “Şərq-Qərb”, 2005, s. 268

18 Qabusnamə. Farscadan tərcümə, qeyd və şərhlər R.Sultanovundur. Bakı: “Azərbaycan”, 2004,
s. 171
19 Qabusnamə. Farscadan tərcümə, qeyd və şərhlər R.Sultanovundur. Bakı: “Azərbaycan”, 2004,
s. 236
20 Qabusnamə. Farscadan tərcümə, qeyd və şərhlər R.Sultanovundur. Bakı: “Azərbaycan”, 2004,
s. 173, 236
21 Семёнов А.А. Среднеазиатский трактат по музыке Дервиша Али (XVII век).
Сокрaщенное изложение персидского (таджикского) текста с введением, примечаниями и
указателем. Ташкент: тип. №1, 1946, c. 8
22 Nizami Gəncəvi. Xosrov və Şirin. Bakı: “Lider”, 2004, s. 292

23 Qazi Bürhanəddin Sivasi. Divan. Bakı: “Öndər”, 2005, s. 494
24 İmadəddin Nəsimi. Seçilmiş əsərləri. İki cilddə, I c. Bakı: “Lider”, 2004, s. 73
25 Həbibi. Şeirlər. Bakı: “Şərq-Qərb”, 2006, s. 29
26 Dastani-Əhməd Hərami. Bakı: “Şərq-Qərb”, 2004, s. 88
27 Bədəlbəyli Ə.B. İzahlı monoqrafik musiqi lüğəti. Bakı: “Şərq-Qərb”, 2017, s. 72
28 Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti. Tərtibçilər: Abdullayev
B.M., Əsgərli M.Ə., Zərinəzadə H.H. İki cilddə, I c. Bakı: “Şərq-Qərb”, 2005, s. 170
29 Qabusnamə. Farscadan tərcümə, qeyd və şərhlər R.Sultanovundur. Bakı: “Azərbaycan”, 2004,
s. 173, 236
30 Nizami Gəncəvi. Xosrov və Şirin. Bakı: “Lider”, 2004, s. 296
31 İmadəddin Nəsimi. Seçilmiş əsərləri. İki cilddə, I c. Bakı: “Lider”, 2004, s. 73
32 Həbibi. Şeirlər. Bakı: “Şərq-Qərb”, 2006, s. 29, 64
33 Dastani-Əhməd Hərami. Bakı: “Şərq-Qərb”, 2004, s. 88

34 Qabusnamə. Farscadan tərcümə, qeyd və şərhlər R.Sultanovundur. Bakı: “Azərbaycan”, 2004,
s. 173

35 Qabusnamə. Farscadan tərcümə, qeyd və şərhlər R.Sultanovundur. Bakı: “Azərbaycan”, 2004,
s. 173, 236
36 Qabusnamə. Farscadan tərcümə, qeyd və şərhlər R.Sultanovundur. Bakı: “Azərbaycan”, 2004,
s. 236
37 Семёнов А.А. Среднеазиатский трактат по музыке Дервиша Али (XVII век).
Сокрaщенное изложение персидского (таджикского) текста с введением, примечаниями и
указателем. Ташкент: тип. №1, 1946, c. 8
38 Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı: “Lider”, 2004, s. 281
39 Nizami Gəncəvi. İskəndərnamə (İqbalnamə). Bakı: “Lider”, 2004, S. 62
40 Qazi Bürhanəddin Sivasi. Divan. Bakı: “Öndər”, 2005, s. 21, 49, 269, 293
41 İmadəddin Nəsimi. Seçilmiş əsərləri. İki cilddə, I c. Bakı: “Lider”, 2004, s. 208
42 Həbibi. Şeirlər. Bakı: “Şərq-Qərb”, 2006, s. 29, 40
43 Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə, IV cild. B.: Şərq-Qərb, 2005, s. 21
44 Məhəmməd Əmani. Əsərləri. Bakı: “Şərq-Qərb”, 2005, s. 14, 166
45 Rüknəddin Məsud Məsihi. Vərqa və Gülşa. Bakı: “Şərq-Qərb”, 2005, s. 52
46 Qasım bəy Zakir. Seçilmiş əsərləri. Bakı: “Avrasiya Press”, 2005, s. 325

47 Qabusnamə. Farscadan tərcümə, qeyd və şərhlər R.Sultanovundur. Bakı: “Azərbaycan”, 2004, s. 171-174
48 Qabusnamə. Farscadan tərcümə, qeyd və şərhlər R.Sultanovundur. Bakı: “Azərbaycan”, 2004,
s. 171-172
49 Qabusnamə. Farscadan tərcümə, qeyd və şərhlər R.Sultanovundur. Bakı: “Azərbaycan”, 2004,
s. 173
50 Nəvvab M.M. Vüzuhül-ərqam. Risaləni çapa hazırlayan, ön söz, lüğət, şərhlərin müəllifi:
Z.Y.Səfərova. Bakı: “Elm”, 1989, s. 11, 33
51 Qabusnamə. Farscadan tərcümə, qeyd və şərhlər R.Sultanovundur. Bakı: “Azərbaycan”, 2004,
s. 236
52 Qabusnamə. Farscadan tərcümə, qeyd və şərhlər R.Sultanovundur. Bakı: “Azərbaycan”, 2004,
s. 173
53 Nizami Gəncəvi. Xosrov və Şirin. Bakı: “Lider”, 2004. s. 286

54 Qazi Bürhanəddin Sivasi. Divan. Bakı: “Öndər”, 2005, s. 21
55 İmadəddin Nəsimi. Seçilmiş əsərləri. İki cilddə, I c. Bakı: “Lider”, 2004, s. 73
56 Həbibi. Şeirlər. Bakı: “Şərq-Qərb”, 2006, s. 40
57 Qasım bəy Zakir. Seçilmiş əsərləri. Bakı: “Avrasiya Press”, 2005, s. 325
58 Семёнов А.А. Среднеазиатский трактат по музыке Дервиша Али (XVII век).
Сокрaщенное изложение персидского (таджикского) текста с введением, примечаниями и
указателем. Ташкент: тип. №1, 1946, c. 8
59 Qabusnamə. Farscadan tərcümə, qeyd və şərhlər R.Sultanovundur. Bakı: “Azərbaycan”, 2004,
s. 172
60 Qabusnamə. Farscadan tərcümə, qeyd və şərhlər R.Sultanovundur. Bakı: “Azərbaycan”, 2004,
s. 173, 236

61 Семёнов А.А. Среднеазиатский трактат по музыке Дервиша Али (XVII век).
Сокрaщенное изложение персидского (таджикского) текста с введением, примечаниями и
указателем. Ташкент: тип. №1, 1946, c. 8
62 Nizami Gəncəvi. Xosrov və Şirin. Bakı: “Lider”, 2004. s. 288
63 Qazi Bürhanəddin Sivasi. Divan. Bakı: “Öndər”, 2005, s. 21-22, 293, 420, 571
64 İmadəddin Nəsimi. Seçilmiş əsərləri. İki cilddə, I c. Bakı: “Lider”, 2004, s. 27, 73
65 Həbibi. Şeirlər. Bakı: “Şərq-Qərb”, 2006, s. 64
66 Məhəmməd Əmani. Əsərləri. Bakı: “Şərq-Qərb”, 2005, s. 14, 155
67 Rüknəddin Məsud Məsihi. Vərqa və Gülşa. Bakı: “Şərq-Qərb”, 2005, s. 23
68 Məhəmməd Füzuli. Əsərləri. Əsərləri. Altı cilddə, II c. Bakı: “Şərq-Qərb”, 2005, s. 76;
M.Füzuli. Əsərləri. Altı cilddə, IV c. Bakı: “Şərq-Qərb”, 2005, s. 21
69 Fədai Təbrizi. Bəxtiyarnamə. Bakı: “Şərq-Qərb”, 2004, s. 20
70 Азертюрк Т.В. (Алиев Т.В.). Генезис тюрка и тюркского языка (на основе клинописи).
II том. Бишкек: «Улуу Тоолор», 2017, c. 1175-1189
71 Qabusnamə. Farscadan tərcümə, qeyd və şərhlər R.Sultanovundur. Bakı: “Azərbaycan”, 2004, s. 173, 236

72 Nizami Gəncəvi. Xosrov və Şirin. Bakı: “Lider”, 2004. s. 411-412

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI

Azərbaycan türkcəsində

1. Bədəlbəyli Ə.B. İzahlı monoqrafik musiqi lüğəti. Bakı: “Şərq-Qərb”, 2017,
472 s.
2. Dastani-Əhməd Hərami. Bakı: “Şərq-Qərb”, 2004, 120 s.
3. Əssar Təbrizi. Mehr və Müştəri. Bakı: “Şərq-Qərb”, 2006, 321 s.
4. Fədai Təbrizi. Bəxtiyarnamə. Bakı: “Şərq-Qərb”, 2004, 168 s.
5. Həbibi. Şeirlər. Bakı: “Şərq-Qərb”, 2006, 88 s.
6. Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı: “Lider”, 2004, 672 s.

7. İmadəddin Nəsimi. Seçilmiş əsərləri. İki cilddə, I c. Bakı: “Lider”, 2004, 336 s.
8. Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti. Tərtibçilər: Abdullayev B.M., Əsgərli M.Ə., Zərinəzadə H.H. İki cilddə, I c. və II cildlər. Bakı: “Şərq-Qərb”, 2005, I c. 416 s., II c. 472 s.
9. Qabusnamə. Farscadan tərcümə, qeyd və şərhlər R.Sultanovundur. Bakı:
“Azərbaycan”, 2004, 240 s.
10. Qasım bəy Zakir. Seçilmiş əsərləri. Bakı: “Avrasiya Press”, 2005, 400 s.
11. Qazi Bürhanəddin Sivasi. Divan. Bakı: “Öndər”, 2005, 728 s.
12. Məhəmməd Əmani. Əsərləri. Bakı: “Şərq-Qərb”, 2005, 224 s.
13. Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə, I, II və IV cildlər. Bakı: “Şərq-
Qərb”, 2005, I c. 400 s., II c. 336 s., IV c. 344 s.
14. Nəvvab M.M. Vüzuhül-ərqam. Risaləni çapa hazırlayan, ön söz, lüğət,
şərhlərin müəllifi: Z.Y.Səfərova. Bakı: “Elm”, 1989, 84 s.
15. Nizami Gəncəvi. Xosrov və Şirin. Poetik tərcümə: Rəsul Rza, izahlar:
Məmmədağa Sultanov.Bakı: “Lider”, 2004, 392 s.
16. Nizami Gəncəvi. İskəndərnamə (İqbalnamə). Poetik tərcümə: Mikayıl
Rzaquluzadə, izahlar: Əkrəm Cəfər. Bakı: “Lider”, 2004, 256 s.
17. Rüknəddin Məsud Məsihi. Vərqa və Gülşa. Bakı: “Şərq-Qərb”, 2005, 336 s.
18. Şah İsmayıl Xətai. Əsərləri. Bakı: “Şərq-Qərb”, 2005, 384 s.

Rus dilində

19. Азертюрк Т.В. (Алиев Т.В.). Генезис тюрка и тюркского языка (на основе клинописи). II том. Бишкек: «Улуу Тоолор», 2017, 1298 c.
20. Семёнов А.А. Среднеазиатский трактат по музыке Дервиша Али (XVII век). Сокрaщенное изложение персидского (таджикского) текста с введением, примечаниями и указателем. Ташкент: тип. №1, 1946, 84 c.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir