Türkiyə təkcə himayədarımız deyil, varlığımızın qarantıdır! 

Bəziləri hələ də Türkiyənin Azərbaycanın dövlət  taleyində rolunu və əhəmiyyətini anlamaq və ya qəbul etmək istəmirlər. Birincilərin buna analitik təfəkkürü, dünyagörüşü  yetmirsə, ikincilərin davranışında düşmənçilik, qərəz elementləri var. Türkiyənin Azərbaycan üçün əhəmiyyətini, mərdanə davranışını, əsl qardaş missiyasını layiqincə, ən yüksək səviyyədə nümayişini gözdən salmağa cəhd göstərənlər də mövcuddur.

Bir daha bunların Ermənistanın dövlət sərhədlərini pozaraq Azərbaycana qarşı hərbi təcavüz təşəbbüsü fonunda  şahidi olduq.  Əslində, beynəlxalq qanunlara əsasən, baş verən təcavüzə cəhd aktı bir müharibə səbəbi idi. Buna görə biz Ermənistana müharibə elan edə bilərdik. Amma etmədik…

Türkiyə yeganə ölkədir ki, Ermənistanın növbəti hərbi həmlələrinə, Azərbaycana qarşı  yaranmış təhlükəyə birmənalı münasibət bildirməklə yanaşı, ölkəmizin yanında olduğunu açıq bəyan etdi. Qeyd etmək lazımdır ki, Türkiyənin bütün dövlət hakimiyyəti, elitası erməni təcavüzünə sərt mövqedən etirazını dönə-dönə bildirdi. Türkiyə Prezidenti demək olar ki, hər çıxışında bu məsələyə xüsusi diqqət ayırdı, problemin məğzinə, səbəblərinə  diplomatik dillə aydınlıq gətirdi. Prezident  Rəcəb Tayyıb Ərdoğan  Azərbaycanı bu təcavüz  qarşısında tək qoymayacaqlarını, hər cür zəruri yardım göstərəcəklərini  qəti şəkildə ifadə etdi.

Güc orqanları – Müdafiə və Hərbi Sənaye nazirlikləri  tarixdə misli görünməyən bəyanatlar verdilər: Türkiyənin bütün hərbi-texnoloji imkanlarının Azərbaycanın əmrində olduğunu söylədilər.

İsmayıl Dəmir: “Müdafiə sənayemiz hər zaman Azərbaycanın əmrindədir”

BAŞKAN  İSMAİL DEMİR: “SAVUNMA SANAYİMİZ BÜTÜN TECRÜBE, TEKNOLOJİ VE KABİLİYETLERİYLE HER ZAMAN AZERBAYCAN’IN EMRİNDEDİR”

Türkiyənin Xarici İşlər naziri diplomatik kanallarla ölkəsinin Ermənistanın hərbi təcavüzünə münasibətini və buna qarşılıq nə edə biləcəyini çatdırdı.

Çavuşoğlu: “Ermənistan ağlını başına toplasın – bütün imkanlarımızla Azərbaycanın yanındayıq”

Türkiyə Böyük Millət Məclisi – parlamentinin  4 partiya fraksiyası: AKP, MHP, CHP və İP birgə bəyanat imzaladı. HDP – kürd terrorunun, separatizminin siyasi qolu Ermənistanı qınayan, Azərbaycana dəstək bəyannaməsini dəstəkləmədi. Səbəbi cahana  əyandır:  kürd kartından yararlanmağa çalışan PKK terror təşkilatının və onun siyasi maskası HDP-nin mayası erməni terrorizmi ilə yoğurulub. PKK terrorçuları  Aprel döyüşləri zamanı da ermənilərin yardımına göndərilmişdi.

Kim göndərmişdi, necə göndərmişdi? – Bu,  hadisələrin eyni qaynaqlı olmasını nəzərə alsaq, prezident Ərdoğanın xalqa müraciət çıxışından anlaşılır.  Türkiyə Prezidenti bu işin – ermənilərin Azərbaycana dövlət sərhədini pozmaqla, əsasən Tovuz bölgəsində hərbi hücumların təşkilinin Ermənistanın boyunu aşdığını söyləmişdi. Eyni zamanda

Ərdoğan: Türkiyə Azərbaycana qarşı hər cür hücumun qarşısında yer almaqda tərəddüd etməyəcək

demişdi.

Bir başqa sözlə,   erməniləri bu  təcavüzə təhrik edən və dəstəkləyən dövlət və ya dövlətlərə (yəni əsasən Rusiyaya) Türkiyə açıq şəkildə bəyan etdi ki, buna seyrçi qalmayacaq!

Azərbaycandan nümayəndə heyəti dərhal Türkiyəyə getdi, güc orqanları ilə danışıq və müzakirələr aparıldı. Yəni sözdən birbaşa işə keçildi… Bəlkə elə buna görə cəbhədə alov söndü?

Türkiyənin Azərbaycana həyan olmasını, konkret təşəbbüslərlə çıxışı,  dəmir iradə ilə ermənilərin havadarlarına meydan oxuması bəzi dairələri ciddi narahat edib. Bu səbəbdən  Türkiyənin cəhdlərini gözdən salmaq, bunu korporativ maraqlar prizmasından dəyərləndirib ucuzlaşdırmaq istəyənlər yenə də aktivləşib. Bu ideoloji təxribatda Rusiyaya və İrana bağlı kriptoqaragüruh daha fəaldır. Şübhəsiz,  aralarında  Qərb güc mərkəzlərinin qrant harınları, təəssüf ki, həm də ziyalılığa iddialı tanınmış ictimai şəxslər də var. Məhz sonuncular öz cılız ambisiyaları və şəxsi maraqları naminə bu yolu tutublar.

İddiaları ondan ibarətdir ki, guya Türkiyə  öz iqtisadi maraqlarını qorumaq naminə Azərbaycana qahmar çıxır – bunu açıq  mətnlə deyənlər də var, sətirarası şüuraltına yeridənlər də:  guya ermənilərin təcavüzü Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinə və  Bakı-Tbilisi-Kars dəmiryoluna təhlükə yaratdığından Türkiyə əl-ayağa düşüb.

Gəlin bu məsələyə bir qədər geniş aspektdən yanaşaq.

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin sahibi BTC Co konsorsiumudur.

BTC Co

  • BP – 30,1%
  • SOCAR – 25%
  • Unocal –  8,9
  • Statoll – 8,7
  • TPAO – 6,5%
  • Eni – 5
  • İtochu 3,4 faiz
  • ConocoPhillips – 2,5
  • İnpex – 2,5%
  • Total 5%
  •  Amerada Hess 2,4 %

səhmdarlarından ibarətdir. Göründüyü kimi, Türkiyənin TPAO – Türkiyə Petrolleri Anonim Ortaklığı şirkəti səhm payına görə 5-cidir.  Böyük Britaniya, ABŞ və Norveç şirkətləri ondan daha çox səhmə malikdirlər. BP-isə 30,1 faizlə xarici şirkətləri bir neçə dəfə üstələyir.

 

Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin texniki operatorları Britaniyanın BP və Norveçin  “Statoil” kompaniyalarıdır. SOCAR 2015-dən layihənin kommersiya operatorudur.

İştirakçılar

  • BP-Azerbaijan — 28,8 %,
  • TPAO — 19 %
  • Petronas -15,5 %
  • SOCAR— 10 %,
  • LUKoil — 10 %,
  • NICO — 10 %,
  • SGC Midstream – 6,7 %

Göründüyü kimi, burada da ingilislər daha çox maraq sahibidirlər. Elə isə, necə olur ki, Böyük Britaniya və konsorsiumun digər üzvləri öz iqtisadi maraqlarını qorumaq üçün Azərbaycana birmənalı dəstək vermir, “Nəyimiz var əmrinizdədir” demir, ancaq bunu Türkiyə edir?

Əgər məsələ iqtisadi maraqlara təhlükənin aradan qaldırılmasındadırsa, Türkiyədən əvvəl bunu, başda Böyük Britaniya olmaqla, Qərb dövlətləri etməli idi. Amma etmirlər! Hələ üstəlik, Ermənistana həyan da olurlar. Deməli, maraqlarına təhlükə yoxdur.  Deməli, əslində, hədəfdə olan Azərbaycanın maraqları, dövlətçiliyi, torpaqlarıdır. Bu da Türkiyədən başqa kimsəni narahat etmir!

Belə olmasaydı, gözümüzə  diplomatik kül üfürməz, 26 il ATƏT-in Minsk qrupu çətiri altında sülh danışıqları teatrını qurmaz, Ermənistanı işğalçı elan edər, sanksiyalara məruz qoyar, işğal altındakı torpaqların azad olunmasına çalışar, 907-ci düzəliş kimi ədalətsiz akta imza atmaz, əksinə, hər vəchlə Azərbaycana yardım göstərərdi.

Əvəzində nə baş verir: sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, işdə – realda isə erməni işğalının möhkəmlənməsi üçün əllərindən gələni əsirgəmir, Ermənistanı himayə edirlər.  Niyəsi aşağıdakı yazıda:

907-ci düzəliş – ABŞ-ın əsl üzü və ya dünya müharibəsinin əks-sədası…

Türkiyə isə: işğalçını adı ilə çağırır; torpaqların azad olunmasını tələb edir və bunu dünyanın bütün mötəbər kürsülərindən dönə-dönə təkrarlayır; Ermənistana qarşı sanksiya tətbiq edir; Azərbaycana hər cür siyasi-iqtisadi, mədəni və ən başlıcası, hərbi yardım göstərir. Təcavüz təhlükəsi yarananda da sinəsini qətiyyətlə irəli verir!

Nəyə görə – neftə-qaza görəmi? Ətrafında daha ucuz neft-qaz satan yoxdur bəlkə?

Türkiyədən  başqa bu dünyada Azərbaycanın qoruyucu mələyi missiyasını yerinə yetirən, qardaş, dost deyə biləcəyimiz  kim  var?  Türkiyə olmasa, başımıza hansı məşəqqətli oyunlar gələ biləcəyini Osmanlının süqutu paralelliyində baş vermiş qanlı olayları  öyrənməklə təsəvvür edə bilərsiniz. Türkiyə təkcə himayədarımız, strateji müttəfiqimiz, qardaşımız, canımız-qanımız deyil, varlığımızın qarantıdır!

Bəli, hər bir ölkənin prioritet dövlət və milli, həmçinin iqtisadi maraqları var. Unikal olan hal ondan ibarətdir ki, Türkiyə və Azərbaycanın ən ümdə dövlət və milli, eləcə də iqtisadi strateji maraqları üst-üstə düşür. Məhz bu hal bizim milli-mənəvi bağlarımızı daha möhkəm və əbədi edir.

Qısası, bu, bir candır: Türkiyə-Azərbaycandır!

2 Comments
  1. Elxan bəy, var olun, çox gözəl məqalə yazmısınız, sanki ürəyimdən neçə gündür batıb qalmış tikanı çıxartdınız. Nə yaxşi ki, sizin kimi düzü düz, əyrini əyri deyən jurnalistlərimiz var. Ulu Tanrı sizi bədnəzərdən qorusun, AMİN!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir