Əfqanıstan: məktəb yaxınlığında partlayış olub – YENİLƏNİB

Əfqanıstanda məktəb yaxınlığında partlayış: 15 ölü, 20 yaralı var

Əfqanıstanın paytaxtı Kabilin qərb hissəsində qızlar məktəbinin yaxınlığında törədilmiş silsilə partlayışlar nəticəsində azı 55 nəfər həyatını itirib, 150 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Reuters” təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Əfqanıstanın Səhiyyə Nazirliyi hələlik 30 nəfərin ölümünü rəsmən təsdiqləyib. Öldürülənlərin və xəsarət alanların əksəriyyəri şagirdlərdir.

Əfqanıstan prezidenti Əşrəf Qani hadisəni terror aktı adlandırıb və partlayışlara görə “Taliban” hərəkatını ittiham edib. Lakin 1TV telekanalı “talibançı”ların da hadisəni pislədiyini xəbər verib.

Partlayışlara görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.

***

20:07

Kabil Səid ul Şuhədə qızlar məktəbinin yaxınlığında törədilmiş silsilə partlayışlar nəticəsində azı 40 nəfər həlak olub, onlarla yaralı var.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin sözçüsü Qulam Dəstəgir Nəzəri 46 nəfərin xəstəxanalara yerləşdirildiyini bildirib.

Rəsmi mənbələrə görə, həlak olan və xəsarət alanların böyük əksəriyyəti məktəbin qız şagirdləridir. Bu hücumların məsuliyyətini hələlik heç kim üzərinə götürməyib. “Taliban” sözçüsü Zəbihullah Mücahid də onlara ünvanlanan ittihamları rədd edərək bu hadisəni pislədiklərini açıqlayıb.

Qeyd edək ki, məktəbin yerləşdiyi paytaxtın şiələrin yığcam məskunlaşdığı qərb hissəsi son illər İŞİD tərəfindən mütəmadi hücumlar hədəfinə çevrilir.

***

18:20

Əfqanıstanın paytaxtı Kabulda məktəbin yaxınlığında baş verən silsilə partlayışlar nəticəsində azı 15 nəfər həlak olub, 20 nəfər yaralanıb.

“Report” “Tolo News”a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, partlayış Dəşte-Barçi rayonunda qızlar məktəbinin yaxınlığında törədilib.

Üç raketin partladığı da ehtimal edilir. Partlayışın məsuliyyətini heç bir qruplaşma üzərinə götürməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir