“Dövlət satınalmaları haqqında” qanuna dəyişiklik I oxunuşda qəbul olunub

“Dövlət satınalmaları haqqında” qanuna dəyişiklik I oxunuşda qəbul olunub

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət satınalmaları haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, dəyişikliklə satınalma predmetinin ehtimal olunan qiyməti 3 milyon ABŞ dollarının manat ekvivalentində və ya ondan aşağı olan malların (işlərin, xidmətlərin) satın alınması yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçiriləcək.

Qeyd edək ki, daha əvvəl 3 milyon ABŞ dollarının manat ekvivalentində və ya ondan aşağı olan malların (işlərin, xidmətlərin) satın alınması yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı açıq tender üsulu ilə keçirilirdi.

Bundan başqa, qanunun 50-2.1.3-cü maddəsinə edilən dəyişikliklə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təkcə tenderlərin deyil, digər satınalma prosedurlarının da (kotirovka, təkliflər sorğusu) haqqının ödənilməsi həyata keçiriləcək.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir