Nizami Gəncəvi adına folklor ansamblının yaradılmasına böyük ehtiyac var

Abbasqulu NƏCƏFZADƏ

sənətşünaslıq elmləri doktoru, professor

a.najafzade@yahoo.com

 

Bilindiyi kimi, 2021-ci ildə Azərbaycanın dahi klassik şairi Nizami Gəncəvinin (1141–1209) anadan olmasının 880 illik yubileyi bir çox ölkədə təntənə ilə qeyd olundu.  Prezident İlham Əliyevin sərəncamı ilə  ötən il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilmişdi. Bu sərəncamın tələbləri çərçivəsində biz də  Nizami Gəncəvi yaradıcılığı ilə bağlı müxtəlif məqalələr hazırlayaraq beynəlxalq elmi konfrans və seminarlara qatıldıq.

“Nizami Gəncəvi yaradıcılığında musiqi alətləri” adlı tədqiqat kitabımız da, inşallah, yaxın günlərdə işıq üzü görəcək.

“Nizami Gəncəvi İli”ndə, yəni 2021-ci il dekabr ayının 29-u tərcümeyi-halıma qızıl hərflərlə yazılacaq xoş bir gün oldu. İlboyu fəaliyyətimə görə Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini cənab Elnur Əliyev mənə “Nizami Gəncəvi” xatirə nişanını və mədəniyyət naziri cənab Anar Kərimovun imzaladığı nişanın vəsiqəsini (№ I-264) təqdim etdi.

İndi isə “Nizami Gəncəvi yaradıcılığında musiqi alətləri” kitabı haqqında yığcam bilgi vermək istəyirəm. Xatırladaq ki, kitaba AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 16 dekabr 2021-ci il tarixli, 8 saylı iclasının qərarı ilə nəşr hüququ (qrif) verilmişdir.

Kitabda Azərbaycanın dahi şairi Nizami Gəncəvinin əsərlərində adıçəkilən 63 musiqi aləti ilk dəfə əhatəli şəkildə araşdırılmışdır. Bu alətlərin əksəriyyətini uzun illər toplayaraq şəxsi kolleksiyamda qoruyuram. Alətlərin böyük bir qismi – çəng, dairə, dəf, dümbək, dütar, xalxal, kaman, kamança, karanay, kasə, qanun, mey, nağara, nay, naqus, ney, rebab, rübab, setar, sinc, şaxşax, tar, tənbur, ud, zəng və s. günümüzədək gəlib çıxmışdır.

Onu da qeyd edim ki, Nizami Gəncəvi ilə bağlı musiqi alətləri kolleksiyamın sərgisi keçirib, bu barədə ATV-də süjet də gedib.

Abbasqulu Nəcəfzadənin şəxsi müsiqi alətləri kolleksiyası

Bərbəd, rud, çəng kimi alətlər sənətşünaslıq elmləri doktoru, professor Məcnun Kərimin (1945-2013) təşəbbüsü ilə bərpa edilmiş, hazırda onlardan Xalq artisti Munis Şərifovun rəhbərlik etdiyi “Qədim musiqi alətləri” ansamblında geniş istifadə olunur. Nizaminin adını çəkdiyi buq, burmalı boru, ərğənun (telli-mizrablı), musiqar, kos, küp, sur, surnay, şahrud isə təqdim etdiyimiz layihə əsasında müxtəlif ustalar (Məmmədəli Məmmədov, Musa Yaqubov, Habil Şahinoğlu, Məzahir Həsənov, Cavanşir Qasımov) tərəfindən bərpa olunmuş, onlara yeni həyat verilmişdir. Unudulmuş – dəhrud, əbrişəm, ərğan, xərmöhrə, xümbək, ruyine-xum, şaxşana, təbirə və s. kimi alətlərin isə eskizini Azərbaycan Rəssamlar İttifaqının üzvü Seyran Bədəloğlu işləmişdir. Bu alətlər də yaxın illərdə bərpa olunmaq şansı qazanacaq. Nizami Gəncəvi məsnəvilərində bir-birindən fərqlənən iki növ ərğənun alətindən bəhs edir: telli-mizrablı ərğənun və düyməli-körüklü nəfəs aləti. Qeyd edildiyi kmi, telli-mizrablı ərğənun artıq bərpa olunub. Nizaminin ərğənun adlandırdığı digər alət (düyməli-körüklü nəfəs aləti) də bərpa olunur, bununla bağlı hazırlıq işləri gedir. Əslində bu alət daha çox ərğan adı ilə tanınır. Ərğanın bərpa işinə Xalq artisti Ənvər Sadıqov rəhbərlik edir.

Günümüzədək aparılmış orqanoloji tərcümələri orijinal mətnlərlə müqayisə etdikdə böyük təhriflərin olduğu üzə çıxır. Monoqrafiyada həmin məqamlara ciddi diqqət yetirilmişdir.

Kitabda Nizaminin adını çəkdiyi alətlərin hər birinin yaranma tarixi, etimologiyası, morfologiyası, istifadə yerləri və s. xüsusiyyətlərindən söhbət açılır. Monoqrafiyanın sonuncu, V fəslində bildirilir:

Bir təklifimiz və arzumuz da vardır: Dahi şairin əsərlərində adıçəkilən alətlərdən ibarət Gəncədə “Nizami Gəncəvi” folklor ansamblının yaradılması!

Biz tez-tez konfranslarda, festivallarda başqa ölkələrdə dahi mütəfəkkirlərin adları ilə bağlı yaradılmış “Əl-Kindi” (Suriya), “Maraği” (İtaliya), “Əl-Fərabi” (Qazaxıstan) kimi folklor ansambllarının çıxışlarına rast gəlirik. Halbuki son iki dahi mütəfəkkir (Əbdülqadir Marağalı və Əbu-Nəsr Fərabi) genetik baxımdan türkün oğuz qoluna aid edilirlər. Əgər “Nizami Gəncəvi” adlı folklor ansamblı da başqa ölkələrdə yaradılarsa, bizə utanc olar. Bilindiyi kimi, bir çox millətlər Nizaminin türklüyünə şübhə ilə yanaşırlar və dahi şairi öz xalqlarının nümayəndəsi olduğunu düşünürlər. Odur ki, vaxt itirmədən Gəncədə “Nizami Gəncəvi” folklor ansamblı təşkil edilməlidir”.

Gəncədə ötən əsrin əvvəllərindən musiqi məktəbləri, musiqi texnikumu (indi kollec) fəaliyyət göstərməkdədir. Hər il bu məktəblərin məzunları daha mükəmməl bilgi əldə etmək üçün ölkəmizin musiqiyönümlü ali təhsil ocaqlarına üz tuturlar. Bir sözlə, Gəncədə böyük musiqiçi ordusu yaradılmışdır. Bu istedadlı gənclərdən yetərincə bəhrələnməliyik.

Gəncədə həmişə folklor musiqisinə böyük maraq göstərmişlər. Yadımdadır, İctimai TV-də “Yurd inciləri” verilişi hazırlayarkən Gəncədən tələbə dostum, istedadlı kamança ifaçısı Elman İsrafiloğlu zəng edib bildirdi ki, Gəncə Musiqi Kollecinin nəzdində qızlardan ibarət “Məhsəti” folklor ansamblı yaradıblar, lakin  şairə Məhsəti xanımın dövründəki musiqi alətlərini əldə etməkdə çətinlik çəkirlər. Mən kolleksiyamdakı alətlərdən bir neçəsini ona göndərib “Hələlik bu alətlərlə məşq edin, Sumqayıtda əslən Şuşadan olan el sənətkarı Habil Şahinoğlundan xahiş edərik, sizə həmin alətlərdən hazırlayar” demişdim.

Beləliklə,  Elman İsrafiloğlu gözəl bir folklor ansamblı yaratdı. Onlar 28 dekabr 2013-cü ildə İctimai TV-nin yeni ilə həsr edilmiş “Yurd inciləri” verilişinə dəvət aldılar. Xanəndə Ayişə Mehdiyeva “Məhsəti” folklor ansamblının müşayiəti ilə eyniadlı kompozisiya təqdim etdi. Burada Məhsəti xanımın çox sevdiyi və özünün də ifa etdiyi çəngi  Nurlana Mirzəyeva səsləndirdi, bu alətin fonunda şeir söylənildi və Ələkbər Tağıyevin bəstələdiyi “Azərbaycan” mahnısı ifa olundu. Çox təəssüf ki, sonralar bu gözəl kollektivə yetərincə qayğı göstərilmədiyindən ansambl fəaliyyətini dayandırdı.

Amma Elman İsrafiloğlunun rəhbərliyi ilə “Nizami Gəncəvi” folklor ansamblını yaratmaq olar. Elman müəllimdə çəng, Qoşqar rübabı, ərğənun kimi unikal alətlər vardır. Digər alətləri də asanlıqla əldə etmək mümkündür.


Folklor İnstitutunun “İrs” ansamblı

Ümumiyyətlə, ölkəmizdə folklor ansambllarına diqqət xeyli azalıb. Bir vaxtlar AzTV-nin nəzdində “Dastan” folklor ansamblı fəaliyyət göstərirdi. Eyni zamanda “İrs”, “Dügah”, “Tello” kimi folklor ansambllar da AzTV-də mütəmadi olaraq çıxış edirdilər. Təəssüf ki, bu kollektivlər də müəyyən səbəblərdən fəaliyyətlərini dayandırdılar.

“Nizami Gəncəvi” folklor ansamblının yaradılması şairin ruhunun şad olması deməkdir. Bu ansamblın hər dəfə tamaşaçılar qarşısında çıxışı Nizamisevərlərə böyük töhfə, dahi Nizamiyə isə xalqımızın verəcəyi ən yüksək dəyər olardı.

Məqalənin əvvəlində Nizami Gəncəvinin 880 illiyindən söz açmışdıq. Deməli, Nizamini yada salmaq üçün növbəti yubiley illərini gözləməliyik. Yaradılacaq “Nizami Gəncəvi” folklor ansamblının ifalarının hər gün müxtəlif teleməkanlarda, eləcə də radio dalğalarında səsləndirilməsi şairin daim qəlbimizdə yaşadılmasını təsdiqləmiş olardı. Bu məqamda ulu öndər Heydər Əliyevin dahi şairin yubileyləri haqqında söylədikləri yada düşür:

Nizami Gəncəvi elə bir böyük şəxsiyyətdir ki, onun yubileylərini nəinki beş-on ildən bir, hər il qeyd etmək lazımdır”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir