sənətşünaslıq elmləri doktoru, professor
a.najafzade@yahoo.com
Şamaxının demək olar ki, bütün kəndlərində muğam sənətinə böyük dəyər verirlər. Bəzi kəndlərdə isə (məsələn, Göylər, Cəyirli, Quşçu, Şıxzəyirli və s.) Bakının Nardaran kəndində olduğu kimi toya yalnız ustad xanəndələr dəvət olunur. Onlar da dəstgahları ixtisar etmədən tam şəkildə oxuyurlar. Çünki hər hansı şöbə və ya guşə ixtisar olunarsa, dərhal tələbkar dinləyicilər iradlarını bildirirlər, xanəndəni həmin muğamları da oxumağa məcbur edirlər.
Belə toylarda bəzən xanəndə müvafiq şöbə və ya guşəni oxumadıqda muğam biliciləri etiraz əlaməti olaraq məclisi tərk edirlər. Bu da həm toy sahibinə, həm də xanəndəyə təhqirdən başqa bir şey deyil.
Şamaxının muğam sənətinə tələbkarcasına yanaşan kəndlərindən biri də Göylərdir. Alimlə getdiyim növbəti toylardan biri də Göylər kəndində idi. Virtuoz tar ifaçısı, Xalq artisti, professor Möhlət Müslümov bir gün öncə Bərdəyə görkəmli xanəndə Səxavət Məmmədovla (1953–1991) toya getmişdi, səhərisi gün oradan Alim Qasımovu müşayiət etmək üçün Göylərə gəlmişdi. Qeyd edim ki, Möhlət müəllim araçalğılarda ifa etdiyi məqamlarda dinləyicilər onu sürəkli alqışlayırdılar.
Toy başlayan kimi, qonaqlar Alimdən “Şahnaz” oxumağı xahiş etdilər. Alim tamadaya bildirdi: ” “Şahnaz” elə muğamdır ki, “Qatar” kimi birbaşa zildən başlayır. İcazə ver hələlik başqa bir muğam oxuyum, boğazım bir az qızışsın, özünə gəlsin, sonra “Şahnaz”ı oxuyaram”.
Tamada da inadkarlıq edib dedi:“Başqa muğam olmaz, mütləq indi “Şahnaz”oxumalısan, sifariş verən qonaq tələsir, qulaq asıb tez getməlidir”.
Alim naəlac qalıb, kefsiz halda bizə: “Dəramədi başlayın”, – dedi. Və dodaqaltı deyinirdi: “Toylarla, deyəsən, birdəfəlik xudahafizləşəcəyəm, adama bu qədər zülm etməzlər ki”. Belə hallar Alimin müxtəlif bölgələrdə idarə etdiyi toylarda tez-tez baş verirdi.
Əslində, Alim həmin illərdə hər gün toya getmirdi, yəni dalbadal üç gündən artıq oxumurdu, səsini qoruyur, Allahın ona bəxş etdiyi bu qiymətli əmanəti pula satmırdı. Özünün “yalançı” bir siyahısı vardı, təqvimdə istirahət üçün nəzərdə tutduğu günləri qaralayıb həmin günlərdə toy etmək istəyən müştəriyə də göstərib deyirdi ki, sifarişi var. Beləliklə, toyu özü istədiyi günə keçirirdi. Hər kəs də elə bilirdi ki, Alim ayın bütün günlərində toylarda oxuyur.
Ona görə Alimin səsi cavanlıq vaxtlarındakı kimi öz təravətini bu gün də qoruyub saxlamışdır. O, başqa ziyanlı vərdişlərdən də həmişə çəkinmiş, səsini qorumuşdur. Soyuq su içmir, yağlı yeməklərdən qaçır, yuxusuz qalmır, təbii ki, bir təqvalı şəxs kimi spirtli içkilərdən də uzaq durur. Bütün bunlar Alimin səsini qorumuşdur, əslində, hər xanəndə belə etməlidir.
Allah-taalanın verdiyi bu nemət təkcə hər hansı xanəndənin deyil, xalqın ümumi sərvətidir.
Eşq olsun əmanətə xəyanət etməyən, səsini bu cür qoruyan xanəndələrə, o cümlədən Alim Qasımova!