Tarixi həssas məqamda, ölkənin NATO-ya üzvlüyü məsələsi müzakirə olunarkən İsveç niyə Türkiyəyə və İslam dünyasına qarşı təhqiramiz təxribata yol verdi?
İsveçin və Finlandiyanın NATO-ya üzvlük müraciətlərini təsdiq etməyən iki dövlət var və onlardan biri Türkiyədir. Qardaş Türkiyə hansı halda bu iki dövlətin NATO-ya üzvlüyünə razılıq verəcəyini açıqlayıb və konkret tələblərini irəli sürüb.
Xatırladaq ki, İsveç bu tələbləri qəbul edib və Türkiyə ilə arasındakı problemlərin çözülməsi üçün ilk addımlar da atılıb. Lakin bu formal təşəbbüslər Türkiyə üçün yetərli olmayıb, İsveç isə əsas tələbləri yerinə yetirməyə tələsməyib.
Üstəlik son dövrlər İsveçdə Türkiyə əleyhinə yeni etiraz aksiyalarına rəvac verilib, PKK terror təşkilatı ünsürləri aktivləşdirilib və bir neçə gün əvvəl Stokholmda “Quran” kitabı yandırılıb. Bu vandalizm Türkiyənin dövlət xadimlərinə qarşı təhqiramiz hərəkətlərlə müşayiət olunub.
Təbii ki, bu hadisə Türkiyəni və İslam aləmini qəzəbləndirib. Türkiyə sərt dillə də olsa, diplomatik nəzakət çərçivəsində İsveçə rəsmi etirazını və narazılığını bildirib. Eyni zamanda İsveçin NATO-ya üzvlük məsələsi ilə bağlı keçirilməsi nəzərdə tutulan görüş təxirə salınıb. Türkiyə mövcud şərtlərdə İsveçin NATO-ya üzvlüyünü dəstəkləməyəcəyini qəti ifadə edib.
Sizə elə gəlmir ki, əslində İsveçin istədiyi məhz budur! İsveç NATO-ya üzv olmaq istəmir və bu prosesi Türkiyənin əli ilə pozmağa çalışır.
İnsan azadlıqları, söz azadlıqları, demokratiya və bu kimi izahlar dekorasiyadır. İsveç, həqiqətən də, NATO-ya üzv olmaq istəsəydi, çox rahatlıqla Türkiyənin tələblərini yerinə yetirər, həmçinin radikal aksiyaların keçirilməsinə icazə verməzdi. Onlar isə əksinə, hər fürsətdə Türkiyəni qıcıqlandırmağa, hövsələdən çıxartmağa və onu sərt cavab tədbirləri görməyə sövq etdilər.
Bəs niyə İsveç əvvəl NATO-ya üzv olmaq istədi?
İsveçin və Finlandiyanın NATO-ya üzvlük ərizəsi elə bir dövrdə alınmışdı ki, Rusiya Ukraynadakı müharibədə üstünlüyə malik idi və irəliləyirdi. ABŞ və Britaniyanın qlobal informasiya və ideologiya maşını Avropada xof yaratmış, dünyanı Rusiyanın Ukrayna ilə kifayətlənməyəcəyinə, digər ölkələrə də hücum edəcəyinə inandırmışdı. Doğrudur, bu fikrin formalaşmasında Kreml pensiyaçısının da xidmətləri böyükdür. Rusiya Baltik dənizi hövzəsində itirdiyi misilsiz mövqeləri geri qaytarmaq arzusunda olduğunu açıq söyləməsə də, belə bir strateji hədəfi olduğunu gizlətməyib.
Belə şəraitdə sual olunurdu ki, Rusiya Ukraynadan sonra daha hara hücum edə bilər? Məntiq Skandinaviyanı: Finlandiya və İsveçi göstərirdi. Çünki məhz bu iki ölkə NATO üzvü deyil.
Üstəlik, İsveç Avropada ən kiçik ordulardan birinə sahibdir. Hazırda bu ölkənin cəmi 25 minlik nizami ordusu var. 10 milyon nəfər əhalisi olan İsveçin ərazisi 528 min kvadrat kilometrdir, sahil boyu sərhədlərinin uzunluğu isə 3 min 200 kilometrdən çoxdur.
Faktiki olaraq İsveç simvolik orduya malikdir. Hərbi xidmətə çağırış ləğv olunub, bu, könüllülük əsasında və müqavilə ilədir.
Xəritəyə diqqət etsək Qərbi Avropanın əsas dövlətlərinə potensial təhdid NATO-dan yan keçməklə şimaldan – Skandinaviyadan, Baltik dənizi hövzəsindən yarana bilər. Qərb Rusiya önündə qurduğu şaquli NATO səddini bu istiqamətdə tamamlaya bilməyib. Finlandiya və İsveç soyuq müharibə dövründən sonra NATO blokuna qoşulmaqdan imtina edib.
Ukraynaya təcavüzlə Rusiya bu ölkələri qorxuya salmaqla yanaşı, ABŞ və Britaniyanın da onlardan NATO-ya qoşulmaq tələbini aktuallaşdırdı.
Razılıq əldə olunan kimi ildırım sürəti ilə onlardan müraciət ərizələri alındı və eyni tezlikdə də alyansın əksər üzvləri bu istəyi parlamentlərində təsdiqlədi. Təkcə Türkiyə və Macarıstandan başqa. Macarıstan NATO-da Türkiyə qədər böyük və həlledici gücə sahib deyil. Türkiyə razılıq verəcəyi təqdirdə Macarıstanı yola gətirmək çətin olmayacaq.
Bu səbəbdən İsveç Türkiyə üzərindən Qərbin planlarını pozmağa, daha dəqiqi NATO-ya üzvlükdən imtina etməyə, hərbi neytrallığını qoruyub saxlamağa çalışır. Birbaşa imtina edib Qərb dünyasında haqqında mənfi rəy yaratmamaq üçün Türkiyəni hədəf halına gətirir. Necə deyərlər, ilanı Seyid Əhməd əli ilə tutmağa çalışır…
İsveç niyə “cığallıq” edir?
Çox güman ki, Ukrayna müharibəsində dönüş yarandığını gördükdən, əslində Rusiyanın bu şərtlər altında böyük müharibəyə hazır olmadığına əmin olduqdan sonra İsveç NATO-ya üzvlüyün ona faydadan çox ziyan gətirəcəyi mövqeyinə (siyasətinə) geri dönməyə qərar verib.
İsveç analitikləri düşünür ki, ölkələrinin Rusiya ilə sərhədləri yoxdur. Finlandiyanın isə var. Həmçinin Rusiya ilə həmsərhəd digər qonşusu Norveç isə NATO-nun üzvüdür. Belə olan halda Finlandiyanın NATO-ya üzvlüyü ilə İsveç “avtomatik” alyansın “qalxan”ı arxasında, geri planda qalacaq.
Beləcə, İsveç həm başqaları hesabına Rusiya təhlükəsindən qorunacaq, həm də NATO qarşısında doğacaq yeni öhdəliklərdən, həmçinin yaranacaq hərbi-siyasi asılılıqdan qurtulacaq. Bir başqa sözlə, İsveç NATO boyunduruğu altına girməkdə maraqlı deyil və geri addım üçün yollar arayır. Türkiyəyə qarşı təxribatlar da bu istəyin təzahürüdür. Türkiyə NATO-ya üzvlük müraciətini təsdiq etməzsə, İsveç dolayı yolla istəyinə çatacaq.
Şahmat üsulu türk qambiti gedişi ilə özlüyündə Türkiyəni “qurban” verməyi xəyal edən İsveç eyni zamanda NATO-nun “çəngəl”dəki Finlandiya ilə qane olacağına ümid bəsləyir.
Şübhəsiz, qardaş Türkiyə fundamental və qüdrətli dövlətdir – o da dünyanın siyasi xəritəsində aparılan böyük, eyni zamanda çirkin və qanlı oyundan minimum itki, maksimum mənfəətlə çıxmağa çalışacaq. Əminik ki, həmişə olduğu kimi, Türkiyə bu dəfə də bunu bacaracaq.