Ermənilərin törətdikləri soyqırımlar şiddətlə qınanılmalı və hüquqi qiymətini almalıdır

XX əsrin əvvələrindən başlayaraq silsilə şəkildə Azərbaycanın bir çox şəhərlərində qırğınlar törətməklə öz həqiqi üzlərini gizlətməyi bacaran ermənilər, nədənsə əsrin sonunda bəşəriyyətin ən dəhşətli faciəsini, Xocalı soyqırımının həyata keçirdiklərini unutdurmağa çalışırlar

Birləşmiş Ştatların Prezidenti Cozef Bayden ermənilərin bir əsrlik uydurma hadisələri olan və dünya ictimaiyyətinə “erməni soyqırımı” kimi təqdim etdiyi tarixi uydurmalarını dilə gətirməklə Türkiyəyə olan münasibətlərini üzə çıxartmış oldu və bununla da ABŞ-ın NATO-da mühüm partnyoru olan Türkiyə ilə əməkdaşlıq əlaqələrini böyük sual altına aldı. Prezident Baydendən də öncə onun sələfləri olmuş istər Barak Obama və istrsə də Donald Trump hər il 24 aprel tarixi ərəfəsində müəyyən vədlər versələr də, öz çıxışlarında “soyqırımı” sözü işlətməmiş və I Dünya müharibəsi dövründə ermənilərin Osmanlı imperiyasında “dəhşətli qırğını” və ya “böyük fəlakət” sözləri ilə kifayətlənmişlər. Bəs Co Baydenin bu addımını necə qiymətləndirməli və anlamalıyıq?

Öncə qeyd etməliyəm ki, yerləşdiyi coğrafi mövqedən və iqtisadi gücündən aslı olmayaraq dünyanın hər bir dövləti öz mənafeyini, dövlətçiliyini və müstəqilliyini qorumaq üçün preventiv addımlar atır. İstər iqtisadi cəhətdən güclü olan, istərsə də inkişaf etməkdə olan dövlətlər edəcəkləri hər hansı siyasi gedişi düşünərək vahid ssenari əasasında aparılırlar.

II Dünya müharibəsindən sonra daha çox 1950-ci illərdə səslənməyə başlamış ermənilərin uydurduqları sərsəm “soyqırımı” məsələsi 1965-ci ildən bəri tanınmağa başlamış (Uruqvay, 1965) və sonrakı illərdə Amerika Birləşmiş Ştatları, Braziliya, Kanada, Fransa, Almaniya, İtaliya, və Rusiya da daxil olmaqla ümumilikdə 30 ölkə və ABŞ-ın 50 ştatından 49-u soyqırımı iddialarını dövlət və ya parlamentlərində qanun layihəsi və ya müxtəlif qətnamələr çərçivəsində müzakirə edilmiş və qəbul edilmək üçün dövlətə təqdim edilmişdir. Eləcə də Avropa Şurası və Avropa Parlamenti də daxil olmaqla “erməni soyqırımını” bir neçə təşkilat da qanun layihəsi kimi tanımışdır.

Son illər istər Almaniya Bundestaqının, istərsə də Fransa Senatının “erməni soyqırımını” tanıyan Qətnamə layihəsini qəbul eməsi bu dövlətlərin Türkiyəyə təzyiq göstərmək üçün atmalı olduğu bir addımdan başqa bir şey deyildir. Maraqlıdır ki, 2016-cı il 1 iyun tarixində Almaniya Bundestaqının qəbul etdiyi layihə Almaniya Yaşıllar Partiyasının əslən türk olan Cem Özdəmir tərəfindən irəli sürülmüş, lakin  iyun ayının 2-də keçirilmiş iclasdakı səsvermədə nə kansler Angela Merkel, nə vitse-kansler Siqmar Gabriel, nə Sosial-Demokrat Partiyasının rəhbəri Frank-Walter Steinmeier, eləcə də xarici işlər naziri iştirak etməmişlər. Buna baxmayaraq Yaşıllar partiyası tərəfindən qaldırılan qanun layihəsi həm Sosial-Demokratlar Birliyi, həm də Sosial-Demokrat Partiyası rəhbərliyi tərəfindən dəstəklənmiş və almaniyalı deputatların böyük bir hissəsi “1915-ci ildə erməni və digər xristian xalqlara qarşı törədilmiş soyqırımı” haqqında qanun layihəsini qəbul ediblər. Bu hadisə artıq bir neçə vaxtdır təzyiq altında olan rəsmi Ankara və Berlinin münasibətlərinin daha da soyumasına səbəb olmuş və məhz Berlinin vasitəçiliyi ilə Avropa İttifaqı (Aİ) və Türkiyə arasında mübahisəli “miqrant” müqaviləsi gündəmə gəlmiş, eləcə də müqaviləyə əsasən Türkiyə öz vətəndaşları üçün azad Şengen vizası müqabilində Avropaya olan miqrant axınının qarşısını almaq üçün onları öz ərazisində yerləşdirmək öhdəliyi vəd etmişdir.

Buradan belə qənaətə gəlmək olar ki, bir əsrdən çox müttəfiq olan istər ABŞ, istərsə də Almaniya Türkiyə üçün önəmli olan “soyqırımı” məsələsinə görə münasibətlərini pozmaqları başqa bir məna güdür. Soyqırımı məsələsində ABŞ-Türkiyə münasibətləri müzakirə olunsa da, məsələnin dərinliyinin, yenə də ermənilərin öz işlərini necə həssaslıqla gördüklərinin şahidi oluruq.

Hadisələrin cərəyan etdiyi bir dövrdə, BMT Baş katinin sözçüsü Stefan Dyujarrik ABŞ-ın bu məsələ ilə atacağı ehtimal olunan addımları şərh edərkən “Soyqırımı faktını ilk məhkəmə müəyyənləşdirməlidir” deyə qeyd edib. Lakin ABŞ son illər istər hərbi, istərsə də iqtisadi sahələrdə ardıcıl olaraq Vaşinqton-Ankara münasibətlərinə qarşı addımlar atıb. Belə ki, Türkiyənin ABŞ-ın etirazına baxmayaraq Rusiyadan “S-400” raket-zenit kompleksinin alınması Ankaranın “F-35” proqramından çıxardılması və Türkiyə hərbi sənayesinə qarşı sanksiyalar ilə nəticələnmişdir. Eləcə də Azərbaycanın 44 günlük apardığı şərəfli II Qarabağ savaşında da rəsmi Ankaranın Bakını sözdə və əməldə dəstəkləməsi ABŞ-ın ATƏT-ın Minsk qrupunun həmsədri kimi yürütdüyü siyasətinin fiaskoya uğraması və hadisələri yenidən nəzarətə almaq istəyi kimi də qiymətləndirilə bilər.

Lakin nədən ermənilərin XX əsrin əvvəllərindən başlayaraq Azərbaycanlılara qarşı törətdikləri sistemli soyqrımlara belə reaksiyalar yoxdur? Belə ki, XX əsrin əvvələrində başlayaraq silsilə şəklində Azərbaycanın bir çox şəhərlərində qırğınlar törətməklə öz həqiqi üzlərini gizlətməyi bacaran ermənilər, nədənsə əsrin sonunda bəşəriyyətin ən dəhşətli faciəsini, Xocalı soyqırımının həyata keçirdiklərini unutdurmağa çalışırlar.  Soyqırımlar ilə bağlı dünya ölkələrinin ən ali təşkilatlarında layihələr müzakirəyə çıxarılan zaman yaxşı olardı ki, ermənilərin də törətdikləri soyqırımlar haqqında xatırlamalar edilib qətnamə və qanun layihələri qəbul olunardı.

             Dr. Vazeh Əskərov,

Tarix üzrə fəlsəfə doktoru, dosent,

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü,

Fransız-Azərbaycan Universitetinin icraçı direktoru

 

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir