Fəlsəfə üzrə fəlsəfə doktoru
Türkiyədə dağıdıcı zəlzələnin baş verməsi ilə müəyyən suallar sosial şəbəkələri məşğul edib. Yaranmış əsas sual budur ki,
Zəlzələ Allahın qədəri, cəzası, yaxud imtahanıdırmı?
Bu suala cavab tapmazdan əvvəl sosial şəbəkələrdə zəlzələyə münasibətdə özünü göstərən nöqteyi-nəzərlərin ümumi icmalını verək: a) zəlzələ Allahın imtahanı, yaxud cəzasıdır; Allah günahlarına görə insanları cəzalandırır; b) zəlzələlər Allahın qüdrətini ifadə edir, insan oğluna acizliyini, yer üzündəki faniliyi, nisbiliyi xatırladır; c) əgər Allah vardırsa, nə üçün bu qədər iztirab, ağrı-acı vardır? Əgər günaha görə cəza varsa, uşaqların təqsiri nədir? ç) Zəlzələnin nəticələrini din deyil, elm aradan qaldıra bilər; din deyil, elm zəlzələ ilə mübarizədə kara gəlir və s.
Bizi yuxarıdakı icmalda problemin teoloji aspektini əks etdirən əsas sual maraqlandırır:
Zəlzələ ilahi cəza, yaxud sınaqdırmı?
Bu suala düzgün cavab tapmaq bir sıra sualların da cavablanmasını təmin edəcəkdir.
Qabaqcadan qeyd edək ki, Allah diləyərsə, zəlzələ, daşqın, tufan, ildırım vasitəsilə cəzalandıra, yaxud sınağa çəkə bilər. Həmçinin möcüzələr dövründə bu və ya digər azğın tayfanın təbii üsullarla (sel, daşqın, zəlzələ, yanğın) məhv edilməsi ilahi qüdrət və əlaməti ifadə etmişdir.
Zəlzələ Allahın yaratdığı immanent sistemin – Yer kürəsinin özünütənzimləmə prosesi nəticəsində meydana çıxan nəticədir. Yer kürəsi “canlı” orqanizm və özünü tənzimləyən, qanunları olan sistemdir. Bu baxımdan zəlzələlər, bir qayda olaraq, təbii proses olub ateist nöqteyi-nəzərin “Təbiət(in yaratdığı) qanunlar(ı)” adlandırdığı, bizim isə “Allahın təsis etdiyi qanunlar” hesab etdiyimiz şeyə tabe hadisədir.
Sualı bu cür qoyaq: bütün zəlzələlər ilahi cəzanın, ilahi qədərin ifadəsidirmi? Əgər belədirsə, müasir texnoloji imkanlar sayəsində, məsələn, yaponların zəlzələnin dağıdıcı təsirini minimuma endirmələrini necə başa düşək?! Yəni, insan ilahi sınaq, yaxud cəzaya müqavimət göstərə, onun təsirini azalda bilərmi? Əlbəttə ki, yox! Deməli, bütün zəlzələ halları insan müdaxiləsinin effektivliyi amilinə görə ilahi cəzanı, ilahi qədəri, ilahi sınağı ifadə etmir! Əgər belədirsə, onda biz haradan bilək ki, Allah filan zəlzələ ilə insanları imtahana çəkir, cəzalandırır? Bunun üçün bizə informativ bilik, yəni Allahdan birbaşa gələn bilik lazımdır. Biz bu biliyi necə əldə bilərik? Heç cürə əldə edə bilmərik! Çünki bunun üçün bizə Allahdan xəbər gətirən vasitə – peyğəmbər lazımdır. Peyğəmbərlər isə bu gün yoxdur. Bu gün kimsə iddialı şəkildə bu və ya digər zəlzələnin ilahi cəza, yaxud imtahan olduğunu deyirsə, kahinlik edir; bu olduqca təhlükəli vəziyyətdir, Allaha iftira atmaqdır…
Keçək günahlara görə ilahi cəzanın verilməsi məsələsinə…
Harada zəlzələ, sunami, daşqın olsa, dərhal belə bir iddia səsləndirilir ki, Allah insanları günahlarına görə cəzalandırır. Bunu demək asan, amma belə sadəlövh iddianın özü ilə gətirdiyi suallara cavab vermək, haradasa, qeyri-mümkündür. Məsələn, günahlara görə zəlzələ vasitəsilə qlobal cəza verilirsə, onda nə üçün Allahı bir ilah olaraq rədd edən, qlobal əxlaqsızlıq (pornoindustriya; uşaq pornoqrafiyası…) və qlobal sələmçilik sistemi yaradanlar, silah alverini idarə edənlər, qazanc və hegemonluq üçün qlobal pandemiya və savaşlar çıxaran şəxslər, qurumlar, dövlətlər deyil, günahları fərdi müstəvidə qalanlar cəzalandırılır? Məsələn, Türkiyədə son zəlzələnin baş verdiyi ərazilər dindarlıq və mənəviyyat baxımından başqa ərazilərdən yaxşı mənada seçilən yerlərdir… Yəni, Allahın nəzərində silah taciri daha günahkardır, yoxsa namaz qılmayan birisi; uşaq pornoqrafiyasını qlobal müstəvidə təbliğ edənlər daha günahkardır, yoxsa günahı özünə aid oruc tutmayan birisi; ümumdünya faiz sistemi ilə fərdlərdən tutmuş dövlətlərin “cib”ini boşaldan ailələr daha günahkardır, yoxsa içkinin içildiyi ailələr? Müqayisəni çoxaltmaq mümkündür… Əlbəttə ki, müqayisə olunan tərəflərin hər birinin etdiyi günahdır, amma günahı qloballaşdıranlar, ictimailəşdirənlər, dünyanı İblisin istədiyi hala gətirənlər günahkarlığı fərdi müstəvidən o yana keçməyənlərdən daha çox cəzaya layiqdirlər…
Zəlzələnin, sunaminin… ilahi cəza olduğunu iddia etmək günahkarlara görə günahsızları – uşaqları həlak edən yaradıcı təsəvvürü formalaşdırır ki, bu kimi tabloları yozmaq, haradasa, mümkün olmur. Yəni, qorxulu teist tablolar cızmaq bu gün effektiv vasitə deyildir…
Ümumiyyətlə, günahlara görə cəzanın verilməsi məsələsinə aydınlıq gətirək. Ümumi qayda budur ki, əməllərə görə cəzalandırılmaq, yaxud mükafatlandırılmaq bu dünyaya deyil, axirətə aid məsələdir. Dünya imtahan dünyasıdır, əməllər burada işlənir, hesaba çəkilmə isə axirətdə baş verir. Bir qayda olaraq bu belədir. İstisnalar vardır; bəzən Allah bu və ya digər insanı bu və ya digər günaha görə bu dünyada cəzalandıra bilir. Bunu qıraqdan çox vaxt hiss etmək olmur… Əgər günahlara görə cəzalandırmaq bir qayda olaraq dünyada baş versəydi, onda biz hər günaha görə cəzanın verildiyinin şahidi olardıq. Halbuki bu, dünyada bir qayda olaraq baş vermir. Üstəlik, dünyada günahlara görə cəzanın verilməsi dünya həyatının imtahan üçün olması dialektikası qaydasına ziddir. Xristianlıq vaxtı ilə belə bir səhvə yol vermiş, İntibah dövründə təxminən bir əsr davam edən “Şər nə üçün mövcuddur?” polemikasında ateist cəbhəyə məğlub olmuşdu. Sualı “Tanrı varsa, şər nə üçün vardır; niyə Tanrı şərə mane olmur?” kimi qoymamalı, əksinə belə bir tezisdən çıxış etməliyik: “Dünya həyatı imtahan məqsədilə vardırsa, Allahın şərə müdaxilə etməməsi təbii olub məntiqə uyğundur; Dünya insanın imtahan yeridir, dincələrək xoşbəxt olacağı yer deyildir, bu səbəbdən ölümlüdür, itimlidir; dünya Tanrının krallığı deyildir ki, ölüm-itim, ağrı-acı olmasın…”
Zəlzələlər Yer adlanan imtahan yurdunda təbii olaraq baş verən dağıdıcı hadisələrdir. Ağıl, elm və təcrübə imkan verir ki, təbii fəlakətlərlə mübarizə aparaq, dağıdıcı nəticələrini minimuma endirək; dinin əsası sayılan inanc və axirət şüuru isə ölüm problemini həll edir, ağrı-acı və iztirab yükünü azaldır, insan oğlunu mənən gücləndirir, qüvvətli edir…