Fərhad Əhmədovun şərti ilə Mübariz Mənsimov kimlərdən ictimai üzr istəməli idi?!.

Rusiyalı milyarder Fərhad Əhmədov aktiv sosial şəbəkə istifadəçisidir. O, şəxsi həyatı haqqında özəl məlumatları, foto-video materialları, sosial-iqtisadi, eləcə də ictimai-siyasi məsələlərə  münasibətini özünəməxsus üslubda ictimaiyyətlə əsasən “Facebook” üzərindən bölüşür.

O, bu gün Türkiyədə həbsdə olan, FETO terror təşkilatı ilə əlaqələrdə şübhəli bilinən Mübariz Mənsimov haqqında fikirlərini bölüşüb, məsələyə münasibət bildirib, ciddi mətləblərdən bəhs edib.

İctimai əhəmiyyətini nəzərə alaraq rus dilində olan yazının tərcüməsini oxucularımızın diqqətinə təqdim edirik. Fərhad ƏHMƏDOV:

“Hörmətli oxucular!

Məndən dəfələrlə Mübariz Mənsimovun ətrafındakı vəziyyətlə  əlaqədar niyə susduğumu soruşublar.

Dərhal cavab verim: susmuram. Onunla əlaqədar Türkiyədə ən yüksək səviyyəyə müraciət etmişəm. Amma heç kim unutmamalıdır ki, bu onların ölkəsidir, onların məhkəməsidir. Mən dəqiq bilirəm, Türkiyədə istintaqın gedişinə və məhkəmənin qərarına, ələlxüsus da prezidentin mövqeyinə  ictimai və digər istənilən təsir cəhdi ancaq əks-effekt verəcək. Mən bunu başqalarından daha yaxşı anlayıram.

Son illər mən iki dəfə Rusiya və Türkiyə arasındakı problemlərin sahmana salınmasında şəxsən iştirak etmişəm. Son və artıq sonuncu dəfə beş ay əvvəl.

Biz onunla yaxın dost olmamışıq (red: Mübariz Mənsimovu nəzərdə tutur), bizi yalnız Vətənə məhəbbət və ortaq dostlar, İsgəndər Xəlilov, rəhmətlik Natiq Əliyev, bir də ki nərdə məhəbbət birləşdirib.

Lakin mən həmişə demişəm, hətta yazmışam ki, Mübariz Mənsimov – Azərbaycan diasporunun ən parlaq simalarından biridir, sidq-ürəkdən öz Vətənini sevir, onun naminə çox şey edib və hələ çox şey edə bilərdi.
​​
Mən onun kompaniyasının fəaliyyət xüsusiyyətləri ilə tanış deyiləm, buna görə də ancaq bildiklərimi deyəcəyəm.

O, uzun illər öz biznesini 3 dostu ilə sıx qarşılıqlı əlaqədə qurub. Onlardan yalnız birini mən yaxından tanıyıram, yeri gəlmişkən, Mübariz ona hörmət əlaməti olaraq “dayı” deyə müraciət edirdi. Bizi tanış edən də o (red: “dayı”nı nəzərdə tutur) olub.

Ancaq son  zamanlar Mübariz hamı ilə konfliktə girdi, sayələrində nəhəng  iş adamına çevrildiyi insanlara qarşı çıxdı, halbuki, təkbaşına, onlarsız o, tanker donanması yarada bilməzdi. Necə deyərlər, “POZMA DOSTLA, YOLDAŞLA TƏMASI, YAMAN OLUR ONUN DAVASI” (red: bu misalı müəllif mətndə azərbaycanca və beləcə böyük hərflərlə yazıb).

Dörd ay əvvəl o mənə kömək üçün müraciət etdi. Mən bacardığım hər şeyi etdim, ancaq şərt qoydum ki, o, tərəfdaşlarından ictimaiyyət qarşısında üzr istəsin. O razılaşdı, sonra isə nə baş verdisə, o da baş verdi.

Məni bir də o narahat edir ki, ona qarşı 4 əsas şahid onun şirkətinin sadəcə rəhbərləri deyil, həm də onun dostlarıdır. Nə baş verib? O öz əməkdaşlarının və dostlarının etibarını itirib?

Lakin dünyadan köçənlər kimi yatanların da (red:  həbsdə olunanları nəzərdə tutur) haqqında ya heç nə, ya da yaxşı danışmaq lazımdır.

Onun keçmiş əməkdaşları və dostları, mən biləni, Mübarizin terroristlərlə əlaqələrindən danışıblar. Bu haqda, onun hər hansı radikal təşkilatlarda iştirakı barədə heç nə deyə bilmərəm.

Mənim yanımda o belə söhbətlər aparmayıb və heç vaxt Gülən adı çəkməyib. Əksinə, o, mənə həmişə deyib ki, Ərdoğan tərəfdarıdır. Yeri gəlmişkən, Gülən və Ərdoğan da əvvəllər dost olub, sonradan yolları ayrılıb.

Mən həqiqətin və ədalətin gücünə inanıram. Zaman hər şeyi yerbəyer edəcək. Buna görə istintaqın nəticələrini və məhkəmənin qərarını gözləyirik.

Amma istəməzdim ki, onu türmədə əmələ görə deyil, fərqli düşüncəyə görə saxlanılan siyasi məhkum taleyi gözləsin.  Eşitdiyimə görə, onun vəkilləri güclüdür. Ümid edirəm, vəziyyət  çözülər və o öz çox sevdiyi övladlarının yanına qayıdar. Onun dörd övladı var.

Yekunda isə həmişə dediyimi söyləmək istəyirəm. Bizim istənilən müharibəmiz düşmənin mənafeyinədir. Biz yumruq kimi bir yerdə olmalıyıq, bizim hamımızın bir  eyni xarici  düşmənimiz var”.

Redaksiyadan:

Göründüyü kimi, Fərhad Əhmədovun bu yazısından bir neçə vacib sual törəyir:

  1. Mübariz Mənsimovun uğurlu biznesinin yaranmasında müstəsna rolu olmuş 3 dostu kimdir?
  2. Onun “dayı” dediyi və Fərhad Əhmədovla tanış etdiyi şəxs kimdir?
  3. Fərhad Əhmədovun şərti ilə ictimaiyyət önündə Mübariz Mənsimov kimlərdən üzr istəməli idi?
  4. Bizim ortaq xarici düşmənimiz kimdir?  

Fərhad Əhmədova bu sualların bir qısmini ünvanlamışıq.  Lakin üstündən saatlar keçməsinə baxmayaraq onlara cavab verilməyib.

 

Mənbə: Farkhad Akhmedov

2 Comments
  1. ŞİKAYƏT ƏRİZƏSİ
    Biz, aşağıda imza edənlər, ölkəmizdə işsizliyin aradan qaldırılması məqsədilə inşaat sektorunda ixtisaslı fəhlə, savadlı usta, təşkilatçı briqadir, təcrübəli mühəndis yetişdirmə və işlə təmin etmə istiqamətində 2008-ci ildə qurulmuş Rezident Az İnşaat Platforması vasitəsilə müxtəlif vaxtlarda və müxtəlif coğrafiyalarda təmir-tikinti işlərində işləyən Azərbaycan Respublikasının vətəndaşlarıyıq. 2017-ci ilin noyabr ayından 2019-cu ilin aprel ayına qədər növbəti layihəyə – Göyçay rayonu, Potu və İsmayıllı rayonu Kürdmaşı kəndlərində yerləşən, Fərhad Əhmədova məxsus rezidensiya və malikanələrdə təmir-tikinti işlərinə cəl edilərək fəhlə, usta, memar, mühəndis, nəzarətçi və s. kimi işləmişik. Tikinti işlərinin təhvil verildiyi 2019-cu ilin aprel ayından Fərhad Əhmədov müxtəlif bəhanələr gətirərək qalıq əmək haqları ilə yanaşı material xərclərini ödəməkdən imtina edir. Müxtəlif bəhanələrlə Fərhad Əhmədov 4 dəfə qeyri-rəsmi yerli audit yoxlama aparan mütəxəssislər, 1 dəfə Rusiya Federasiyasından rəsmi audit yoxlama aparan mütəxəssislər dəvət edərək görülən işləri yoxlatdırıb. Fərhad Əhmədov tərəfindən aparılmış bütün yoxlamaların nəticələri bizim lehimizə olmağına baxmayaraq cənab Əhmədov ədalətsizlik nümayiş etdirərək bizə olan borcu artıq 2 ildir ki, ödəmir.
    Hörmətli KİV nümayəndəsi, yuxarıda adı qeyd olunan şəxsin onlarla Azərbaycan vətəndaşına qarşı kobud hüquq pozuntu halının qarşısının alınması məqsədilə bizə köməklik göstərmənizi xahiş edirik. 2 il onlarla insanın haqqını qəsb etmək dünya miqyaslı iş adamına, azərbaycanlıya yaraşmaz! Köməkliyinizlə baş vermiş haqsızlığın aradan qaldırılacağına və onlarla zəhmətkeş insanın haqlarının ödənəcəyini ümid edərək əvvəlcədən təşəkkürümüzü bildiririk.
    Hörmətlə, haqları Fərhad Əhmədov tərəfindən qəsb edilmiş onlarla Azərbaycan vətəndaşı.

  2. 2017-ci ildən 2019-cu ilə qədər Göyçay və İsmayıllıdakı obyektlərində işçi işlədib pulunu 3 ildir verməyən Fərhad Əhmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.