ABŞ-da türklər erməni təxribatını önləyiblər

Yüzlərlə etnik türk Vaşinqtondakı Türkiyə səfirinin rezidensiyası önündə toplaşaraq ermənilərin təxribat planını pozub. Qondarma “soyqırımı” münasibətilə anti-türk aksiyası keçirməyə cəhd göstərən erməni diasporunun niyyəti qursağında qalıb. Onlara layiqli cavab verilib, özbaşınalıqlarının qarşısı alınıb.

Ermənilərə qarşı əks-aksiyanı Türkiyə-Amerika Milli Koordinasiya Komitəsi  (TAMKK) təşkil edib. Tədbirdə Türkiyə təmsilçiləri ilə yanaşı azərbaycanlılar və axıska türkləri də fəal iştirak ediblər.

Qruplar arasında toqquşmanın qarşısını almaq üçün Vaşinqton polisi təhlükəsizlik tədbirlərini gücləndirib.

 

Aksiya  iştirakçıları Türkiyənin dövlət himnini oxuduqdan sonra erməni terrorçuları tərəfindən qətlə yetirilmiş türk diplomatların bir-bir adlarını çəkərək onları yad edib, erməni terrorundan danışıblar.

TAMKK-ın həmsədrləri Xəlil Mutlu və Günay Evinc Osmanlı imperiyasının son dövrlərində yaşanan reallığın, tarixin saxtalaşdırılmasından təəssüfləndiklərini  bildiriblər.

 

Türkiyənin ABŞ səfiri toplananlara  müraciət edərək ermənilərin qondarma “soyqırımı” iddialarının əsassız olduğunu vurğulayaraq deyib:

1915-ci ildə erməni-daşnak quldur dəstələri Osmanlı dövlətində minlərlə müsəlmanı öldürüb. Buna rəğmən, Qərbdə çoxları, o cümlədən  ABŞ prezidenti Donald Tramp bu faciəyə (müsəlmanların qətl edilməsi nəzərdə tutulur – red: 7-gun.com) biganə  yanaşır.

Diplomat ermənilərin Türkiyənin birgə tarixi araşdırma komissiyası yaratmaq təklifini dəstəkləmədiklərini xatırladaraq fikrinin belə tamamlayıb:

Nə senatorlar, nə Ağ ev sahibləri 100 il bundan qabaq baş vermiş hadisələr haqqında nəticə çıxartmaq  hüququna malikdir. Verilən qiymət məhkəmə qərarına, yaxud birgə elmi komissiyanın rəyinə əsaslanmalıdır.

Aksiya 2,5 saat davam edib və heç bir insident qeydə alınmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir