Elman Eldaroğlu: əlvida 57, xoş gəldin 58…

Abbasqulu NƏCƏFZADƏ

sənətşünaslıq elmləri doktoru, professor
a.najafzade@yahoo.com

 

Bu gün yanvarın 3-ü – “Beynəlxalq dərəcəli” jurnalist, ictimai xadim, prezident təqaüdçüsü, şair dostum Elman Eldaroğlunun 57 yaşı tamam olur. 3 yanvar həm də mənim həyatıma qızıl hərflərlə yazılan tarixi bir gündür:  Allah-Təala mənə bu gün ata olmağı qismət edib – oğlum Cəfər dünyaya gəlib.

Başda əzizlərim Elman Eldaroğlu və Cəfər olmaqla yanvarın 3-də dünyaya gəlmiş bütün soydaşlarımızı təbrik edir, hər birinə cansağlığı, sağlam uzun ömür arzulayıram!

Elman Eldaroğlu ilə yeddi il bundan əvvəl ABŞ-ın İndiana ştatında tanış olmuşam. Həmin illərdə o, həyat yoldaşı, əslən Xızıdan olan Vəfa xanımla ABŞ-da çalışırdılar.

Elman Eldaroğlu dünya azərbaycanlıları haqqında bir-birindən maraqlı silsilə məqalələr hazırlayırdı. Qəhrəmanları təkcə Azərbaycan türkləri, azərbaycanlılar deyil, həm də Azərbaycanı özünə vətən bilən müxtəlif millətlərin nümayəndələri idi. O, seçim zamanı qürbətdə yaşayan Azərbaycan sevdalılarına  üstünlük verib. Bu xüsusda  onun dünyanın istənilən ölkəsində dostu və evi var. Bundan da böyük zənginlik olarmı?

Özündən başqa hər kəsin problemi ilə maraqlanır və imkanı səviyyəsində onlara kömək etməyə çalışır. Daim insanlara yardım etməyə səy göstərən, əsli-kökü Yardımlıdan olan xeyirxah  dostuma yarızarafat-yarıgerçək “Beynəlxalq dərəcəli jurnalist” titulunu mən vermişəm.

Deyir “məqalə yazmaq işinə məktəbli ikən, 10 yaşında başlamışam. İlk yazım Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevə ünvanladığım məktub olub. Sumqayıtda kirayə evdə yaşayırdıq. Hər ayın sonunda kirayə pulunu almaq üçün ev sahibi bizə gələrdi. Rəhmətliklər atam Eldar və anam Elmira xanım da pulu əvvəlcədən hazırlayardılar. Əvvəllər elə bilirdim ki, hər kəsin, həmyaşıdlarımın həyat tərzi belədir. Biləndə ki, oxuduğum sinifdə təkcə biz kirayədə yaşayırıq, qərara gəldim ki, respublika rəhbərinə bu mövzuda məktub yazım. Qələm, kağız götürüb yazıya başladım. Azərbaycanın rəhbərini salamladıqdan sonra uşaq təxəyyülü ilə, sadə cümlələrlə evimizin olmadığını, kiraəyədə qaldığımızı və bizim ailəyə mənzil verməyini xahiş etdim.

Təxminən 10 gündən sonra Sumqayıt şəhər sovetinin nümayəndəsi bizə gəldi və təzə mənzillə təmin olunduğumuzu bildirdi. Beləcə, ilk “jurnalist” fəaliyyətim uğurlu oldu və öz bəhrəsini verdi. İndi də həmin evdə yaşayıram, hər dəfə mənzilə daxil olanda ümummilli lider Heydər Əliyev cənablarının ruhuna dualar oxuyuram”.

Elman Eldaroğlu 5 il əvvəl – həyatının 52-ci ilinin  son gecəsində, “Facebook” səhifəsində belə bir təsirli yazı paylaşmışdı: “Bilirəm, gecə saat 12-də pəncərənin nəfəsliyindən özünə yol tapıb çıxıb gedəcəksən. Səni heç zaman geri qaytara bilməyəcəm. Mənə qoyub getdiyin xatirələr qalacaq. Acılı-şirinli xatirələr…

Yaş üstünə yaş gəldikcə bir şeyi anlayıram, günbəgün vəfat etmiş doğmalarıma tərəf gedirəm. Onlar məni orada qınamasınlar deyə, çox işlər görməyə tələsirəm. Ruhlarına rəhmət oxutdurmaq, ruhlarını şad etdirməkdən ötrü…
Məni orada qarşılayacaq atamın önündə başıaşağı olmaqdan çox qorxuram…
Mənim 52 yaşım, gedişinə heyfsilənsəm də, amma həm də sevinirəm ki, ömür davam edir. Davam edirsə, deməli, şans da var. Çox işlər görmək, çox insanları sevindirmək şansı…

Əlvida 52, xoş gəldin 53!”.

Elman Eldaroğlu, bəli, həyat davam edir, arzulayıram ki, hər yaşının üstünə yeni yaş gəlsin və bir gün

Əlvida 99, xoş gəldin 100!”

yazasınız…

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir