“İsgəndər-M”dən kim və nə məqsədlə Azərbaycana atəş açıb?

“İsgəndər” raketlərindən Azərbaycana atəş açılması istər media, istərsə də sosial şəbəkə platformalarında qızğın müzakirə olunur.

Təəssüf ki, mövzu obyektini açıb oxuyub öyrənmədən ekspertlik edənlər çoxdur.

Halbuki, Rusiyanın ciddi hərbi mənbələrindən məlumat toplamaqla  və malik olduğumuz informasiyanı süzgəcdən keçirməklə bir sıra vacib suallara (qismən) cavab tapmaq mümkündür.

Beləliklə, Vətən (Qarabağ) müharibəsi zamanı düşmən tərəfdən Azərbaycan ərazilərinin “İsgəndər-M”  operativ-taktiki raket komplekslərindən atəşə tutulduğu faktlarla təsdiqlənib. ANAMA-nın son məlumatına əsasən, Şuşa ərazisində partlamış iki raket qalıqları tapılıb.

Bunların 9M723  raketlərinə aid olduğu da dəqiqləşib.

Məhz bu modifikasiya  raketin “İsgəndər-M”  kompleksindən atıldığına dəlalət edir.

Xatırladaq ki, Rusiya Ermənistana “İsgəndər-E”  – eksport modelini verib.

Belə olan təqdirdə, sual olunur:

Niyə Ermənistanın əlində “İsgəndər-E”  kompleksləri olduğu halda  Şuşaya “İsgəndər-M”dən atəş açılıb?

Bunun cavabı  Şuşaya atılmış  9M723 raketlərinin döyüş təyinatında, daha dəqiqi: onun daşıdığı sursat növündədir. Raketin qalıqlarından da görünür ki, hərbi döyüş-sursatı kaset tipli olub.

Əvvəlcə raketin xarakteristikasına diqqət edək.

9M723 raketi:
  • Birpilləlidir və uçuş zamanı uc hissəsi gövdədən ayrılmır;
  • Raket bütün uçuş trayektoriyası boyu aerodinamik və qazodinamik sükan vasitəsilə idarə olunur;
  • 9М723-in trayektoriyası ballistik yox, idarəolunandır;
  • Raket tez-tez trayektoriya müstəvisini dəyişir;
  • Start və hədəfə yaxınlaşdığı dövrlərdə daha aktiv manevr edir;
  • Trayektoriyanın böyük hissəsi 50 km yüksəklikdə olur.

Raket hədəfə inersial idarəetmə sistemi vasitəsilə yönləndirilir. Daha sonra idarəetmə (hədəfə kilidlənmə)  raketin üzərindəki sistemə keçir. Korrelyasiya-ekstremal optik başlığı raketi hədəfə kilidləyir və hərəkəti idarə edir.

Raketin idarəetmə (gövdə) kompüteri optik görüntü əsasında hədəf yerini, zonasını yaddaşındakı məlumatla tutuşdurub  hərəkətlərini korrektə edir.

Məhz bu səbəbdən raketin hədəfdən yayınma dərəcəsi çox aşağıdır: cəmi 1-2 metr.

Qeyd edək ki, Rusiyanın hərbi-texniki mənbələri 9М723 raketlərinin yeni – 2016-cı ildə  hazırlanmış versiyasının döyüş sursatlarının, məsələn, kaset bombalarının ayrı-ayrılıqda  hədəfə optik kilidləmə sisteminə malik olduğunu bildirir.

9М723 -optik hədəf təsbiti sistemi

Nəzərinizə çatdırmaq istərdik ki, operativ-taktiki raketlərin əsas vəzifəsi  düşmənin hava hücumundan müdafiə sistemlərindən və digər müdafiə vasitələrindən yayınaraq qısa müddətdə yükünü – yəni döyüş sursatını  hədəfə dəqiqliklə çatdırmaqdır.

Yəni, əslində, raketin özü deyil, daşıdığı sursat dağıdıcı olur.

9M723 raketləri müxtəlif, cəmi 10 tip döyüş (sursat) hissələri ilə təchiz oluna bilər

Bunlardan 4-ü müxtəlif təyinatlı kasetli döyüş hissəsindən ibarətdir:

  • Kontakt olmadan  partlayan qəlpəli elementlərdən ibarət  kaset
  • Kumulyativ  (zərbə ilə) partlayan qəlpəli elementlərdən ibarət  kaset
  • Özü hədəfə kilidlənən döyüş  elementlərindən ibarət  kaset
  • Həcmdə detonasiya edən sursatdan ibarət kaset  – məsələn, elementlər havaya müəyyən həcmdə partlayıcı aerozol buraxdıqdan sonra partlayan sursat.

Digər döyüş sursatı növləri qəlpəli fuqas, yandırıcı fuqas və dəlici-keçici (bunkerlərə qarşı) tiplərindən ibarətdir.

İllüstrasiya
Raketin kasetli döyüş hissəsi  900 metrdən 1,4 km-dək hündürlükdə açılır –  boşaldılır. Döyüş elementləri radioötürücülərlə təchiz olunub. Onlar vasitəsilə döyüş elementləri hədəf  üzərində 6-10 metr hündürlükdə partladılır.
Hər kaset 54 döyüş elementindən ibarətdir.

İndi sual olunur:

Niyə məhz 9M723 və ya “İsgəndər-M”  ?

Fərz edək ki, Ermənistan, həqiqətən də, “İsgəndər-E”  komplekslərinə malikdir. Onda niyə Şuşaya (bir başqa ehtimalla, həm də  Bakıya) “İsgəndər-M”dən atəş açılıb?

Təəssüf ki, 9M723 raketlərinin Şuşaya nə zaman, hansı tarixdə, hansı şəraitdə atıldığı, daha da vacibi, hansı döyüş (sursatından)  hissəsindən istifadə olunması haqqında  dəqiq məlumat verilməyib.

Buna rəğmən ehtimal etmək olar ki, bu raketlər Şuşaya noyabrın 7-8-9-da atılıb. Özü də Rusiya hərbçiləri tərəfindən, çox güman ki, Ermənistandakı hərbi bazadan.

Səbəb, məqsəd nə olub?

Burada iki ehtimal var:

  1. Rusiya müttəfiqi Ermənistanın hərbi qüvvələrinin Şuşanı qoruya bilməyəcəklərini, Azərbaycan Ordusunun misilsiz hərbi əməliyyatla qala-şəhəri ala biləcəyinə ehtimal verməyib. Azərbaycan Ordusu şəhəri tutduqdan sonra ermənilərin onu geri qaytarması üçün məcburən vəziyyətə müdaxilə edib.

Nəticə uğursuz olub: ermənilər  Şuşanı geri qaytarmaq üçün əks-hücuma böyük qüvvə cəlb ediblər və tam fiaskoya uğrayıblar – bu qüvvələrin böyük əksəriyyəti darmadağın olunub. Buna Şuşa ətrafında, yol boyu  erməni hərbçilərinin qalaq-qalaq  yığılmış meyitləri, məhv edilmiş texnikası da dəlalət edirdi.

2-ci versiya:

Rusiya bu atəşlərlə Azərbaycan Ordusunu irəliləməkdən, Xankəndiyə hücumdan çəkindirmək, dayandırmaq niyyəti güdüb.

Diqqət: “İsgəndər-E” – yəni Ermənistana verildiyi deyilən kompleksin raketlərində KASET tipli  döyüş hissəsindən istifadə olunmur! Komplektasiyada bu nəzərdə tutulmayıb!

Bir başqa sözlə, “İsgəndər-E“-dən  Şuşaya  böyük hərbi texnika və ya obyekt üçün nəzərdə tutulmuş  döyüş hissəli raketlə atəş açmaq effektli olmayacaqdı. Kaset tipli döyüş hissəsi ilə atəş  əsasən daha geniş sahədə canlı, mobil  qüvvələrə qarşı yönəldilir.

Ermənistan müharibə ərzində kaset tipli döyüş sursatları daşıyan  digər raket komplekslərindən (məsələn, “Toçka U”dan) istifadə edib. Lakin heç bir atəş dəqiq olmayıb və raketlər nəzərdə tutulan hərbi hədəflərdən xeyli yayınıb.

Məhz bu səbəbdən düşmən tərəf son çarə olaraq daha dəqiq silaha – “İsgəndər-M“ə əl atıb…  Onun da kimə məxsus olduğu dünyaya əyandır…

Şuşa azad olunandan  və bununla da ermənilərin müqaviməti tamamilə qırılandan sonra Azərbaycan Ordusu Xankəndiyə doğru yönəlmişdi. Döyüşlər artıq  Xankəndinin həndəvərində gedirdi. Ermənilərin ehtiyat qüvvəsi və təchizat təminatı olmadığından şəhərin qısa müddətdə azad edilməsi – tutulması qaçılmaz, labüd idi.

Amma heç kimin gözləmədiyi an müharibə qəfil dayandırıldı və bizə Xankəndini azad etməklə erməni separatizmindən, qanunsuz rejimdən birdəfəlik qurtulmağa imkan verilmədi.

Azərbaycana təsir və təzyiq vasitəsini itirmək istəməyən Rusiya  bunun qarşısını aldı.

Şübhəsiz ki, atılan raketlər Azərbaycana göstərilən  təzyiq vasitələrindən bir qismi idi. Ehtimal etmək olar ki,  gözlənilməz məqamda Azərbaycan ərazisindən Rusiyanın hərbi helikopterinin vurulması da təsadüfi deyildi.

Güman etmək olar ki, bunu Rusiya  Xankəndiyə hücumdan imtina etməyəcəyi, dayanmayacağı təqdirdə Azərbaycana  hərbi müdaxiləyə əsas yaratmaq üçün qəsdən təşkil etmişdi.

Xatırlayırsınızsa, o gecə Azərbaycan səhərə kimi yatmadı –  Rusiyanın müharibəyə girəcəyindən ehtiyatlandı…

Hələ üstəlik, o zaman Bakı səmasında da iki raketin vurulduğu iddiası var. O gecə çox adam  Abşeronda böyük partlayış səsi eşidib.  Elə o vaxtdan bəri Bakıya da “İsgəndər” raketlərinin atıldığı deyilir. Əgər bu belədirsə,  qətiyyətlə söyləmək olar ki, onları da eyni məqsədlə Rusiya atıb.  Məsələ ondadır ki, Ermənistanın heç bir yerindən  “İsgəndər-E” Bakıya  raket çatdıra bilməzdi: bütün hallarda məsafə 280 km-dən uzundur…

Nəticə çıxartmaq, qəti qərar (rəy) vermək isə informasiya qıtlığından və hadisələrin məxfiliyindən hələ çox tezdir. Bununla belə, bu “İsgəndər”in buynuzu bir gün mütləq ortaya çıxacaq…

 

Mənbə: TASS

Missilery

Qazeta

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir