Uçub gedib

Abbasqulu NƏCƏFZADƏ

sənətşünaslıq elmləri doktoru, professor

a.najafzade@yahoo.com

 

Bir gün yenə Alim Qasımovla birgə toyda idik. Toya gəlib əyləşən kimi “Şüştər” dəstgahını oxumağı sifariş verdilər.

Adətən, xanəndələr toyda açılış etdikdə “Mirzə Hüseyn segahı” və yaxud “Rast”, “Şur” kimi dəstgahlara üstünlük verirlər, çünki bu muğamların “Bərdaşt”ı digərləri ilə müqayisədə xanəndələrin dili ilə desək, “yumşaq pərdə”yə düşür. Yəni “Mirzə Hüseyn segahı”nın “Bərdaşt”ı olan “Manəndi-Müxalif”in istinad pərdəsi I oktavanın “fa” (fortepianoya görə I oktavanın “mi”) səsidir.

Digər muğamların (“Rast” və “Şur”un) “Bərdaşt”ları isə I oktavanın “sol” (fortepianoya görə I oktavanın “fa” diyez) səsində oxunur. Amma “Çahargah”, “Xaric segah”, “Qatar”, “Şahnaz”, “Şüştər” kimi muğamlar ifa olunduqda daha zil səsləri – II oktavanın pərdələrini əhatə edir.

Alim tarçalan Xalq artisti, professor Firuz Əliyevə dedi ki, “Şüştər” dəstgahını “Əmiri” ilə başlayacaq, elə dəraməd çalsın ki, oxuyacağı şöbəyə uyğun gəlsin. Firuz müəllim də, deyəsən, Alimin dediklərini eşitmədi və oynaq, 6/8 ölçüdə olan bir diringi ifa etdi. Alim qaval çala-çala, şirin Şirvan ləhcəsində deyindi:

Qadoyu alım, sən nə çalırsan, dedim axı “Əmiri” oxuyacağam”.

Diringi bitən kimi Alim elə bir təsnif oxudu ki, bu melodiyanı mən də, Firuz müəllim də ilk dəfə eşidirdik.

Alimin oxuduğu təsnif sanki bu diringi üçün bəstələnmişdi. İstənilən “Şüştər” rəngindən sonra bu təsnifi oxuyub tamamladıqda onun sonluğu “Əmiri”yə gedib çıxır, səslənmə də qulağa konsonans (fransızca consonance), yəni ahəngdar, xoşagələn olur.

Sonralar Alimdən həmin təsnifi kimin ifa etdiyini və kimdən öyrəndiyini soruşduqda cavab verdi:

Meyxanaçılar kimi hərdən məndə də bədahətən nə isə yeni bir melodiya gəlir, ekspromt olaraq oxuyub belə məqamlarda vəziyyətdən çıxıram.

Həmin melodiya lentə alınırsa, sonradan qulaq asıb özümünküləşdirirəm. Əgər lentə alınmasa, deməli, həmin melodiya “uçub gedir”, unudulur. Dediyin həmin təsnif də bu səbəbdən “uçub gedib”.


Abbasqulu Nəcəfzadə: XI məqalə

Gənc rejissor Xəyyam Aslanın toyunun sərgüzəştləri

Abbasqulu Nəcəfzadə: X məqalə

Afərin belə dinləyiciyə!

Abbasqulu Nəcəfzadə: IX məqalə

Göylər kəndi heç də Nardarandan geri qalmır

Abbasqulu Nəcəfzadə: VIII məqalə

Habil Əliyev: “Xanəndə olsaydım, Alim kimi oxuyardım”

Abbasqulu Nəcəfzadə: VII məqalə

Alim Qasımov Hacı kimi

Abbasqulu Nəcəfzadə: VI məqalə

Məhəllədə ad günü

Abbasqulu Nəcəfzadə: V məqalə

Yaponiya xatirəsi

Abbasqulu Nəcəfzadə: IV məqalə

Alim üçün qurban kəsildi

Abbasqulu Nəcəfzadə: III məqalə

Alimin uğurları…

Abbasqulu Nəcəfzadə: II məqalə

Düşüncə və xatirələr: Kişi sözü…

Abbasqulu Nəcəfzadə: I məqalə

Alim Qasımov – 65-ə doğru…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir