Fərhad Əhmədov mətbuatda ona qarşı aparılan kampaniyadan incikliyini məqalələrlə ifadə edib

Rusiyalı biznesmen, keçmiş senator Fərhad Əhmədov bu yaxınlarda öz “facebook”  səhifəsində dərc etdiyi  yazıya Azərbaycanda sərt reaksiya verilməsindən, mətbuatda şəxsinə hücumlardan  narazılığını  başqa bir yazı, başqa bir üslubda ifadə edib.

İlk yazı çox uzun olsa da, birinci şəxs – yəni Fərhad Əhmədovun öz  dili ilə yazılmışdı.  Sonuncu məqalələr isə  ikinci  şəxsin dili  ilə qələmə alınıb və yığcamdır.

Yazılar Rusiyanın bir neçə internet resursunda müxtəlif imzalarla dərc olunub. İlki Aleksandr Frolov  imzası altında wek.ru -da, digəri  17 dəqiqə sonra  Sergey Mixaylov imzası ilə “vesia.ru” saytında.

Hər iki məqalə F.Əhmədov tərəfindən sosial şəbəkədə paylaşılıb. İkinci məqalə (ola bilər birinci də) “facebook”  platformasında sponsor dəstəyi ilə (ödənişli  yayım vasitəsilə)  Fərhad Əhmədovun rəsmi “facebook” səhifəsi üzərindən yayılıb.  Bu isə o deməkdir ki, yazılarda söylənilənlər onun iradəsini ifadə edir.

Hər iki yazı məzmunca eyni tezislər üzərində qurulduğu üçün birinin annotasiyasını oxucuların diqqətinə təqdim edirik:

Məqalə “Как куется “образ врага”  – “Düşmən obrazı” neçə bərkidilir” adlanır.

Yazının qayəsi  və hədəfi yarımbaşlıqdan  bəlli olur:

Niyə Azərbaycan mətbuatında rusiyalı eks-senatora qarşı kampaniya başladıldı”

Müəllif yazıya Fərhad Əhmədovun “Azərbaycana konstruktiv müxalifət lazımdır” fikrinin ölkə KİV-i tərəfindən qəzəblə hədəfə alındığı vurğusu ilə başlayıb. Ardınca da “ölkədə aktiv islahat aparan” Prezident İlham Əliyevin müxalifət  haqqında söylədiklərini sitatla xatırladıb. Əslində söylənilən fikirlərdə fərq olmadığını bildirib.

Yazıda Fərhad Əhmədova qarşı informasiya kampaniyasının gözəgörünməz əl tərəfindən başladılıb, idarə olunmasına işarə vurulsa da, bu əlin sahibinin adı açıqlanmayıb.

Azərbaycan saytlarında (ünvanlar sadalanır) F. Əhmədova qarşı qərəzli qarayaxma  kampaniyası aparıldığını, faktların təhrif olunduğunu, onun “fırıldaqçı”, “intriqaçı”, “araqarışdıran”, “xarici ölkə şpionu” adlandırıldığını qeyd edən müəllif,  opponentinin Azərbaycanda “kənd təsərrüfatına böyük sərmayə yatırdığını, Avropa Şurasında uzun müddət ölkənin maraqlarını qoruduğunu”   vurğulayıb.

Onun fikrincə,  mətbuatda Fərhad Əhmədov barədə uydurma ittihamlar irəli sürülüb.  Müəllif  biznesmenin fikirlərində ölkədə sabitliyi pozacaq heç bir inqilabi ideya olmadığını, əksinə,

F. Əhmədovun gələcəkdə sosial partlayış və siyasi qarışıqlıqdan yayınmaq üçün  siyasi və iqtisadi islahatlara, dövlətin və cəmiyyətin modernizasiyasına  yuxarıdan başlamağa çağırdığını”

qabardıb.

Yazının böyük bir hissəsi Azərbaycan mətbuatında F. Əhmədovun həyat və fəaliyyəti, biznesi  haqqında irəli sürülmüş ittihamların təkzibinə həsr olunub. Onun biznesdə və siyasətdə uğurlarından danışılıb, “Əsrin müqaviləsi”ndəki roluna işarə vurulub.

Sonda Fərhad Əhmədovun simasında düşmən obrazı yaratmaq yerinə mətbuata  sensasiya üçün Azərbaycanda korrupsiyaya bulaşmış məmurların həyat və fəaliyyətindən yazmaq məsləhət görülüb. Müəllif Azərbaycanda belə materialların dərc olunmadığını da qeyd edib.

Yazı sahibinin fikrincə, düşmən obrazı yaradan, diqqəti özlərindən yayındıraraq Fərhad Əhmədovu hədəf göstərən də onlardır. Azərbaycanın rəsmi mətbuatı da nəsibini sonuncu cümlədə alıb:

Azərbaycanın rəsmi mətbuatı tərəfindən yaradılan xəyal dünyası reallıqla üzləşməyə dözmür”.

P.S. Yazı dərc oldunduqdan sonra internetin RuNet seqmentində daha bir neçə tanınmış informasiya portallarında oxşar məqalələrə rast gəldik. Fərqli yazılar olsa da, yuxarıda qeyd etdiyimiz kimi, hamısının məzmun “yükü” eynidir. Görünür, Fərhad Əliyev mətbu kampaniyaya analoji kampaniya ilə cavab vermək taktikası seçib…

Şərh yaz

1 Şərh

  1. Nəriman 1 saniyə öncə
    ŞİKAYƏT ƏRİZƏSİ
    Biz, aşağıda imza edənlər, ölkəmizdə işsizliyin aradan qaldırılması məqsədilə inşaat sektorunda ixtisaslı fəhlə, savadlı usta, təşkilatçı briqadir, təcrübəli mühəndis yetişdirmə və işlə təmin etmə istiqamətində 2008-ci ildə qurulmuş Rezident Az İnşaat Platforması vasitəsilə müxtəlif vaxtlarda və müxtəlif coğrafiyalarda təmir-tikinti işlərində işləyən Azərbaycan Respublikasının vətəndaşlarıyıq. 2017-ci ilin noyabr ayından 2019-cu ilin aprel ayına qədər növbəti layihəyə – Göyçay rayonu, Potu və İsmayıllı rayonu Kürdmaşı kəndlərində yerləşən, Fərhad Əhmədova məxsus rezidensiya və malikanələrdə təmir-tikinti işlərinə cəl edilərək fəhlə, usta, memar, mühəndis, nəzarətçi və s. kimi işləmişik. Tikinti işlərinin təhvil verildiyi 2019-cu ilin aprel ayından Fərhad Əhmədov müxtəlif bəhanələr gətirərək qalıq əmək haqları ilə yanaşı material xərclərini ödəməkdən imtina edir. Müxtəlif bəhanələrlə Fərhad Əhmədov 4 dəfə qeyri-rəsmi yerli audit yoxlama aparan mütəxəssislər, 1 dəfə Rusiya Federasiyasından rəsmi audit yoxlama aparan mütəxəssislər dəvət edərək görülən işləri yoxlatdırıb. Fərhad Əhmədov tərəfindən aparılmış bütün yoxlamaların nəticələri bizim lehimizə olmağına baxmayaraq cənab Əhmədov ədalətsizlik nümayiş etdirərək bizə olan borcu artıq 2 ildir ki, ödəmir.
    Hörmətli KİV nümayəndəsi, yuxarıda adı qeyd olunan şəxsin onlarla Azərbaycan vətəndaşına qarşı kobud hüquq pozuntu halının qarşısının alınması məqsədilə bizə köməklik göstərmənizi xahiş edirik. 2 il onlarla insanın haqqını qəsb etmək dünya miqyaslı iş adamına, azərbaycanlıya yaraşmaz! Köməkliyinizlə baş vermiş haqsızlığın aradan qaldırılacağına və onlarla zəhmətkeş insanın haqlarının ödənəcəyini ümid edərək əvvəlcədən təşəkkürümüzü bildiririk.
    Hörmətlə, haqları Fərhad Əhmədov tərəfindən qəsb edilmiş onlarla Azərbaycan vətəndaşı.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir