“Google”in Təhlükəsizlik Komandası azərbaycanlı gənc Veysəl Xankişiyevə sistemin “Google Ads” servisində boşluq (“bug”) tapdığına görə təşəkkür bildirib.
Bu barədə gənc proqramçı özü məlumat verib.
O, servisin Təhlükəsizlik Komandasından rəsmi məktub alıb.
Məktubda boşluğun qeydə alındığı bildirilib və V.Xankişiyevə təşəkkür edilib. 21 yaşlı azərbaycanlı gəncin adı “Google”in “Boşluq Ovçusu” (“Bug Hunter”) siyahısına yazılıb.
Qeyd edək ki, bu, Veysəl Xankişiyevin ilk işi deyil. O, daha öncə həm Azərbaycanda, həm də xaricdə, məsələn, Arizona Universiteti, “Microsoft” kimi müəssisə və şirkətlərin veb-saytlarında bir sıra boşluqlar tapıb.
ABŞ-ın Harvard Universitetinin rəsmi saytında “boşluq” (“remote code execution”) tapdığına görə Harvard İnformasiya texnologiyaları fakültəsinin İnformasiya Təhlükəsizliyi Departamentinin direktoru Kristian Heymer ötən ilin sentyabrında Veysəl Xankişiyevə təşəkkür məktubu göndərmişdi.
Əslən Füzulidən olan V.Xankişiyev Gəncə Dövlət Universitetinin sonuncu kurs tələbəsidir.